İmişlidə 9 may tədbirləri zamanı SSRİ bayrağı qaldıran rayon Ağsaqqallar Şurasının sədri (13.05.2025 tarixində vəzifəsindən azad edilib - red.) Saleh Səmədovla bağlı bir sıra faktlar üzə çıxıb.
"Unikal"ın əldə etdiyi məlumata görə, Saleh Səmədovun İmişlidə "Kral Saray" adlı şadlıq sarayı, "Kral" çay evləri şəbəkəsi, uşaq baxçası, çörək sexi, spirt-şirə zavodu, hipermarketi, kolbasa sexi, mal-qara və donuz ferması, eləcə də 20 hektar ərazini əhatə edən istilikxanası var.
Əvvəllər 90 AA 679 nömrəli "Rolls-Royce" ilə hərəkət edən iş adamının paytaxtda da çoxsaylı villaları, market, restoranları və tikinti şirkətinin olduğu deyilir.
Maraqlısı budur ki, 1962-ci ildə anadan olan S.Səmədov ali təhsilini 30 yaşından sonra almağa qərar verib. O, 1997-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu, 2001-ci ildə isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib. Görünür, sonradan ali təhsil almaq qərarı birdən-birə fəhləçilikdən varlanmağa gedən yolda Saleh Səmədovun vəzifə tuta bilməsi üçün əsas şərt olub.
Həqiqətən də orta məktəbi bitirdikdən sonra (1981) İmişli rayon Yol İstehsalat idarəsində fəhlə kimi işləyən Saleh Səmədova çox keçmədən İmişli rayon Rabitə və İşarəvermə stansiyasında anbar müdiri kimi məsul vəzifə həvalə edilir. Bu müddət ərzində müxtəlif qurum və şirkətlərdə direkor, baş direktor işləyən S.Səmədov 2002-ci ildə İmişli rayon "Araz" MMC-ni təsis edir. 2010-2011-ci illərdə İmişli rayon İcra Hakimiyyətində Başçının sosial-iqtisadi məsələlər üzrə müavini, 2011-2013-cü illərdə "Xan-Araz" MMC-də prezident, 2013-2018-ci illərdə Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və patent üzrə Dövlət Komitəsi Regional Ərazi idarəsində rəis, 2018-2020-ci illərdə Azərbaycan Metrologiya İnstitutunda baş direktor, 2020-2021-ci illərdə "Azər-S-Test" MMC-də direktor vəzifələrində işləyib.
2024-cü ilin aprel ayının sonlarında İmişli Rayon Ağsaqqallar Şurasının inzibati binasında təşkilatın seçki konfransı keçirilib. İmişli Rayon Ağsaqqallar Şurasının sədri Ramiz Əmirovun istefa təklifi səsə qoyulub və qəbul edilib. Daha sonra İmişli Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü Saleh Səmədovun təşkilatın sədri vəzifəsinə namizədliyi irəli sürülüb və o, Şuranın sədri seçilib.
Daha bir diqqət çəkən məqam odur ki, 2024-cü ilin əvvəlində İmişli Rayon Ağsaqqallar Şurasının inzibati binasında Sovet dönəmini simvolizə edən əşyalar olmayıb. Saleh Səmədovun sədr seçilməsindən sonra isə onun və digərlərinin otağında SSRİ liderlərindən biri olan İosif Stalinin büstü və SSRİ bayraqları nəzərə çarpır. Bu da onun Qələbə günü ilə bağlı çıxışında sinəsinə "Georgi lenti"ni heç də təsadüfən taxmadığından xəbər verir.
Həmçinin araşdırmamız zamanı məlum olub ki, Sarıxanlı kəndində 9 May Qələbə günü tədbiri zamanı Böyük Vətən müharibəsi xatirə kompleksinin üzərində qaldırılan SSRİ bayrağından orada çox sayda olub. Bayraqlar isə S.Səmədovun açıqladığı kimi hansısa yerdən alınmayıb, əksinə, birbaşa onun göstərişi ilə tikilib.
Ruspərəst mövqeyi ilə seçilən iş adamı İmişli Rayon Ağsaqqallar Şurasının Moskvada ərazi təşkilatını da təsis edib.
Saleh Səmədovun qardaşları ilə bağlı bəzi maraqlı faktlar da üzə çıxıb. Belə ki, sabiq sədrin qardaşı Atababa Səmədov 2018-ci ildə dələduzluğa görə həbs edilib. A.Səmədov ayrı-ayrı şəxslərə müxtəlif vaxtlarda ümumi məbləği 320 min ABŞ dolları miqdarında pul atıb. O, aldatdığı şəxslərə aldığı pulların müqabilində tikinti materialları gətirəcəyinə söz verib. Daha sonra onun barəsində həbs qətimkan tədbiri seçilib.
Saleh Səmədovun kiçik qardaşı Sahib Səmədov isə işində yol verdiyi nöqsanlara görə işdən çıxarılmışdı.
Qeyd edək ki, Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin 13 may 2025-ci il tarixli məlumatında bildirilib ki, S.Səmədov İdarə Heyəti Şuranın adına ləkə gətirən hərəkətlərə yol verib, Azərbaycan Ağsaqqallar Şurasının Nizamnamə tələblərini kobud şəkildə pozub. Buna görə də o, İmişli Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib və Azərbaycan Ağsaqqallar Şurasının üzvlüyündən çıxarılıb.
Ağarza Elçinoğlu