Sabiq nazirlərin müəmmalı susqunluğu
18:59 21-09-2013
İQTİSADİYYAT
Sabiq nazirlərin müəmmalı susqunluğu
Onların bəziləri seçimlərini niyə açıqlamırlar?
Prezident seçkiləri ərəfəsində üç sabiq nazir mövqelərini açıqladılar. Əvvəlcə həbsdə olan iqtisadi inkişaf naziri Fərhad Əliyev müxalif namizəd və yaxın qohumu Cəmil Həsənliyə hörməti olduğunu desə də, cəzaçəkmə müəssisəsindən hakimiyyətin namizədini müdafiə edəcəyinə dair mesaj göndərdi.
Bir neçə gün əvvəl isə keçmiş rabitə naziri Nadir Əhmədov prezident seçkilərində hansı namizədi dəstəkləyəcəyini, kimin qalib gəlməsini arzuladığını açıqlayıb. modern.az saytına danışan eks-nazir seçkilərdən böyük gözləntilərinin olduğunu deyərək, seçiminin hazırki prezident İlham Əliyev olduğunu gizlətməyib: "Adətən əksər seçicilər üçün seçkidən öncə namizədin kimliyi özləri üçün sirr qalmalıdır, onu açıqlamazlar. Mən xalqım üçün yaxşı prezident seçilməsini istəyirəm. Ümid edirəm ki, prezident daha da yaxşı işləyəcək. Xalqın qeydinə bundan da yaxşı qalacaq, gələcəkdə dövlətimiz daha da irəliyə gedəcək. Mən inkişafın tərəfindəyəm. İnkişaf naminə də ölkə başçısının namizədliyini dəstəkləyirəm. Bizim Azərbaycanda olan inkişafı görürsünüz də, maşallah. Mən də Azərbaycanın bu inkişafını dəstəkləyirəm"-deyə eks-nazir qeyd edib.
Dünən isə keçmiş iqtisadiyyat naziri Namiq Nəsrullayev prezident seçkilərində kimi dəstəkləyəcəyini və hansı namizədi qalib görmək istədiyinə dair açıqlama verib. Eks-nazir ölkədə dinamikanın və aparılan kursun müsbət olduğunu qiymətləndirib: "Mən indiki prezident İlham Əliyevi dəstəkləyəcəyəm. Eks-nazir olaraq ölkədə dinamikanın müsbət olduğunu deyə bilərəm. Görülən işlər və Heydər Əliyevin başladığı siyasət uğurla davam etdirilir. Əsasən də Heydər Əliyevin vaxtında qoyulan proqram yerinə yetirilir. Bütün görülən işlər bunu deməyə əsas verir ki, növbəti beş ildə də prezidentimiz İlham Əliyev olmalıdır".
Sabiq nazirlərdən yalnız hazırda həbsdə olan keçmiş səhiyyə naziri Əli İnsanovun mövqeyi fərqlidir və o müxalifətin vahid namizədi Cəmil Həsənlinin tərəfində olduğunu bəyan edib.
Bir neçə sabiq nazirin hazırki dövlət rəhbərini müdafiə edəcəklərini açıq bəyan etmələrinə rəğmən, bir çoxlarının hələ də susqunluq nümayiş etdirməsi maraq doğurur. Məsələn, sabiq maliyyə naziri Əvəz Ələkbərovun, sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyevin, sabiq iqtisadi inkişaf naziri Heydər Babayevin, sabiq maliyyə naziri Fikrət Yusifovun və digərlərinin mövqelərini açıqlamamaları, seçki öncəsi belə, mətbuatdan yan qaçmaları şübhəsiz ki, kifayət qədər müəmmalara yol açır.
Bu mövzuda qəzetimizə danışan adının çəkilməsini istəməyən mənbə prezident seçkilərinə xeyli vaxt qaldığını və bu müddətdə bir çox tanınmış sabiqlərində kimə səs verəcəkləri yönündə mövqelərinə aydınlıq gətirə biləcəklərini istisna etmədi: "Amma onu da gözardı etmək olmaz ki, bəzi sabiqlərin susqunluğunun özünəməxsus səbəblərinin ola bilməsi tamamilə mümkündür. Məsələn, sabiq iqtisadi inkişaf naziri Heydər Babayevin incikliyinin çox ciddi olduğu, buradakı əmlak və biznesinin böyük bir hissəsini sataraq, əsasən ölkə xaricində yaşamağa və oradakı biznesini genişləndirməyə çalışdığı sirr deyil. Onun artıq Azərbaycanda baş verən ictimai-siyasi proseslərlə maraqlanmadığı deyilir və əgər bu deyilənlər doğrudursa, Babayevdən hər hansı mövqe ifadə edəcəyini gözləmək yersizdir. Elə sabiqlər də var ki, onlar yeni vəzifə təyinatı ümidində olduqlarını gizlətmirlər. Məsələn, bir müddət əvvəl sabiq maliyyə naziri Əvəz Ələkbərov belə bir istəyini eyhamlı şəkildə saytların birinə açıqlamasında dilə gətirmişdi. Ola bilər, sabiq nazir ona seçkilərdən sonra hər hansı yeni post təklif edilərsə, öz mövqeyini açıq nümayiş etdirsin".
Mənbə sabiq nazirlərdən Əli Nağıyevin hansı mövqedə olduğunun onsuz da bilindiyini və ondan xüsusi açıqlama gözləməyin yersizliyini diqqətə çatdırıb: "Əli müəllim 2006-cı ildə diplomatik fəaliyyətə başlamasına əsasən Yeni Azərbaycan Partiyası sədrinin müavini vəzifəsindən və partiya sıralarından azad edilmişdi. 2012-ci ilin may ayında isə diplomatik fəaliyyətinə xitam verilməsi ndən sonra YAP sıralarına yenidən qəbul olundu. Bu mənada onun mövqeyi aydındır".
Mənbəmiz qarşıdakı günlərdə yalnız sabiq nazirlərin deyil, bir çox başqa keçmiş iri məmurların seçkilərlə bağlı mövqe ifadə edəcəklərini proqnozlaşdırır: "Xüsusilə yenidən hər hansı vəzifə istəyində olanların hazırki dövlət başçısına dəstəyini dilə gətirərək indidən siyasi xal qazanmağa çalışacaqları istisna olunmamalıdır. Amma mən hesab edirəm ki, seçkilərdən sonra ölkə rəhbərliyi keçmiş və hazırki komanda üzvlərinə etimaddan daha çox, yeni kadrların önə çəkilməsinə üstünlük verəcək. Bunu YAP rəhbərliyinin, xüsusilə hakim partiyanın icra katibi Əli Əhmədovun son bəyanatları da təsdiqləyir. Bu səbəbdən də hesab edirəm ki, sabiqlərin yeni təyinat ümidlərinin reallaşması hazırki bəzi komanda üzvlərinin seçkidən sonra da postlarını qorumaq cəhdlərinin səmərə verəcəyi qədər az ehtimal edilən bir məsələdir".
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-12-29 09:47:03
2024-12-29 09:10:20
2024-12-28 17:51:23
2024-12-28 17:03:00
2024-12-28 15:00:00
2024-12-28 11:29:03
2024-12-28 10:04:44
2024-12-28 09:41:23
2024-12-28 09:16:23
2024-12-27 13:12:27
2024-12-27 13:06:21
2024-12-27 12:57:38
2024-12-27 12:34:07
2024-12-27 11:47:13
2024-12-27 11:20:28
2024-12-27 10:57:07
2024-12-27 10:11:39
2024-12-27 09:50:36
2024-12-27 09:22:34
2024-12-27 09:08:28