26 iyun 2025-ci il tarixdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində,  Qubadlı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Sumqayıt və Bakı şəhərlərində yerləşən 14 Şəhidimizin abidə və abidə kompleksləri Şəhidlərimizin ailələrinin iştirakı ilə ziyarət olunub.

"Unikal" xəbər verir ki, tədbirdə Tədbirdə Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, İcra Hakimiyyətinin məsul işçiləri, RİHB-nin İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlikləri, Şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, Veteranlar, Qazilər və ictimaiyyət nümayəndələri iştirak edirdilər.

Tədbir iştirakçıları tərəfindən Şəhidlərimizin xatirəsi  bir dəqiqəlik sükutla yad edildi və abidələrinin önünə  gül dəstələri qoyuldu. 

Tədbirdə Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov çıxış edərək eyni zamanda Milli Ordumuzun yaranmasının 107-ci ildönümü münasibətilə tədbir iştirakçılarını təbrik etdi və ölkəmizdə ordu quruculuğu ilə bağlı görülən işlər barədə məlumat verdi. Bildirildi ki, “Ulu Öndər Heydər Əliyev hələ SSRİ dövründə və müstəqillikdən sonra Azərbaycana rəhbərlik edərkən ordu quruculuğu, hərbi kadrların hazırlığı məsələsinə xüsusi diqqət yetirmişdir. Ümummilli lider 1971-ci ildə böyük səylər nəticəsində general Cəmşid Naxçıvanski adına hərbi məktəbin açılmasına nail oldu. O zaman bu qərarı vermək böyük cəsarət tələb edirdi. Azərbaycanda milli hərbi kadr hazırlığı üçün baza rolunu oynayacaq məktəbin yaradılmasına o vaxtkı SSRİ rəhbərliyi laqeyd yanaşa bilməzdi. Həmin dövrdə bir-birinin ardınca Moskvadan Bakıya göndərilən komissiyalar Azərbaycanda belə bir hərbi məktəbə ehtiyac olmadığını əsaslandırmağa çalışsalar da, Ümummilli Liderin mahir diplomatiyası və uzaqgörən siyasəti bu cəhdlərin qarşısını almış, həmin məktəbin fəaliyyəti Azərbaycanda hərb sənətinə marağın güclənməsinə, azərbaycanlı zabit kadrların hazırlanmasına gətirib çıxarmışdır.

Eyni zamanda Heydər Əliyev azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərində və eləcə də SSRİ-nin digər məktəblərində oxuması üçün tədbirlər gördü. Natiq qeyd etdi ki, Ulu Öndər Heydər Əliyevin SSRİ dövründəki ordu quruculuğu siyasəti müstəqillik qazandıqdan sonra da öz bəhrəsini vermişdir. Ali Baş Komandan, Prezident İlham Əliyev də Ulu Öndərin ideyalarını layiqincə yerinə yetirərək ordu quruculuğu sahəsində öz səylərini daha da artıraraq Azərbaycan Silahlı Qüvvələrinin müasir hərbi texnika ilə təchiz edilməsinə, möhkəm nizam-intizam, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan bir ordu yaradılmasına nail olmuşdur. Elə 44 günlük Vətən müharibəsində müzəffər Ordumuz tərəfindən torpaqlarımızın işğaldan azad olunması və erməni qəsbkarlarına verilən tutarlı cavab bir daha bizim ordumuzun nəyə qadir olduğunu bütün dünyaya göstərdi.