Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının və Nizami Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində rayon ictimaiyyətinin iştirakı ilə “Ümummilli Lider Heydər Əliyev – tarix yazan və yaradan Dahi Şəxsiyyət” mövzusunda konfrans keçirilib.

"Unikal" xəbər verir ki, əvvəlcə konfrans iştirakçıları Ümummilli Lider Heydər Əliyevin büstü önünə əklil və güllər qoyaraq əziz xatirəsini dərin ehtiramla yad edib, Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotosərgi ilə tanış olublar.

Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən videofilm nümayiş olunub.

Konfransda Azərbaycan Respublikası Milli Məclis sədrinin birinci müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının sədr müavini Sədaqət Qəhrəmanova və Milli Məclisin deputatı Könül Nurullayeva çıxış ediblər.

Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir.

Heydər Əliyevin 34 illik fəaliyyəti tariximizin şanlı səhifəsi, Azərbaycanın inkişaf və tərəqqi salnaməsi, hər anı böyük uğurlar və nailiyyətlərlə ölçülən təkrarolunmaz siyasi məktəbdir. Ümummilli Lider Heydər Əliyev Azərbaycanın ən yeni tarixini yazdı, müstəqil Azərbaycan dövləti qısa zaman kəsiyində dünyanın ən sürətlə inkişaf edən dövlətinə çevrildi. Bu möcüzənin yaradıcısı olan bütün dövrlərin ən böyük Azərbaycanlısı öz xalqının xoşbəxtliyi və firavanlığı uğrunda ömrünün son anlarına qədər yorulmadan çalışdı. Bu müqəddəs mübarizədən şərəflə qalib ayrılan Ulu Öndər xalqının Ümummilli Lideri olaraq hər bir azərbaycanlının qəlbində Heydər Əliyev ölməzliyini yaratdı.

Tarix yazan və yaradan Dahi Şəxsiyyətin, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaqdır. Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Hələ sağlığında millətin məhəbbətini qazanmış Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi olaraq yaşayacaqdır.

Xüsusilə vurğulanıb ki, bu gün Ulu Öndər Heydər Əliyevin müdrik siyasi kursunu çox uğurla davam etdirən Prezident İlham Əliyevin yüksək intellekti,  uzaqgörən siyasəti və fədakar fəaliyyəti sayəsində Azərbaycan özünün ən qüdrətli və inkişaf etmiş dövrünü yaşayır. Qalib və nüfuzlu dövlət kimi öz sözünü deyən Azərbaycan dünyaya günəş kimi parlayır və beynəlxalq arenada yeni zirvələrə doğru mətin addımlarla irəliləyir.