"Ermənistanla Azərbaycan arasında yeni eskalasiya və yeni müharibə olmayacaq, sülh olacaq".
"Unikal" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə 2024-cü il büdcəsinin icrasının müzakirəsi zamanı deyib.
Baş nazir qeyd edib ki, Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü, suverenliyini, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını və güc tətbiqinin yolverilməzliyini tanıyıb: "Üstəlik, bu, təkcə siyasi deyil, həm də hüquqi müstəvidədir. İstər Ermənistan, istərsə də Azərbaycan mahiyyətcə Alma-Ata Bəyannaməsini ümumilikdə münasibətlərin tənzimlənməsi üçün əsas prinsipə çeviriblər. Və həmin bəyannamədə sovet respublikalarının sərhədlərinin toxunulmazlığı, bir-birinin ərazi bütövlüyünün tanınması, daxili işlərə qarışmamaq, güc tətbiq etməmək və güc tətbiq etməklə hədələmək əsas prinsiplərdir".
Paşinan Ermənistan və Azərbaycanda fəaliyyət göstərən bütün qüvvələri son dərəcə məsuliyyətli olmağa, bu məntiqə birbaşa və ya dolayısı ilə zidd olan bəyanatlar verməməyə, bu məntiqi şübhə altına almamağa çağırış edib: "Rəsmi olaraq bəyan edirəm ki, Ermənistan hökuməti birbaşa və ya dolayısı ilə bu məntiqə zidd və ya bu məntiqi şübhə altına alan bəyanat və hərəkətlər etməyəcək. Mən Azərbaycan hökumətini də bu məntiqə birbaşa və ya dolayısı ilə zidd olan və ya bu məntiqi şübhə altına alan bəyanat və hərəkətlərdən çəkinməyə çağırıram".
O vurğulayıb ki, Ermənistan və Azərbaycan sülhün və dövlətlərarası münasibətlərin yaradılmasına dair saziş layihəsi üzrə razılığa gəliblər və saziş layihəsi üzrə danışıqları başa çatdırıblar: "Aprelin 15-də verdiyim hesabatda göstərdiyim kimi, sazişin imzalanmasına heç bir maneə yoxdur. Sazişin mətni razılaşdırılıb. Ermənistan-Azərbaycan eskalasiyasını və müharibəsini unudun. Biz birlikdə Cənubi Qafqazın tarixində yeni səhifə açmalıyıq".
Ağarza Elçinoğlu