Bakı Mühəndislik Universitetində (BMU) 2024/2025-ci tədris ili üzrə “Məzun günü” keçirilib. Universitet rəhbərliyi, dövlət rəsmiləri, məzun və valideynlərin qatıldığı buraxılış mərasimi Ulu Öndər Heydər Əliyev və şəhidlərimizin əziz xatirəsinin birdəqiqəlik sükutla yad edilməsi, ardınca Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. 

"Unikal" xəbər verir ki, açılış nitqində məzunlara ən səmimi təbriklərini çatdıran universitetin rektoru Yaqub Piriyev buraxılış mərasimini bilik, zəhmət və əzmkarlıqla dolu illərin bəhrəsi kimi qiymətləndirib. Rektor bildirib ki, məzunların qarşısında karyera dövrü, özlərini reallaşdıra biləcəkləri iş yerləri və geniş hədəflər dayanır. BMU-da əldə olunan bilik və təcrübənin məzunları doğru yola aparacağını vurğulayan rektor Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin təhsilə göstərdiyi diqqətdən danışıb, dövlət proqramları əsasında nüfuzlu xarici universitetlərə təhsil almağa gedən gənclərin sırasında BMU məzunlarının da olacağına əminliyini ifadə edib. 

Ali məktəbin inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi və artan nüfuzundan bəhs edən Yaqub Piriyev bu günlərdə açıqlanan “QS 2026 dünyanın ən yaxşı universitetlərinin reytinqi” siyahısında BMU-nun dünya üzrə ilk TOP minlikdə yer alan Azərbaycanın 6 universitetindən biri olmasını qürurverici fakt kimi önə çəkib. Rektor builki qəbul planında olan yenilikləri- yeni ixtisasların açılması və Çinin Pekin Kimya Texnologiyaları Universiteti ilə birgə 3 ixtisas üzrə ikili diplom proqramı çərçivəsində kadr hazırlığına başlanılmasını, eləcə də bu ildən universitetdə tədris olunan 6 ixtisas üzrə beynəlxalq akkreditasiyanın aparılmasını BMU-nun inkişafının bariz göstəricisi kimi xarakterizə edib. Ali təhsil ocağının rəhbəri bu il universitetdən ümumilikdə 1191 tələbənin məzun olduğunu nəzərə çatdırıb, həmçinin müvafiq statistik göstəricilərə toxunub. BMU məzunlarının işlə təminatı məsələsinə də diqqət çəkən rektor bu cəhətdən ali məktəbin ölkəmizdə öncül mövqeyə sahib olduğunu nəzərə çatdırıb. 

Çıxışının sonunda Yaqub Piriyev gəncləri həyatda dürüstlüyə,  özünüinkişafa, yaxşı mütəxəssis olmağa çağırıb, qazandıqları bilik və təcrübəni ölkəmizin inkişafına yönəldəcəklərinə, Cənab Prezidentin rəhbərliyi ilə Qarabağ, Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan genişmiqyaslı tikinti-quruculuq işlərində gənc mühəndislər kimi töhfələr verəcəklərinə inandığını deyib və onları bir daha təbrik edərək həyatda cansağlığı, karyeralarında uğurlar arzulayıb. 

Abşeron Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Abdin Fərzəliyev həyatlarında yeni bir mərhələyə qədəm qoyan məzunları təbrik edib, qazandıqları bilik və təcrübənin onlara yaxşı mütəxəssis olmağa imkan yaratdığını deyib. Dövlətimizin gənclərin inkişafı üçün həyata keçirdiyi proqramları vurğulayan icra başçısı ölkəmizin savadlı, müasir bilik və bacarıqlara sahib, vətənsevər gənclərə hər zaman ehtiyac duyduğunu, belə gənclərə karyera pillərində irəliləmək üçün hərtərəfli şəraitin mövcudluğunu  bildirib. 

Məzunlara ən səmimi ürək sözlərini çatdıran Milli Məclisin üzvü  Nigar Məmmədova da bilikli, zəhmətkeş, vətənpərvər yetişən gənclərin ölkənin gələcəyində mühüm rol oynayacağına inamını ifadə edib. Qazandıqları nailiyyətin təkcə şəxsi deyil, eyni zamanda cəmiyyət üçün dəyərli töhfə xarakteri daşıdığını deyən Nigar Məmmədova məzunlara yüksək mövqedə olmağı, ixtisaslarında peşəkar mütəxəssis kimi tanınmalarını arzulayıb. 

Abşeron RİH-nin yanında İctimai Şuranın sədri, şəhid Elçin Həsənlinin anası Xatirə İsmayılova isə çıxışında Azərbaycan gəncliyinin təhsildəki uğurları ilə yanaşı, onların vətən təəsübkeşliyini, cəsurluğunu, milli və ailə dəyərlərinə bağlılığını müsbət keyfiyyətlər kimi önə çəkib. O, torpaqlarımızın azadlığı, ölkəmizin suverliyində öz rolunu mükəmməl yerinə yetirən gəncləri xalqımızın qüruru adlandırıb. BMU məzunlarının ölkəmizin gələcək iqtisadi uğurlarının əsas aparıcı qüvvəsi olacaqlarına inamını ifadə edən Xatirə İsmayılova onlara peşəkar fəaliyyətlərində bol uğurlar diləyib.  

Çıxışın ardınca universitetin Dizayn kafedrasının baş müəllimi Rasim Qurbanovun ifasında “Zəfər yolu” adlı mahnı dinlənilib. 

   Sonra 2024-2025-ci tədris ilinin bakalavr, həmçinin magistratura səviyyəsi üzrə fakültə və ixtisas birinciləri, eləcə də universitet birincisi mükafatlandırılıb.

“İnformasiya texnologiyaları” ixtisasından məzun olan universitet birincisi Səidə Ərəbova tədbirdə çıxış edərək 2013-cü ildə 635 balla qəbul olduğu Azərbaycan Tibb Universitetini bitirdikdən sonra innovativ sahələrə böyük marağından irəli gələrək təhsilini ikinci dəfə BMU-da almaq qərarından danışıb. Bildirib ki, tələbəyə yanaşması, tədris imkanları ilə seçilən BMU-nun əlverişli mühitində həvəslə çalışıb, nəhayət təhsilini ali məktəb birincisi kimi başa vurmağa nail olub. Karyerasına süni intellekt sahəsində nüfuzlu şirkətlərin birində başladığını deyən Səidə Ərəbova müəllimlərinə minnətdarlıq edib, ölkəmiz, dövlətimiz üçün faydalı mütəxəssis olacaqlarına inandığını bildirib. 

Tədbir məzunların ənənəvi “papaq atma” mərasimi və Xalq artisti Röya Ayxanın ifaları, həmçinin universitetin özfəaliyyət kollektivinin hazırladığı bədii proqramla davam edib.

image