Satınalmalar üzrə Dövlət Agentliyi bəzi nazirlərin "girovluğunda"
11:45 01-10-2013
İQTİSADİYYAT
Satınalmalar üzrə Dövlət Agentliyi bəzi nazirlərin "girovluğunda"
İsgəndər Çəndirlinin rəhbərlik etdiyi qurumla bağlı iradlar artır
Azərbaycanda tenderlərin qeyri-şəffaflığı uzun müddətdir mətbuatın və müstəqil iqtisadçı-ekspertlərin əsas müzakirə mövzusudur. Səslənən tənqid və iradlara rəğmən keçirilən tenderlərin obyektivliyi və şəffaflığı müzakirə mövzusu olaraq qalır, əksər hallarda tenderlərin formal təşkil edildiyi və nəticələrin əvvəlcədən məlum olduğu deyilir.
Bəzi ekspertlərin fikrincə, xüsusilə dövlət investisiya layihələrinin çoxalmasından sonra bir çox iri məmurların tenderlərə "barmaq" etməsi adi hal alıb. Həmin layihələrə ayrılan iri pullar, ilkin məbləğlərin sonradan fantastik şəkildə artırılması imkanları müəyyən nazirlərin "tender biznesi"nə marağını artırıb.
Ekspertlər onu da deyirlər ki, infrastruktur layihələrin büdcənin sonradan artırılması ilə bağlı əsas problemlər Satınalmalar üzrə Dövlət Agentliyi tərəfindən keçirilən tenderlərdən başlanır. Belə ki, həmin qurum xərclərin artırılması ilə bağlı indiyədək konkret mexanizmlər və şərtlər müəyyənləşdirməyib. ABŞ və Avropa ölkələri və inkişaf etməkdə olan ölkələrdə belə limitlər müəyyən edilib.
Digər tərəfdən, tenderlərin keçirilməsində şəffaflıq təmin olunmur. Bir sıra hallarda iri layihələri elə şirkətlər həyata keçirir ki, ya heç bir təcrübəsi yoxdur, ya da nizamnamə kapitalı cüzi rəqəmlə ifadə olunur. Həmin şirkətlərin böyük layihələrlə bağlı tenderlərin qalibi olması qaranlıq məqamların olmasından xəbər verir.
Həmçinin beynəlxalq təcrübədə tenderi udan şirkətlə bağlanılacaq müqavilələrdə konkret öhdəliklər göstərilir. Layihənin hansı zaman kəsiyində icra ediləcəyi, işlərin hansı müddətə tamamlanacağı konkret göstərilir. Fors-major hallardan başqa, digər amillər səbəbindən, o cümlədən şirkətin günahı ucbatından tikinti uzanırsa, sanksiya tətbiq edilir. Azərbaycanda da tenderlər şəffaf olarsa, qalib şəffaf və ədalətlilik prinsipi əsasında müəyyənləşdirilərsə, o halda layihələrin xərclərinin sonradan cilddi artımı müşahidə olunmaz. Vətəndaş cəmiyyəti institutlarının tenderlərin keçirilməsində iştirakı və monitorinq aparılmasında iştirakına şərait yaradılması şəffaflığın təmin olunması üçün vacib amildir. Hazırkı qanunvericilikdə olan boşluqlar da tenderlərin qapalı keçirilməsinə şərait yaradır. Buna görə də keçirilən tenderlərin nəticəsi ilə bağlı heç bir məlumatlandırma kampaniyası aparılmır.
Göründüyü kimi, Azərbaycanda son illər əksər iri infrastruktur layihələrin icrasında qaranlıq məqamlar tenderlərin keçirilməsindən başlanır. Dövlət büdcəsi vəsaitlərinin talan edildiyi ünvanlardan biri icraçı şirkətdirsə, əsas tərəflər sifarişçi dövlət qurumu və Dövlət Satınalmalar Agentliyidir. Çünki büdcə vəsaitləri hesabına reallaşdırılacaq layihələri icra edəcək qaliblər Agentliyin keçirdiyi "açıq tender"lərdə müəyyənləşir. Tenderlərin keçirilməsi zamanı narazılıq yaradan məqamlarla bağlı Dövlət Satınalmalar Agentliyindən bildirilib ki, keçiriləcək tenderlər barədə dövlət qəzetlərində əvvəlcədən elan verilir. Tenderlərdə qalib gələn layihələr barədə məlumatları isə təşkilatçıdan almaq olar: "Çünki Tender Komissiyası müvəqqəti - yalnız tenderin keçirilməsi üçün formalaşdırılır. Qanuna uyğun olaraq əsas meyarlar müəyyənləşdirilir və nəticələr də həmin şərtlərə uyğun dəyərləndirilir. Əgər hansısa tenderin keçirilməsindən narazılıq olarsa, şikayət edə bilərlər. Qurumda bütün şikayətlər araşdırılır".
Maraqlıdır ki, indiyə qədər Agentliyin təcrübəsində hansısa tenderin nəticələrinin ləğv edilməsi halı olmayıb. Həmçinin tenderlərdə hansı şirkətlərin hansı təkliflərlə iştirak etdiyi və qərarların hansı meyarlar əsasında verildiyi barədə məlumatlar ictimaiyyətdən gizlədilir. Nəticədə ilkin layihə dəyəri gizli saxlanılan layihələrin qiyməti tenderdən sonra müəmmalı şəkildə artır.
İsgəndər Çəndirlinin rəhbərlik etdiyi quruma qarşı bu cür tənqid və iradları əksər ekspertlər qeyd-şərtsiz bölüşsə də, onlar bir məqama da diqqət çəkirlər. Hesab edirlər ki, həddən artıq geniş kapitala və hökumətdaxili proseslərə ciddi təsir imkanlarına malik olan bəzi iri məmurlar sözügedən Dövlət Agentliyini faktiki olaraq təsir dairələrinə alıblar, bu qurumun əli ilə istədikləri qərarların qəbul edilməsinə nail olurlar.
Bu səbəbdən həm Satınalmalar üzrə Dövlət Agentliyinin daha çox müstəqilliyinin təmin edilməsi, quruma nazirlərin təsir imkanlarının azaldılması üçün daha çox səlahiyyətlər verilməsi təklif edilir, həm də agentliyin hazırki rəhbərliyinin dəyişdirilməsi və geniş kadr islahatlarının aparılması tövsiyə olunur. Düzdür, müəyyən iri məmurlar bu islahatların önünə keçməyə çalışacaqlar, çünki əks halda iri pulların bir hissəsinin əllərindən çıxması qaçılmaz olacaq. Bununla belə, dövlətin iqtisadi maraqları, "tender korrupsiyası"nın kökünün kəsilməsi baxımından sözügedən addımların atılması olduqca zəruridir.
Günel Əkbər
Digər Xəbərlər
2024-12-29 09:47:03
2024-12-29 09:10:20
2024-12-28 17:51:23
2024-12-28 17:03:00
2024-12-28 15:00:00
2024-12-28 11:29:03
2024-12-28 10:04:44
2024-12-28 09:41:23
2024-12-28 09:16:23
2024-12-27 13:12:27
2024-12-27 13:06:21
2024-12-27 12:57:38
2024-12-27 12:34:07
2024-12-27 11:47:13
2024-12-27 11:20:28
2024-12-27 10:57:07
2024-12-27 10:11:39
2024-12-27 09:50:36
2024-12-27 09:22:34
2024-12-27 09:08:28