"Ermənistan regionun ən kasıb ölkəsidir, yoxsulluq indeksinə görə biz hətta Mərkəzi Asiya ölkələrindən də yoxsuluq, MDB ölkələrindən isə yoxsulluq indeksimiz daha yüksəkdir".
"Unikal" xəbər verir ki, bunu erməni iqtisadçı Suren Parsyan deyib.
Qeyd edək ki, baş nazir Nikol Paşinyan bu yaxınlarda insanların 50 faiz daha yaxşı yaşadığını xüsusi olaraq iddia etmişdi. İqtisadçı bununla bağlı açıqlamasında bildirib ki, bir-iki günün göstəricilərinə əsasən iqtisadi vəziyyət və ya həyat səviyyəsi ilə bağlı mühakimə yürütmək olmaz: "Adətən bu aylarda və ya bu günlərdə Sevanda çoxlu erməni dincəlir, eləcə də Ermənistana gələn, bir neçə günlük Sevana gedən, dincəlir, istirahətini təşkil edən əcnəbilər də olur. Bu, Ermənistanda turizmin bu mərhələsi baxımından adi haldır. Sevanda hotellər və çimərliklər, əsasən, ildə iki ay işləyir".
İqtisadçının sözlərinə görə, rifah göstəricilərinə istinad edəndə bir neçə mühüm göstərici var ki, onları nəzərə almaq lazımdır, məsələn, yoxsulluq indeksi.
O, məlumat verib ki, 2023-cü ilin son rəsmi statistikasına görə, Ermənistanda yoxsulluq 23,7%, ifrat yoxsulluq təxminən 1,2% təşkil edir: "Məsələn, əməkhaqlarının artımına baxsaq, bəli, bizdə son illərdə nominal əməkhaqqı artımı olub. Əməkhaqqı artımı da müəyyən inflyasiya ilə müşayiət olunub, amma elə həmin il, məsələn, ərzaq qiymətlərində ikirəqəmli inflyasiya müşahidə olunub. Kasıb və ya aşağı gəliri olan insanlar gəlirlərinin böyük hissəsini tərəvəz və meyvələrə xərcləyirlər, onların qiyməti ikirəqəmli artıb".
İqtisadçı qeyd edib ki, Ermənistan yoxsulluq göstəricilərinə görə regionun ən kasıb ölkəsidir: "Biz hətta Mərkəzi Asiya ölkələrindən də kasıbıq. Hazırda biz yoxsulluq göstəricilərinə görə Ukraynanı hətta bir qədər də ötüb keçə bilərik, digər MDB ölkələrində də yoxsulluq göstəricimiz daha yüksəkdir. Ona görə də hesab edirəm ki, sürətli inkişaf və həyat standartlarının dəyişməsi barədə danışmağın mənası yoxdur".
Ağarza Elçinoğlu