İsrail ordusunun xüsusi bölməsi Suriyanın cənubundakı Əl-Kuneytra əyalətinin ərazisinə daxil olaraq Təranca kəndinin təmizlənməsini həyata keçirib.

"Unikal" xəbər verir ki, bu barədə Suriya KİV-ləri məlumat yayıb. 

Məlumata görə, əməliyyatda ordunun xüsusi təyinatlılarının azı 100 əsgəri iştirak edib. Hərbçilər evlərə və tikililərə diqqətlə baxış keçirərək silah anbarları və döyüş sursatı tapıblar. Bu yerlərdə əvvəllər radikal Fələstin fraksiyalarının və İranyönlü şiə qruplarının üzvləri fəaliyyət göstərib.

Həmçinin qeyd olunur ki, son bir ay ərzində İsrailin Suriyanın cənubundakı Əl-Kuneytra və Dəra əyalətlərində yaşayış məntəqələrinə 22 müdaxiləsi qeydə alınıb, bu hücumlar zamanı bir mülki şəxs həlak olub, 13 nəfər saxlanılıb, bir neçə ev dağıdılıb.