Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, David İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası aprelin 28-də davam etdirilib.

"Unikal" xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.

İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

Əvvəlcə Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimli tərəfindən Şuşa rayonunun Malıbəyli və Quşçular kəndlərinin yandırılmasını, aramsız atəşə tutulmasını əks etdirən videomaterial nümayiş olunub.

Nümayiş etdirilən növbəti videomateriallar Şuşa rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalı barədə olub.

Dəlillərdən biri Şuşanın işğalı əməliyyatına rəhbərlik etmiş “Komandos” ləqəbli general-mayor Arkadi Ter-Tadevosyanın işğal prosesi və orada iştirak etmiş şəxslər barədə çıxışlarının əks olunduğu videomateriallardan hissələr olub. Videomaterialda, həmçinin Şuşanın işğalına hərtərəfli hazırlıqdan bəhs edilib. Vurğulanıb ki, Şuşanın işğalına dair plana Vazgen Sarkisyan (Ermənistanın birinci müdafiə naziri – red.) razılıq verib. Döyüş əmri isə Seyran Ohanyan tərəfindən hazırlanıb.

“Şuşanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi planı çox məxfi şəraitdə Vazgen Sarkisyan, Arkadi Ter-Tadovasyan, Felek Kızoryan, eləcə də digər komandirlərin iştirakı ilə hazırlanıb. “Döyüş əmri Seyran Ohanyan tərəfindən hazırlanmışdı”, - deyə kadrlarda bildirilir. Vurğulanıb ki, əslində, əməliyyat aprelin 24-də keçirilməli imiş. Lakin silah təminatı və digər səbəblərdən bu, təxirə salınıb.

Dövlət ittihamını müdafiə edən prokurorlar deyiblər ki, tədqiq olunan bu və digər faktlar Şuşanın işğalına Ermənistan siyasi-hərbi rəhbərliyinin göstəriş verdiyini sübuta yetirir.

Məhkəmədə nümayiş olunan digər videomateriallarda dörd istiqamət üzrə Şuşanın işğalına rəhbərlik edən şəxslərin - Samvel Babayan, Seyran Ohanyan, Valeri Çiçyan, Arkadi Karapetyanın adları çəkilir. Ermənilərin hazırladıqları videomaterialda vurğulanır ki, hücum əməliyyatının məqsədi işğalla yanaşı, həm də Şuşanın “yeriyən həşəratlardan təmizlənməsi” olub (azərbaycanlılar nəzərdə tutulub).

Ardınca Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın Şuşa rayonunun işğalı ilə bağlı qeydlərinin yer aldığı videomaterial tədqiq edilib.

S.Sarkisyan Şuşa əməliyyatının əhəmiyyətinin çox böyük olduğunu bildirərək deyib: “Bu əməliyyatın əhəmiyyəti o qədər böyük idi ki, orada Robert Köçəryan özü iştirak edirdi”.

Məhkəmədə Ermənistan silahlı qüvvələrinin general-polkovniki, ovaxtkı baş qərargah rəisi Qurgen Dalibaltayanın (1926-2015) çıxışları yer almış videomaterial da nümayiş etdirilib.

Q.Dalibaltayan bildirib ki, Şuşa əməliyyatının işlənməsində, hazırlanmasında və həyata keçirilməsində Robert Köçəryan və Serj Sarkisyan (Ermənistanın keçmiş prezidentləri – red.) iştirak ediblər. O vurğulayıb ki, Şuşanın işğalı edilməsinin əhəmiyyəti çox böyük idi.

Videomateriallarda qeyd edilib ki, Şuşaya hücum əməliyyatında Q.Dalibaltayanın çox böyük rolu olub.

Bundan sonra təqdirləndirilən şəxslərin bəzilərinə nümayiş olunan videomateriallarla bağlı dövlət ittihamını müdafiə edən prokurorlar, zərərçəkmiş şəxslərin nümayəndələri və müdafiəçilər tərəfindən suallar verilib.

Təqsirləndirilən Arkadi Qukasyan Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarına cavabda deyib ki, 1990-cı ilədək “Sovet Qarabağı” qəzetində işləyib. 1992-ci ilin sonunda qondarma rejimin “baş nazirinin” siyasi məsələlər üzrə “müşaviri” təyin olunub.

O, dövlət ittihamçısı Vüsal Abdullayevin sualına cavabında Şuşanın işğalı zamanı azərbaycanlılara qarşı törədilən vəhşilklərdən xəbərsiz olduğunu söyləyib.

Arkadi Qukasyan dövlət ittihamçısı Fuad Musayevin “Ermənistanın müdafiə naziri Vazgen Sarkisyanın 1999-cu ildə qondarma rejimin “qəhrəmanı” medalı ilə təltif edilməsi sizin tərəfinizdən olub?” sualına “Bəli” cavabını verib. O, həmçinin Vazgen Sarkisyanı da qondama rejimin “Qızıl qartal” ordeni ilə təltif etdiyini bildirib. “Bu, hansı məqsədlə edilmişdi” sualına cavabda isə deyib ki, həmin vaxt qondarma rejimin təhlükəsizliyini Ermənistan öz üzərinə götürmüşdü. O, Şuşanın işğalı zamanı Ermənistanın baş qərargah rəisi olmuş Qurgen Dalibaltayanı da sonradan “Döyüş ordeni” ilə təltif etdiyini diqqətə çatdırıb.

Bundan sonra iclasda Şuşanın işğalından sonra çəkilən və Arkadi Qukasyanın da olduğu foto nümayiş etdirilib.

Təqsirləndirilən şəxs dövlət ittihamçısı Təranə Məmmədovanın suallarına cavabında həmin fotonun Şuşanın işğalından sonra oraya səfər edərkən çəkildiyini, fotoda yanında dayanmış şəxslərin Zori Balayan və Oleq Yesayan olduğunu bildirib.

Bundan sonra A.Qukasyan Vazgen Sarkisyana qondarma rejimin “qəhrəmanı” medalının verilməsi barədə “sərəncam” imzaladığını qeyd edib və deyib: “O, Ermənistanın müdafiə naziri idi”.

O, Azərbaycan ərazilərinin işğalında iştirak etmiş Seyran Ohanyana, Valeri Çitçyana və digərlərinə də müxtəlif “orden” və “medal”lar verdiyini etiraf edib.

Daha sonra təqdirləndirilən şəxs Bako Sahakyan Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun suallarını cavablandırıb. O, Vilen Mikaeliyanın rəhbəri olduğu dəstənin Şuşanın işğalında iştirak etdiyini, özünün də həmin dəstədə olduğunu etiraf edərək vurğulayıb: “Bu, şərq istiqaməti idi. Mən bilirəm ki, həmin istiqamətin komandiri Arkadi Karapetyan idi”.

O, həmin vaxt sərəncamında AKM markalı avtomat olduğunu, lakin heç kimə atəş açmadığını deyib.

B.Sahakyan Şuşanın işğal olunması əməliyyatına rəhbərliyi Vazgen Sarkisyan, Arkadi Ter-Tadevosyan, Seyran Ohanyan və digərlərinin etdiyini deyib və bildirib. “Onlar özləri dəfələrlə deyiblər ki, Şuşa əməliyyatında kimlər və necə iştirak edib. Mən ona görə deyirəm ki, burada məxfi hissə yoxdur. Onların hətta böyük hissəsi mətbuatın məhsullarına öz etirazlarını bildirirdilər ki, Şuşadakı fəaliyyətləri tamamilə əks olunmayıb. Həmin dövrdə mən onlardan hansısa biri ilə tanış ola bilməzdim. Amma əvvəldə dediyim kimi, sonradan onların hər biri ilə tanış olmuşam”.

O, həmçinin A.Ter-Tadevosyanın fəaliyyətini yüksək qiymətləndirdiyini, ona qondarma rejimin “qəhrəmanı” adını verdiyini bildirib.

Məhkəmənin növbəti iclası mayın 1-nə təyin olunub.

Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə erməniəsilli 15 təqsirləndirilən şəxs ittiham edilir.

Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan David Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.