"İran-İsrail müharibəsinin Cənubi Qafqaza təsiri onun nəticələrindən asılı olacaq. Hazırda demək olar ki, müharibənin necə bitməsindən asılı olmayaraq, İran hərbi-siyasi baxımdan çox zəifləyəcək".

Bunu "Unikal"a açıqlamasında politoloq Fərhad Məmmədov deyib. O bildirib ki, hətta hakimiyyət qalsa belə müharibənin gedişatı İranı hərbi infrastruktur baxımından çox geriyə atıb:

"Bunu birmənalı şəkildə demək olar ki, İranın Cənubi Qafqazda mövqeyi zəifləyəcək. Digər məqam odur ki, Cənubi Qafqazda proseslər kifayət qədər avtonom inkişaf edir. Yəni, Azərbaycan-Ermənistan prosesi ikitərəflidir. Azərbaycan-Gürcüstan və Ermənistan-Gürcüstan münasibətləri də ikitərəflidir. Bir müddət əvvəl müəyyən dərəcədə regional formatın yaranmasına cəhdlər göstərilib, xarici işlər nazirlərinin müavinləri səviyyəsində görüş keçirilmişdi. Yəni, bu avtonomluq olduğu halda deyə bilərik ki, müharibə həmsərhəd ölkədə olduğu təqdirdə ən azı hərbi-siyasi baxımdan regional proseslərə minimum təsir göstərir. 

Digər tərəfdən, İranla bağlı olan iqtisadi layihələrdir. Ən əsas Azərbaycan və Ermənistanda bu var. Nəqliyyat Azərbaycanda güclüdür, enerji və logistika komponenti Ermənistanda mövcuddur. Bu, mənfi təsir göstərir və göstərəcək. Müharibənin necə bitməsindən asılı olmayaraq, bu iki istiqaməti qeyd edə bilərik. Amma əsas təsirlər müharibənin necə bitməsindən asılı olacaq".

Anar Kəlbiyev