"Qarabağda qəfil müharibə başlaya bilər"
12:25 27-09-2013
İQTİSADİYYAT
"Qarabağda qəfil müharibə başlaya bilər"
Azərbaycan ordusu hazır vəziyyətdədir
Qərargahı Brüsseldə yerləşən Beynəlxalq Böhran Qrupu bu gün Dağlıq Qarabağ münaqişəsinə dair "Azərbaycan və Ermənistan: risklər mövsümü" adlı hesabatla çıxış edib.Hesabatda beynəlxalq birlik Ermənistanla Azərbaycan arasında "yeni, qəfil ölümcül münaqişənin" başlamasının qarşısını almaq üçün daha qətiyyətli səylər göstərməyə çağırılır.Hesabatda təşkilatın ekspertləri Ermənistanla Azərbaycan arasında "istənilən vaxt qəfildən başlaya biləcək" yeni müharibə riskini analiz ediblər. Hesabatda deyilir ki, danışıqlar 2011-ci ildən dayanıb, hər iki tərəf silahlanmanı və hərbi ritorikanı gücləndirib."Daxili siyasi rəqabətin də gücləndirdiyi bu gərgin situasiyada ən böyük təhlükə təsadüfi müharibədir" - deyə hesabatda bildirilir.Təşkilatın ekspertləri göstərirlər ki, 2011-ci ildə danışıqları dayandırandan sonra tərəflər öz hərbi xərclərini daha da artırıblar və qəfil situasiyalar üçün hərbi fəaliyyət planları hazırlamağa başlayıblar. Hesabatda bildirildiyinə görə, təmas xəttində getdikcə artan atışmaların Rusiya, İran və Türkiyənin də cəlb olunduğu irimiqyaslı regional münaqişəyə çevrilməsi riski realdır. Beynəlxalq Böhran Qrupunun qənaətinə görə, Ermənistanda müxalifətin planlaşdırılan etirazları, Azərbaycandakı prezident seçkiləri tərəflərə birbaşa danışıqlara başlamaq üçün maneə yaradır. Belə vəziyyətdə ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri və Avropa İttifaqı gərginliyin artmasına imkan verməmək üçün ayıq olmalıdır. Hesabatda göstərilir ki, xüsusən Rusiya tərəfləri sülh danışıqlarını bərpa etmək üçün daha qətiyyətli səylər göstərməli, münaqişə tərəflərini silahlandırmağı dayandırmağı, həmçinin İsrail və Cənubi Koreya tərəflərə silah satışı ilə bağlı planlarına yenidən baxmalıdır."Unikal"a açıqlama verən politoloq Elxan Şahinoğlu bildirir ki, həqiqətən də belə bir risk var və risk hər zaman artır:-"Bildiyiniz kimi, son zamanlar Ermənistanda müxtəlif təxribatlar hazırlanır və bu təxribatlar bu riski daha da gücləndirir. Belə ki, Ermənistan bəyan edib ki, bir neçə həftəyə Xankəndi hava limanı istifadəyə veriləcək. Bu isə Azərbaycanda seçki gününə düşüb. Onlar hesab edir ki, Azərbaycanınbaşı seçkilərə qatışıb və Rusiya onların arxasına durub və bundan istifadə edərək hava limanını istifadəyə vermək istəyirlər. Belə addım atılarsa Azərbaycanda seçkilər olsada hakimiyyət adekvat addımlar atacaq. Bu isə münaqişənin başlanması deməkdir". Bəs müharibə anidən başlayarsa Azərbaycan ordusu buna hazır olacaqmı? Hərb ekspert Üzeyir Cəfərli bildirir ki, Azərbaycan ordusu indinin özündə də buna hazırdır və 24 saat ərzində müşahidələr aparılır-"Seçki dövrü həssas dövr olduğu üçün Ermənistan Azərbaycanın ayıq-sayıqlığını yoxlamaq üçün Xankəndi hava limanı ideyasını gündəmə gətirib. Amma mən əminəm ki, Ermənistyan buna risk etməyəcək. Risk edərsə dərhal Azərbaycan ordusu hərəkətə keçəcək. Ordu hər zaman bir nömrəli döyüş vəziyyətindədir və hesab edirəm ki, seçkilər zamanı bu aktivlik daha da artırılacaq". Buna baxmayaraq ekspert hesab edir ki, bölgədə uzunmüddətli müharibənin olması inandırıcı deyil. Amma qıs müddətli əməliyyatların olması mümkündür və Azərbaycan ordusu buna tam hazırdır.Bu arada məlum olub ki, Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasında əlavə şəxsi heyət yerləşdiriləcək.Məlumata görə, Rusiyanın Ermənistandakı hərbi bazasının şəxsi heyəti 2500-3000 nəfər artırılacaq. Artıq yeni gələcək hərbçilərin və onların ailə üzvlərinin qalması üçün şərait yaradılmasına başlanılıb. Erməni mediasının digər xəbərinə görə, Ermənistan parlamenti tezliklə Rusiya ilə yeni hərbi əməkdaşlıq müqaviləsini ratifikasiya edəcək. Müqavilə Ermənistanın birbaşa Rusiya hərb zavodlarından silah almasını nəzərdə tutur. İndiyədək Rusiya heç kimə silahları birbaşa zavoddan almaq icazəsi verməyib və "Rosoboroneksport" vasitəsilə satıb.
Analitiklər Rusiyanın Azərbaycana milyardlarla dollarlıq hücum silahları satandan sonra üzünü Ermənistana döndərməsini bu ölkənin Gömrük İttifaqına girmək qərarı ilə əlaqələndirir.
Mehdi Əli
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53