Fransa millisinin kapitanı və İspaniyanın “Real Madrid” klubunun hücumçusu Kilian Mbappe bəzi polis əməkdaşlarına 180 min avrodan çox vəsait ödəməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
"Unikal" xəbər verir ki, Fransanın “Le Canard Enchaine” satirik jurnalının iddiasına görə, futbolçu 2023-cü ilin iyun ayında dörd CRS briqada rəisinə 30 min avro, bir komandirə isə 60 min 300 avro məbləğində pul ödəyib. Bildirilib ki, məsələ Fransa Maliyyə Kəşfiyyat Xidməti tərəfindən çirkli pulların yuyulması, terrorizmin maliyyələşdirilməsi, vergi, sosial təminat və gömrük fırıldaqçılığı çərçivəsində araşdırılır. Hazırda ödənişlərlə bağlı Polis Baş Müfəttişliyi tərəfindən inzibati təhqiqat aparılır.
Kilian Mbappenin nümayəndələri məsələ ilə bağlı açıqlama yayaraq bildiriblər ki, ödənişlər 2022-ci il dünya çempionatından sonra futbolçunun aldığı mükafatdan ayrılan şəxsi vəsait hesabına həyata keçirilib. Onların sözlərinə görə, bu, təhlükəsizlik işçilərinə təşəkkür məqsədilə verilmiş və bütün proses qanunlara uyğun, şəffaf şəkildə baş tutub.
Futbolçunun yaxın çevrəsi də qeyd edib ki, bu vəsaitlər hər hansı xidmət müqabilində deyil, sırf təşəkkür və ədalət jesti olaraq təqdim olunub: “Bu insanlar komandaya sədaqətlə xidmət ediblər və onların əməyi qiymətləndirilməlidir”.
Məsələ Fransa Milli İstintaq İdarəsi tərəfindən də “gizli əmək” və vergi pozuntusu ehtimalı ilə araşdırılır.