Türkiyə Respublikasında Mərmərə dənizində bu gün Türkiyə vaxtı ilə saat 12:49-da qeydə alınan maqnitudası 6.2 olan güclü zəlzələdən sonra ərazidə afterşokların qeydə alınması davam edir.

Bu barədə "Unikal"a Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin mətbuat xidmətinin rəhbəri Vüsalə Rafiqqızı deyib.

Qeyd edilib ki, hazırda AMEA nəzdində RSXM-nin Zəlzələlərin Tədqiqatı bürosu tərəfindən qardaş ölkədə, zəlzələ bölgəsindəki vəziyyətin monitorinqi davam etdirilir və bölgədə afterşoklar qeydə alınır.

Qeydə alınan təkanlar arasında maqnitudası 3-dən yuxarı olan təkanlarla yanaşı, zəif maqnitudalı təkanlar da var. Hazırda monitorinq davam etdirilir və afterşokların zəlzələ bölgəsində zəlzələ ocağı sönənə qədər müəyyən bir müddət davam edəcəyi ehtimal edilir.