Bakı Mühəndislik Universitetinin (BMU) rektoru Yaqub Piriyev universitetin Bədii yaradıcılıq bölməsi özfəaliyyət kollektivlərinin fəal üzvləri olan tələbələrlə görüşüb.
"Unikal" xəbər verir ki, görüşdə rektor BMU-nun müxtəlif ixtisaslarında təhsil alan tələbələrə universitetin ictimai, sosial və mədəni tədbirlərində fəallıqlarına, eyni zamanda ali məktəblər arasında təşkil olunan yaradıcı layihələrdə iştiraklarına görə təşəkkürünü bildirib. Gənclərin təhsil aldıqları ali məktəbdə təkcə bilik və texnoloji bacarıqları deyil, eyni zamanda istedadları ilə önə çıxmasını təqdirəlayiq hal kimi qiymətləndirən rektor universitetdə hər bir tələbənin yaradıcı potensialının üzə çıxarılması üçün mövcud imkanları vurğulayıb.
Yaqub Piriyev xalqımızın mədəni irsinin qorunması və təbliğində gənclərin üzərinə düşən vəzifələrdən danışıb, eyni zamanda onların hərtərəfli inkişafı üçün dövlət tərəfindən göstərilən dəstək və qayğını, həyata keçirilən tədbirləri diqqətə çatdırıb. Bildirib ki, ölkəmizdə istedadlı gənclərin üzə çıxarılması, onların intellektual potensialının təmin edilməsi, milli maraqlara uyğun güclü kadr siyasətinin formalaşdırılmasının təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub və bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Görüşdə rektor BMU-da istedadlı, yaradıcı gənclərin aşkar olunması, onların qabiliyyətlərinin daha da inkişaf etdirilməsi ilə bağlı görüləcək işlərdən də danışıb.
Tələbələrin qayğıları, o cümlədən yay imtahanlarına hazırlıqları ilə maraqlanan Yaqub Piriyev onlara təhsil, karyera ilə bağlı bir sıra tövsiyələr verib və hər birinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Sonda universitetin ictimai-mədəni həyatında fəallığı ilə seçilən BMU tələbələrinə fəxri fərmanlar təqdim olunub.