Ağ Ev hazırkı müdafiə naziri Pit Heqsetlə bağlı bir sıra qalmaqallar fonunda Pentaqona başçılıq edəcək namizəd axtarışına başlayıb.

"Unikal" xəbər verir ki, bu barədə NPR radiostansiyası adı açıqlanmayan amerikalı məmura istinadən məlumat yayıb.

"Son həftələrdə Heqsetin dörd baş məsləhətçisi qəflətən vəzifədən getdi, bəziləri məlumat sızdırmaqda günahlandırıldı. Onların hamısı Müdafiə Nazirliyi daxilində daxili mübarizəni nəzərdə tutan açıq bəyanatlar verdilər", - məlumatda deyilir.

Qeyd edək ki, martın 15-də Pentaqon rəhbəri Pit Heqset məxfi məlumatı messencer vasitəsilə həyat yoldaşı ilə paylaşıb. 

Heqset xanımına Yəmən husilərinin mövqelərinə zərbələr endirən F/A-18 Hornet qırıcılarının uçuş cədvəlini göndərib.

Bununla yanaşı  müdafiə nazirinin şəxsi telefonundan keçirilən “komandanın iclası” söhbətində onun həyat yoldaşı, qardaşı, vəkili və iki keçmiş məmur da daxil olmaqla 10-a yaxın adam iştirak edib.