"Coca-Cola" hansı azərbaycanlı naziri saymadı?
11:46 01-10-2013
İQTİSADİYYAT
"Coca-Cola" hansı azərbaycanlı naziri saymadı?
Məşhur şirkət ölkəmizdəki müştərilərinə də saymazlıq nümayiş etdirir
Təxminən bir il əvvəl ABŞ Qida və Dərman Dairəsində laboratoriya sınaqları zamanı "4-metilimidazol" maddəsinin siçanlarda xərçəngə yol açdığı bəlli olub. "4-metilimidazol" (4-MEI) maddəsi "E150 D" qida əlavəsinin tərkibində yer alır. Bu qida əlavəsi də Ümumdünya Səhiyyə Təşkilatının siyahısında, o cümlədən Azərbaycan Səhiyyə Nazirliyində istifadə zamanı insan orqanizminə zərərli təsir göstərməyən qida əlavələri sırasındadır.
Ancaq məhz bu sınağın nəticələri məlum olandan sonra bu ilin fevral ayında Kaliforniya ştatının parlamenti bu maddəni xərçəngə yol açan maddələr siyahısına salıb. Qəbul edilən qanuna görə, içərisində bu maddə olan içkilərin üzərinə mütləq "Diqqət, xərçəng yarada bilər!" xəbərdarlığı yazılmalıdır. Bu da bütün diqqəti qazlı içki məhsulları sahəsində dünyanın iki ən böyük firması olan "Coca-Cola" və "Pepsi"-nin məhsullarına yönəldib. Çünki bu şirkətlər tərkibində "4-metilimidazol" (4-MEI) maddəsi olan "E150 D" qida əlavəsindən, yəni şəkər çalarından gen-bol istifadə edirlər. İçkilərə rəngi bu qida əlavəsi verir. Məhz bu qanundan sonra "Coca-Cola" və "Pepsi-Cola" şirkətləri on illərdir ki, istifadə etdikləri reseptləri dəyişdirəcəklərini, karamel rəngi verən "4-metilimidazol" maddəsindən müəyyən çərçivədə istifadə edəcəklərini, bunun miqdarını azaldacaqlarını açıqlayıblar. Hər iki şirkətin yaydığı və dünyanın nüfuzlu KİV-lərində dərc edilən açıqlamalarında qeyd olunub ki, Kaliforniyada yeni tərkibli içkilər satılacaq və bu yeni tərkibli içkilər bütün ABŞ ərazisində də satışa çıxarılacaq.
Bu şirkətlərin məhsulları Azərbaycan bazarında da gen-bol satılır. Həm də həmin məhsullar kənarda yox, bu şirkətlərin Azərbaycanda yaratdıqları müəssisələrdə istehsal edilir. Söhbət Bakı şəhəri, Tağıyev 1, Sulu Təpə qəsəbəsi, Şamaxı yolunda yerləşən "Azerbaijan Coca-Cola Bottlers Ltd." və Bakı şəhəri, Sulu Təpə qəsəbəsi, Sumqayıt yolu 15. ünvanında yerləşən "Mars Overseas Baku ltd" müəssisələrindən gedir.
Haqqında danışılan məlumatlar ortaya çıxandan sonra bəzi KİV-lər Azerbaijan Coca-Cola Bottlers Ltd." və "Mars Overseas Baku ltd" müəssisələrinə müraciət etmişdi. Soruşmuşdular ki, birinci, xərçəng yaratdığı üzə çıxan "4-metilimidazol" maddəsindən məhsullarında istifadə edirlərmi, ikincisi, istifadə edirlərsə, bundan sonra Azərbaycanda istehsal edəcəkləri məhsullarda bu maddənin miqdarını azaltmaq niyyətləri varmı? Nəhayət, belə niyyətləri varsa, nə vaxt və konkret hansı həcmdə bu maddədən istifadəni azaldacaqlar?
"Mars Overseas Baku ltd" bu məsələdə susmağa üstünlük vermiş, "Azerbaijan Coca-Cola Bottlers Ltd."-in isə cavabında ümumi sözlərlə kifayətlənilmişdi.
Həmin vaxt İqtisadi İnkişaf Nazirliyindən isə mövzu ilə bağlı bildirilmişdi ki, əldə olunmuş ilkin məlumatlara əsasən "Coca-Cola" və "Pepsi-Cola" içkiləri istehsal edən "Azerbaijan Coca-Cola Bottlers Ltd." Və "Mars Overseas Baku ltd" şirkətiləri məhsulun tərkibində "4-metilimidazol" maddəsinin olduğunu inkar etmir və həmin şirkətlər tərəfindən məhsulun tərkibində həmin maddənin azaldılacağı haqqında İqtisadi İnkişaf Nazirliyinə məlumat daxil olmayıb
İqtisadi İnkişaf Nazirliyinin rəsmi cavabından aydın olurdu ki, "Azerbaijan Coca-Cola Bottlers Ltd." və "Mars Overseas Baku ltd" şirkətləri Azərbaycan xalqına qarşı saymazlıq nümayiş etdirir, ABŞ-dan fərqli olaraq Azərbaycanda istehsal etdiyi və satdığı məhsulların tərkibində "4-metilimidazol" maddəsinin miqdarını azaltmayıb.
Saymazlıq nümayiş etdirilən yalnız azərbaycanlı istehlakçılar deyil, elə eyni münasibətin Şahin Mustafayevin rəhbərlik etdiyi adıçəkilən nazirliyə də nümayiş etdirildiyini demək mümkündür. Məsələ burasındadır ki, əhalinin sağlamlığı nöqteyi-nəzərindən olduqca mühüm olan məlum məsələdə "Coca-Cola"nın yeni rəhbərliyi aradan keçən bir ildə heç bir önəmli addım atmayıb. Belə ki, hələ də adıçəkilən korporasiyanın ABŞ-dan fərqli olaraq Azərbaycanda istehsal etdiyi və satdığı məhsulların tərkibində "4-metilimidazol" maddəsinin miqdarını azaltması ilə bağlı hər hansı məlumat yoxdur. Bu cür addım atılsa şübhəsiz ki, Şahin Mustafayevin nazirliyi və ümumilikdə, geniş ictimaiyyət məlumatlandırılardı.
Məlumatlandırmanın olmaması sözügedən maddə miqdarının da azaldılmadığı anlamına gəlir. Bu da "Coca-Cola"nın öz mənfəətlərini həm hökumətin, həm də əhalinin maraqlarından üstün tutduğu deməkdir.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-12-29 09:47:03
2024-12-29 09:10:20
2024-12-28 17:51:23
2024-12-28 17:03:00
2024-12-28 15:00:00
2024-12-28 11:29:03
2024-12-28 10:04:44
2024-12-28 09:41:23
2024-12-28 09:16:23
2024-12-27 13:12:27
2024-12-27 13:06:21
2024-12-27 12:57:38
2024-12-27 12:34:07
2024-12-27 11:47:13
2024-12-27 11:20:28
2024-12-27 10:57:07
2024-12-27 10:11:39
2024-12-27 09:50:36
2024-12-27 09:22:34
2024-12-27 09:08:28