İsmət Abbasov sabiq icra başçılarını başına yığır
10:47 03-10-2013
İQTİSADİYYAT
İsmət Abbasov sabiq icra başçılarını başına yığır
Ramiz Cəbrayılovdan sonra Həsən Sarıyev də Kənd Təsərrüfatı Nazirliyində vəzifə aldı
Son vaxtlar mətbuatda bəzi keçmiş məmurların prezident seçkilərindən sonra sabiqliyin daşını atacaqları yönündə xəbərlər intensivləşib. Əlbəttə, bu məlumatların havadan yarandığını düşünmək sadəlöhvlük olardı. Açıq görünür ki, bir çox iri məmurlar hökumətin yenidən etimadını qazanmaq üçün əllərindən gələni edirlər.
Bəzi qaynaqlara görə, bu proses seçkilər bitdikdən sonra həqiqətən də bəzi sabiqlərin yenidən görəvləndirilməsinə gətirib çıxara bilər. Amma deyəsən, proses artıq indidən başlayıb.
Belə ki, dünən məlum oldu ki, sabiq icra başçılarından birinə yeni vəzifə verilib. Belə ki, Ağdam rayon İcra Hakimiyyətinin sabiq icra başçısı Həsən Sarıyev Kənd Təsərrüfatı Nazirliyinin Bərdə Regional şöbəsinin müdiri təyin olunub.
Xatırladaq ki, bir müddət öncə sabiq icra başçısının yenidən yüksək vəzifə əldə etmək üçün bütün imkanlarını səfərbər etdiyi bildirilirdi. Bu xəbərlərin arasında Həsən Sarıyevin Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin sədri təyin olunacağı barədə də şayiələr dolaşırdı.
Xəbəri Kənd Təsərrüfatı Nazirliyindən də təsdiqləyiblər. Nazirliyin Mətbuat Xidmətinin rəisi Murtuzəli Hacıyev deyib ki, Həsən Sarıyev Kənd Təsərrüfatı Nazirliyinin Bərdə Regional şöbəsinin müdiri vəzifəsinə sentyabrın 25-i təyin olunub.
Maraqlıdır ki, Həsən Sarıyev İsmət Abbasovun nazirliyində təyinat alan ilk sabiq icra başçısı deyil. Ondan əvvəl Laçın rayonunun sabiq icra başçısı Ramiz Cəbrayılov da məhz Kənd Təsərrüfatı Nazirliyində yeni vəzifəyə təyin edilmişdi. Düzdür, əvvəllər onun da Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsində müəyyən vəzifə alacağı bildirilirdi. Ancaq Cəbrayılovun uzun müddətdən bəri davam edən gözləntiləri hələlik özünü doğrultmadı və sonda sabiq icra başçısının adıçəkilən nazirliyin Heyvandarlıq məhsullarının istehsalı, emalı, damazlıq işi və otlaqlar şöbəsində baş məsləhətçi vəzifəsinə təyin olunduğu açıqlandı.
Yeri gəlmişkən, qeyd edək ki, həmin vaxt bəzi mənbələrin iddiasına görə, adıçəkilən şöbənin müdiri Çingiz Fərəcov pensiya yaşına çatıb və yaxın vaxtlarda vəzifəsindən azad olunacaq. Onun yerinə isə
R.Cəbrayılov təyin ediləcək. Amma hələlik bu iddialar özünü doğrultmayıb.
Burada maraqlı məqam kənd təsərrüfatı naziri İsmət Abbasovun sabiq icra başçılarına öz nazirliyində səxavətlə vəzifə verməsidir. Bəziləri şübhə etmirlər ki, bu təyinatlarda həmin keçmiş icra başçılarının vəzifədə ikən sahibləndikləri varidatın rolu şübhəsizdir. Bəziləri isə İsmət Abbasovun onlarla hələ əvvəldən hansısa işgüzar münasibətlər qurmuş ola biləcəyini, indi işsiz qaldıqdan sonra məhz həmin münasibətlərin davamı olaraq nazirliyə vəzifəyə gətirildiyini istisna etmirlər.
Burada maraqlı bir detalı da qeyd etməmək olmazdı. İsmət Abbasov kənd təsərrüfatı naziri postunda İrşad Əliyevi əvəz etmişdi; həmin vaxt İrşad Əliyev isə rayonlardan birinə icra başçısı göndərilmişdi.
Digər tərəfdən hazırda onun müavini postunda əyləşən Aslan Aslanovla bağlı son vaxtlar bir iddia xeyli intensivləşib və çeşidli saytların, qəzetlərin səhifələrində özünə yer alıb. Həmin iddiaya görə, Aslanov seçkidən sonra İsmət Abbasovun yerinə gətiriləcək. Burada diqqətçəkici detal isə Aslan Aslanovun da vaxtilə Şəmkirin sabiq icra başçısı postunda əyləşməsidir.
Yəni hazırki kənd təsərrüfatı nazirinin icra başçısı postu ilə bağlı bir həssaslığı var.
Ümumiyyətlə isə son vaxtlar ayrı-ayrı sabiq icra başçılarının yenidən vəzifə təyinatı almaq istiqamətində səylərini artırdığı hiss edilir. İki belə sabiq icra hakimiyyəti rəhbərinin müəyyən fasilədən sonra vəzifəyə göndərilmələri digərlərinin də oxşar həvəslərini artıra bilər.
“Unikal” olaraq bu mövzuda bir araşdırma yazısı hazırlayırıq. Yəqin ki, yaxın saylarımızda həmin yazını sizin ixtiyarınıza təqdim edə biləcəyik.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-12-29 12:34:39
2024-12-29 09:47:03
2024-12-29 09:10:20
2024-12-28 17:51:23
2024-12-28 17:03:00
2024-12-28 15:00:00
2024-12-28 11:29:03
2024-12-28 10:04:44
2024-12-28 09:41:23
2024-12-28 09:16:23
2024-12-27 13:12:27
2024-12-27 13:06:21
2024-12-27 12:57:38
2024-12-27 12:34:07
2024-12-27 11:47:13
2024-12-27 11:20:28
2024-12-27 10:57:07
2024-12-27 10:11:39
2024-12-27 09:50:36
2024-12-27 09:22:34