“Ipsos” Beynəlxalq marketinq araşdırması şirkəti tərəfindən aparılan sorğuya əsasən, isveçlilərin demək olar ki, 70 faizi ABŞ-ın ticarət siyasətinə cavab olaraq bu ölkənin mallarının alışını azaltmaq və ya tamamilə dayandırmaq niyyətindədir.

"Unikal" xəbər verir ki, prezident Donald Trampın yüksək tariflərin tətbiqi təşəbbüsünün səbəb olduğu ticarət münasibətlərin kəskinləşməsi isveçlilərdə şəxsi rifahla bağlı narahatlığa səbəb olub.

Son aylarda rifahının yaxşılaşacağını gözləyənlərin sayı 35 faizdən 25 faizə enib, pessimistlərin sayı isə əksinə, 33 faizə çatıb. Qadınlar və 45 yaşdan yuxarı insanlar daha çox Amerika mallarına etiraz edirlər.

“İsveç Demokratları” ifrat sağçı millətçi partiyasının seçiciləri xüsusilə seçilir - onların yarısı ABŞ-dan gələn məhsulları boykot etməyə hazırdır.

İsveçlilər ümumiyyətlə ticarət tariflərinə mənfi yanaşırlar, lakin onların 60 faizi Aİ-nin oxşar tədbirlərlə cavab verməli olduğunu hesab edir. Cəmi 12 faiz cavab tədbirlərinin əleyhinə çıxış edir. “İctimai rəy isveçlilərin sərt cavab verməyə hazır olduğunu açıq şəkildə ortaya qoyur”, - deyə “Ipsos”un analitiki Niklas Şellebrinq qeyd edib.