ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkof ilə danışıqlar zamanı Rusiya indi Ukrayna ilə atəşkəsə daha çox meyilli olduğunu göstərdi.
"Unikal" xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
Dövlət başçısı Stiv Uitkofun Moskvaya səfərindən sonra ABŞ Prezidenti Donald Trampla danışdığını bildirib.
"Biz Moskvada deyilənləri müzakirə etdik. Belə görünür ki, Rusiya indi atəşkəsə daha çox meyllidir. Amma əsas odur ki, bizi və ya ABŞ-ı təfərrüatı ilə aldatmasınlar", deyə Zelenski vurğulayıb.
Prezidentin sözlərinə görə, Ukrayna tərəfdaşları ilə ümumi mövqe və baxışı əlaqələndirmək üçün yaxın vaxtlarda təhlükəsizlik üzrə müşavirlərin görüşünü keçirməyi təklif edib.
"Ukrayna öz müstəqilliyini mütləq müdafiə edəcək, hamımıza uzun və etibarlı sülh lazımdır. Rusiya başladığı müharibəyə son qoymalıdır", deyə Zelenski əlavə edib.