Bəzi məmurlar deputatlara qəzəblidir
10:48 03-10-2013
İQTİSADİYYAT
Bəzi məmurlar deputatlara qəzəblidir
Onlar gəlirlərindən məhrum olmaq istəmirlər
Təxminən iki həftə əvvəl Milli Məclisin Aqrar siyasət komitəsi nin iclasında “Seleksiya nailiyyətləri haqqında” qanun layihəsi müzakirə edildi. Bu qanun layihəsində genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarının dövlət reyestrinə daxil edilməsi qadağandır. Qanunu pozan fiziki şəxslər üçün 3 min manat, vəzifəli şəxslər üçün 10 min manat, hüquqi şəxslər isə 50 min manat miqdarında cərimə edilməsi nəzərdə tutulur.
Əldə etdiyimiz məlumata görə, iri fermer təsərrüfatlarına malik olan bir çox məmurlar belə bir qanun layihəsinin hazırlanmasından heç də razı qalmayıblar. Onlar bu qanunun qəbul ediləcəyi təqdirdə, öz sahibkarlıq subyektlərinin fəaliyyətinin zəifləyəcəyindən və gəlirlərinin azalacağından narahatdırlar.
Qeyd edək ki, ekspertlərin də birmənalı qənaətinə görə, Azərbaycanda geni dəyişdirilmiş mallarla bağlı vəziyyət ürəkaçan deyil. Baxmayaraq ki, ölkə prezidentinin 2 fevral 2013-cü il tarixində geni dəyişdirilmiş məhsullara qadağa qoyulması bu cür əkinçiliyin qarşısının alınması barəsində xüsusi fərmanı oldu, eyni zamanda Azərbaycan dünyanın 153 ölkəsi ilə birgə bununla bağlı “Kartagen pratokolu”na qoşulub, həmçinin BMT-nin “Biomüxtəlifliyin qorunmasına dair sənədi var və Azərbaycan da onu ratifikasiya edib. Bütün bunlara rəğmən, azərbaycanda GMO irəliləyir. Ölkədə GMO toxumçuluq, əkinçilik var. Uzun müddət qaçqın problemi yaşayan Azərbaycana gətirilən humanitar yardımlar yoxlanmadığı üçün ölkəyə çoxlu GMO toxumlar gətirilib.
Hətta bir çox hesablamalara görə, bu gün Azərbaycanda olan pomidorların 80, qarpızın 70, kartofun 40 faizi və eləcə də digər malların əksəriyyəti GMO-dur. Dövlət Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən laboratoriya qurulub.
Naxçıvanda da belə bir laboratoriya var, lakin fəaliyyət göz qarşısında deyil.
Azərbaycanda GMO-nun sürətlə yayıldığını deyən ekspertlərin sözlərinə görə, ölkəmizdə bu cür məhsulların tərəfdarları var. Bunlar istər ölkəyə GMO-lar gətirən inhisarçı məmurlar, istərsə də GMO məhsulların becərilməsi ilə məşğul olan hansısa məmurlara məxsus sahibkarlardır. Onlar öz maraqları naminə müxtəlif mütəxəssislərin vasitəsilə belə təbliğat aparır və insanları inandırmağa çalışırlar ki, geni dəyişdirilmiş məhsullar təhlükəli deyil. Belədə isə sual meydana çıxır: əgər GMH-lar həqiqətən təhlükəli deyilsə, o zaman ölkə prezidentinin bununla bağlı fərman verməsi hansı ehtiyacdan irəli gəlmişdi? BMT-nin qəbul etdiyi sənədlərin, “Kartagen protokol”nun mənası nədir?
Ümumiyyətlə, müstəqil ekspertlərin əksəriyyətinin birmənalı olaraq fikri belədir ki, genetik modifikasiya olunmuş məhsullarla bağlı yaranmış acınacaqlı durumda əsas pay məmur maraqlarından, məmurların yaratdığı inhisarçılıqdan qaynaqlanır. Onların fikrincə, ölkə bazarına idxal bir əllə gəlib, bir əllə gedir. Odur ki, GMO-lara qarşı mübarizədən danışan hökumət ilk növbədə normal biznes və sahibkarlıq mühitini formalaşdırmaq barədə düşünməlidir. Monopoliya ölkəni başına alıb gedir. Gələcəkdə belə addımların fəsadları daha ağır olacaq. İqtisadiyyatın vəziyyəti elədir ki, bazar rəqabət nəticəsində tamamilə məmurlar tərəfindən ələ alınıb. Monopoliyanın aradan qaldırılması məmurların iqtisadiyyatdan uzaqlaşdırılması ilə baş tuta bilər. Məmurlar sahibkarlıqla məşğul ola bilməz. Məşğul olarsa, ortaya da istər bahalaşma, istər GMO-ların bazarı ələ keçirməsi kimi neqativ hallar yaranar.
Bütün bu deyilənlərin fonunda bir daha aydın olur ki, ölkədə GMO məhsullarının tüğyan etməsində əsas səbəbkar qismində müəyyən məmurlar çıxış edir. Bu da yazının əvvəlində qeyd etdiyimiz kimi, onların Milli Məclisdə belə hallara qarşı cəzaların sərtləşdirilməsini təmin edəcək qanun layihəsinə qarşı sərt reaksiya vermələrini şərtləndirir.
İndiyədək Azərbaycanın parlament təcrübəsində belə hallar bir neçə dəfə yaşanıb ki, hansısa qanun layihəsi məmur maraqlarına ziddiyyət təşkil edəndə onun qəbulu illərcə gecikib, təxirə salınıb, reallaşmayıb. Məsələn, Rəqabət Məcəlləsinin qəbulunun az qala 10 ildir düyünə düşməsinin məhz müəyyən iri məmurların mənafelərindən irəli gəldiyini bilməyən yoxdur.
İndi maraq doğurmaya bilməz ki, görəsən, biz eyni halı genetik modifikasiya olunmuş məhsullarla bağlı məlum qanun layihəsinin qəbulu prosesində də müşaiyət edəcəyik ya yox? Əgər həmin qanunun qəbulu gecikərsə, artıq heç bir şübhə qalmayacaq ki, Azərbaycanda GMO-larla bağlı yaranmış acınacaqlı durum birbaşa bəzi məmurların “qaz vurub qazan doldurmaq” niyyətindən, daha da varlanmaq istəyindən yaranmışdır.
Günel Əkbər
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53