Bəzi məmurlar milyonlardan məhrum olur
19:01 21-09-2013
İQTİSADİYYAT
Bəzi məmurlar milyonlardan məhrum olur
Xarici şirkətləri qorumaq onlara yasaqlanmalıdır
Azərbaycan ictimaiyyəti ölkədə çalışan xarici şirkətlərdə işləyən yerli fəhlələrin maaş azlığına, tibbi sığortanın olmamasına etiraz olaraq aksiya keçirməsinə dair xəbərlərə öyrəncəlidir. Bu cür xəbərlər demək olar ki, hər həftə yayılır. Azərbaycanlı işçilərin narazılığı obyektiv reallığı əks etdirir.
Son 20 ilin siyasi aksiyalarına işçi təbəqəsi maraq göstərməyib. Bu baxımdan onların hansısa siyasi qüvvələrin təhriki ilə aksiyaya əl atmasını demək olmaz. Dəfələrlə Azərbaycan Həmkarlar Konfederasiyasının rəhbərliyi səviyyəsində də məsələyə münasibət bildirilib və qeyd olunub ki, fəhlələr haqlıdırlar. Hələ bir müddət əvvəl AHK-nin qurultayında qurumun rəhbəri Səttar Mehbalıyev bildirmişdi ki, xarici şirkətlərin çoxunda azərbaycanlılara qarşı ayrı-seçkilik edilir. Onun sözlərinə görə, azərbaycanlı işçilərə köhnə yeməklər verilir. Əmək haqları da əcnəbi işçilərlə müqayisədə çox aşağıdır. Azərbaycanda fəaliyyət göstərən əksər transmilli şirkətlərdə çalışan əcnəbi və yerli işçilərə olan münasibətdə ciddi nöqsanlar var.
Bu məsələ dəfələrlə gündəmə gətirilsə də, geniş müzakirələr açılsa da öz həllini tapmır. Artıq hər kəsə bəllidir ki, xarici şirkətdə çalışan əcnəbilərə daha yüksək, yerli işçilərə isə olduqca az maaş ödənilir. Bu yanaşmanın məntiqi nəticəsidir ki, eyni işdə çalışan və eyni əmək şəraitində işləyən əcnəbilər yerli vətəndaşa yuxarıdan aşağı baxırlar. Fəhlələrin durumunu araşdıran QHT ekspertlərinin sözlərinə görə, hətta əcnəbi işçilər əmək haqqının aşağılığına görə yerliləri ələ salmaqdan çəkinmirlər. Bir çox şirkətlərdə əmək haqqının verilməsində problemlər var. Əmək haqqlarının müəyyən edilməsində ikili yanaşma, qeyri-obyektivlik ən ciddi nöqsan kimi qeyd olunur. Eyni işi görən azərbaycanlı fəhlə və ya mühəndis əcnəbi həmkarından dəfələrlə aşağı maaş alır. Xarici ölkələrdə şirkətlər gəlirlərinin bir hissəsini işçi kollektivinin problemlərinin həllinə yönəldirlər. Amma Azərbaycanda fəalliyyət göstərən əcnəbi şirkətlər bunu nəzərlərinə belə almırlar. Onlar Azərbaycanda öz qanunlarını tətbiq edirlər. Əsas işlərində də əcnəbi işçilərə üstünlük verirlər. Yerli işçilərin sosial hüquqları qorunmur, onların çoxunun tibbi sığortası yoxdur. Azərbaycanda fəaliyyət göstərən əksər transmilli şirkətlərdə həmkarlar təşkilatları yoxdur. Çünki onlar həmkarlar təşkilatlarının yaradılmasında maraqlı deyillər. Məhz bu səbəbdən Azərbaycanda fəaliyyət göstərən əksər yerli və xarici şirkətlərdə həmkarlar təşkilatlarının olmaması işçilərin əmək və sosial hüquqlarının pozulması ilə nəticələnir.
Xarici şirkətlərdə həmkarlar təşkilatlarının olmamasının nəticəsidir ki, Azərbaycanda işçilərin kütləvi şəkildə əmək və sosial hüquqlarının pozulması davam edir. Çünki işçinin pozulmuş hər hansı əmək və sosial hüquqlarının bərpası ilə bağlı danışıq apara biləcək qurum mövcud deyil. Xarici şirkətləri yalnız Azərbaycanda qazanacağı pullar maraqlandırır. Əcnəbi şirkətləri nə çalışdıqları ölkənin ekoloji durumu, nə insanlarının rıfahı maraqlandırmır.
Bəzi ekspertlərə görə, yaranmış bu vəziyyətdə müəyyən iri məmurların da günahları var. Belə ki, onların bir çoxu hansısa xarici şirkət rəhbərliyi ilə yaxın və yaxşı münasibətlər saxlayır, onların "gizli himayəçisi" rolunda çıxış edirlər.
Müxtəlif dövrlərdə KİV-lərdə yer alan iddialara inansaq, bəzi məmurlarla müəyyən xarici şirkətlərin əməkdaşlığı "əl əli yuyuar, əl də üzü" prinsipinə söykənir. Belə ki, hansısa xarici şirkət bir məmurun nəzarətindəki biznes şəbəkəsi ilə sövdələşir. Özlərinə lazım olan avadanlıq və ləvazimatları həmin məmurun himayəsindəki firma və ya müəssisədən əldə edir. Bunun müqabilində isə dəyərindən artıq məbləğ ödənir.
Həmin məmur isə müəyyən problemli situasiyada bu xarici şirkətin "sudan quru çıxması" üçün öz imkanlarını, nüfuzunu işə salır. Elə buna görədir ki, bəzən hətta Dövlət Əmək Müfəttişliyi belə xarici şirkətlər qarşısında aciz qalır, məhkəmələr qərarları haqqı pozulan azərbaycanlı işçilərdən çox, əcnəbi müəssisənin lehinə çıxarır.
Artıq bu "ənənə"yə son qoyulması vaxtı çatıb. Hətta məlumatlar gəlir ki, hökumət tezliklə xarici şirkətlərin Azərbaycan qanunvericiliyinin tələblərinin və azərbaycanlı işçilərin maraqlarının kobud şəkildə tapdanmasına qarşı tolerant yanaşmamağa, bu yöndə sərt addımlar atmağa başlayacaq.
Yəni xarici şirkətlərin nələrəsə, o cümlədən müəyyən məmurlarla əməkdaşlıqlarına arxayınlaşaraq "at oynatması" praktikası keçmişdə qala bilər. Düzdür, bundan belə məmurlar və xarici şirkətlər çoxlu pul itirəcək, əvəzində isə qazanan Azərbaycan dövləti və onun zəhmətkeş vətəndaşları olacaq.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-12-29 09:47:03
2024-12-29 09:10:20
2024-12-28 17:51:23
2024-12-28 17:03:00
2024-12-28 15:00:00
2024-12-28 11:29:03
2024-12-28 10:04:44
2024-12-28 09:41:23
2024-12-28 09:16:23
2024-12-27 13:12:27
2024-12-27 13:06:21
2024-12-27 12:57:38
2024-12-27 12:34:07
2024-12-27 11:47:13
2024-12-27 11:20:28
2024-12-27 10:57:07
2024-12-27 10:11:39
2024-12-27 09:50:36
2024-12-27 09:22:34
2024-12-27 09:08:28