San-Fransiskodakı Kaliforniya Universitetinin alimləri müəyyən ediblər ki, uşaqlar sosial şəbəkələrdə nə qədər çox vaxt keçirirlərsə, onların depressiya əlamətləri bir o qədər şiddətlənir.

"Unikal" xarici mediaya istinadən xəbər verir ki, orta hesabla, üç il ərzində sosial mediadan istifadə edən 9-13 yaş arası uşaqların ekranda vaxt keçirməsi gündə 7 dəqiqədən 73 dəqiqəyə yüksəlib, depressiya əlamətlərinin səviyyəsi isə 35% artıb. Tədqiqata 12.000-ə yaxın uşağın məlumatları daxil edilib və hər bir iştirakçıda dəyişiklikləri fərdi şəkildə izləməyə imkan verən mövzudaxili yanaşmadan istifadə olunub.

Pediatr və layihənin rəhbəri doktor Ceyson Naqata bildirib ki, bu araşdırma sosial medianın uşaqlarda depressiyanın inkişafına töhfə verə biləcəyinə dair birbaşa sübutlar təqdim edir.

O, mümkün səbəblər kimi kiberbullinq, yuxu pozğunluğu və rəqəmsal mühitin digər mənfi təsirlərini göstərib.

Amerika Pediatriya Akademiyası valideynlərə və uşaqlara sağlam rəqəmsal vərdişlər inkişaf etdirməyə kömək edən bir vasitə olan ailə media planından istifadə etməyi tövsiyə edir.

"Uşağa sadəcə "telefonu kənara qoy" demək nəticə verməyəcək. Onlayn vaxt haqqında açıq və dəstəkləyici söhbətlər etmək və xüsusilə yemək vaxtı və yatmazdan əvvəl ekransız ailə gecələri keçirməklə nümunə göstərmək vacibdir", - deyə Naqata qeyd edib.

Tədqiqatçılar rəqəmsal məkana şüurlu və məsuliyyətli münasibətin uşaqların psixi sağlamlığını və rifahını qorumağın yolu olduğunu vurğulayırlar.