Sosial xidmət müəssisələrində göstərilən xidmətlərin keyfiyyətinə və səmərəliliyinə nəzarətin həyata keçirilməsi Qaydası təsdiq edilib.
"Unikal" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, nəzarətin həyata keçirilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Monitorinq qrupu yaradılacaq və həmin Monitorinq qrupu ictimai əsaslarla fəaliyyət göstərəcək.
Monitorinq qrupunun tərkibinə Nazirliyin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin və Bakı Şəhəri İcra Hakimiyyətinin nümayəndələri daxil edilir.
Monitorinq qrupunun tərkibinə Monitorinq qrupu üzvlərinin təklifi ilə bələdiyyələrin və nizamnamələrinə əsasən sosial xidmət sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələri, mütəxəssislər və ekspertlər daxil edilə bilər.
Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) Aparatının və regional mərkəzlərinin nümayəndələri Monitorinq qrupunun fəaliyyətində iştirak edə, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 1.3-1-ci və 13-3-cü maddələri ilə müəyyən edilmiş, müstəqil monitorinq mexanizminin funksiyalarının həyata keçirilməsi ilə bağlı zəruri məlumatları ala bilər.