Rusiya Ermənistana qəzəblənə bilər
Rusiya Ermənistana qəzəblənə bilər

Sərkisyan Avropa İttifaqına müsbət cavab versə Kreml sərtləşəcək

BMT-nin 68-ci sessiyası çərçivəsində Nyu-Yorkda Ermənistanın xarici işlər naziri Edvard Nablandyanla görüşən Slovakiya baş nazirinin müavini Miroslav Lajçak Ermənistanın Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramına qoşulması üçün böyük potensiala sahib olduğunu bildirdi. Lajçak qeyd edib ki, Ermənistanın Aİ-nin Şərq Tərəfdaşlığı proqramında iştirakı üçün ciddi əngəllər yoxdur.

E.Nalbandyan isə Slovakiyanın dövlət rəsmisinə Ermənistanın Aİ-nin Şərq Tərəfdaşlığının Vilnüs Sammitində iştirakı üçün gördüyü hazırlıq işləri barədə məlumat verib və bildirib ki, ölkəsi həmin proqramda iştirak etməkdə maraqlıdır. Lakin bir müddət əvvəl Edvard Nalbandyan Rusiya mətbuatına açıqlamasında Ermənistanın Gömrük Birliyinə üzv olmasını ölkəsinin maraqlarını əks etdirdiyini bildirdi. Prezident Serj Sərkisyan da Avropa İttifaqının komissarı Stefan Füle və ali rəsmisi Ketrin Eştonla son görüşündə Ermənistanın təşkilata üzv olmasının qarşısında heç bir əngəlin olmadığını bildirdi. Sərksiyan Kremli birinci dəfə aldadanda Rusiyanın “Qazprom” şirkəti Ermənistana satdığı qaza görə 65%-lik gömrük vergisi tətbiq etdi. Yenə də erməni hakimiyyəti Rusiya ilə ikili standartlara cavab verən oyun nümayiş etdirir. Amma bu dəfə Sərkisyanın Rusiyaya gələcəyi kələk Ermənistana baha başa gələcək. Miras Partiyasının lideri Raffi Ovanesiyan İrəvanda keçirilən anti-hökumət mitinqindəki çıxışında bildirdi ki, hakimiyyətin Gömrük Birliyi ətrafında sərgiləcəyəcəyi oyun Ermənistanı məhv edəcək. Sərkisyanın son anda fikir dəyişdirərək GB-ya yox, Aİ-yə üstünlük verməsi Cənubi Qafqazda küncə sıxışdırılmış Ermənistanın dünya ilə əlaqəsini tamamilə kəsəcək. Dağlıq Qarabağ münaqişəsinə görə Azərbaycan və Türkiyə ilə sərhədi bağlanmış Ermənistan separatçılıq fəaliyyətinə görə Gürcüstanla o qədər də açıq əlaqələrə sahib deyil. İranın strateji cəhətdən əlverişsiz mövqedə yerləşməsi Ermənistanın bu ölkə ilə sərbəst iqtisadi əlaqələrinə mane olur. Qərb Ermənistan-Türkiyə sərhədlərinin açılmasını gündəmdə saxlamağa çalışsa da yaxın gələcəkdə rəsmi Ankaranın İrəvana müsbət cavab verəcəyi inandırıcı deyil. Çünki Türkiyə prezidenti Abdulla Gül və Baş naziri Rəcəb Tayyib Ərdoğan verdiyi son bəyanatlarda bildirdilər ki, sərhədlərin açılması üçün Ermənistan silahlı qüvvələrini işğal altında olan Dağlıq Qarabağdan çıxarmalıdır. Türkiyədə baş verən hakimiyyət dəyişikliyinin də Ermənistana yaşı şeylər vəd etməsi absurddur. Çünki müxalifət (MHP) lideri Kamal Kılıçdaroğlu da mövcud hakimiyyətin Ermənistanla bağlı mövqeyini dəstəkləyir. Ermənistanın bölgədə pis vəziyyətdə qalması sözsüz ki, Cənubi Qafqazın açar dövləti hesab edilən Azərbaycan ərazilərini (Dağlıq Qarabağ) işğal etməsilə bağlıdır. Rəsmi Bakı dəfələrlə İrəvanı işğalçılıq siyasətindən əl çəkməyə çağırıb, əvəzində Ermənistana regionda reallaşdırdığı beynəlxalq iqtisadi layihələrdə iştirak etmək vədini verib. Lakin bu günədək ermənilər Azərbaycan hakimiyyətinin çağırışlarına müsbət cavab verməyib. Payızda Gürcüstanda keçiriləcək prezident seçkiləri də Ermənistan üçün yaxşı olmayacaq. Prezident Mixail Saakaşvili və komandasının seçkidəki məğlubiyyəti Ermənistanın dünyaya açılan qapılarını tamamilə bağlayacaq. Çünki bundan sonra hələ bir neçə ay bundan qabaq hakimiyyətdəki mövqeyini möhkəmləndirən Bidzina İvanişvilini Gürcüstanda idarəçiliyi tamamilə ələ keçirəcək. Kremlə yaxınlığı ilə seçilən İvanişvilinin Rusiyanın əleyhinə addım atacağı az inandırıcıdır. Digər faktor İran ətrafında yaranmış vəziyyətlə bağlıdır. İran prezidenti Həsən Ruhaninin amerikalı həmkarı Barak Obama ilə telefon danışıqlarından sonra tərəflər arasında buzların yavaş-yavaş əriməsi proqnozu verilsə də vəziyyət tamamilə başqa istiqamətə inkişaf edəcək. Tehran müəyyən məsələlərdə Vaşinqtona qarşı yumşalma siyasətinə getsə belə İranın İsraillə bağlı mövqeyində hər hansı bir dəyişiklik yoxdur. İsrail isə ABŞ-ın Yaxın Şərqdə əsas müttəfiqlərindən biridir. Avropalı analitiklərin fikrincə, ABŞ regionda sərgilədiyi ssenarini İsrailin təhlükəsizliyinin təmini üçün həyata keçirir. Digər tərəfdən də İranın Buşehr kimi əhəmiyyətli Atom Elektrik Stansiyaları Rusiyanın əlindədir. Həsən Ruhani və xarici işlər naziri Məhəmməd Zərif verdiyi bəyanatlarda İranın nüvə proqramından imtina etməyəcəklərini bildirdilər. Bu isə Rusiyanın İrandan geri çəkilməməsi deməkdir. Belə olan vəziyyətdə Ermənistan Moskvanın regionda yaratdığı vakkum sahəsində boğulacaq.
***
Sərkisyanın Kremli arxadan vurmasından sonra Ermənistanın real təhlükə ilə üzləşəcəyinin ən başlıcası iqtisadi və hərbi amillərlər bağlıdır. Çünki, Ermənistan təbii sərvətlərdən tamamilə məhrumdur, Rusiyadan enerji asılığı var. Bütün enerji sistemi (“ArmRos”) tamamilə “Qazproma” məxsusdur. İqtisadi potensialı olduqca aşağı qiymətləndirilən Ermənistan dünya ilə sərbəst ticarət bazarını 22 ildir “keçid dövrü”ndə saxlayır. Coğrafi relyefinin əlverişsiz olması və yüksələn xətt üzrə inkişaf edən infiliyasiya kənd təsərrüfatını digər iqtisadi sahələr kimi məhv edib. Sənayeləşmə isə demək olar ki, yoxdur, bu sahənin çökməsi ölkə iqtisadiyyatını hiperinfiliyasiyaya sürükləyir. Yoxsulluğun səviyyəsi az qala 60%-ə çatıb. İqtisadi səbəblərə görə hər ay Ermənistanı 100-dən çox insan tərk edir. Rəsmi statisikada Ermənistan əhalisi 3.3 milyon göstərilir, yoxsulluğa görə ölkəsindən qaçan ermənilərin sayı isə 2.8 milyondur. Ermənilər gündəlik 1.5-2 dollardan da aşağı pula yaşamaq məcburiyyətindədirlər. İqtisadiyyatın özəlləşdirmə sektorunda sui-istifadə halları və qeyri-qanuni qaydalar geniş yayılıb. Sahə tamamilə hakim zümrənin nəzarəti altındadır. Razdan İstilik Elektrik Stansiyası, Zvartnos Beynəlxalq Hava Limanı, İrəvan Konyak zavodu, Metsamor Atom Elektrik Stansiyası, “Armentel” Telekomnukasiya Sistemi, ən böyük mehmanxanalar külli miqdarda dövlət borcunun bir hissəsinin silinməsi qarşılığında Rusiyaya verilib. Ölkə turizm sezonunu ildə 15-20 min əcnəbilə yola verir. 1 ABŞ dolları 490 (bəzən 500) erməni dramına dəyişdirilir. Ermənilər dövlət və özəl sektorların əksəriyyətində aylıq 50-80 dollara işləməyə məcburdurlar. Hərbçilərə 32 500 dram (təxminən 80 dollar) əməkhaqqı verilir. Xidmət və inşaat sektorlarında inkişaf gözə çarpmır. Ermənistanın xarici dövlət borcu 10 milyard, daxili borcu isə 2 milyard dollara çatır. İqtisadiyyatdakı idxalat və ixracat prosesləri yalnız xaricdəki erməni lobbisi və diasporasının hesabına həyata keçirilir. İxracat sahəsində 900 milyon dollar gəlir əldə edildiyi halda, idxalatda bu rəqəm 5 milyard dollardır. Bundan başqa Ermənistan silahlı qüvvələrinin sərəncamında olan hərbi texnikaların hamısı Rusiyaya məxsusdur.
***
ABŞ və Qərbdən vədlər alan Ermənistan hakimiyyəti Avropa İttifaqının maraqlarına cavab verən addım atacaq. Təşkilat rəsmilərinin səsləndirdiyi nikbin bəyanatlar Qərbin Rusiyaya hazırladığı gizli ssenaridən xəbər verir. Lakin Yaxın Şərq ətrafında yaranmış gərgin vəziyyət ABŞ və Qərbin planlarını dəyişərək bütün siyasi arsenalını Cənubi Qafqaza çevirəcəyi inandırıcı deyil. Belə olan vəziyyətdə Sərkisyanın Avropa İttifaqının Vilnüs sammitində sənədə atacağı imza Putin tərəfindən dəmir yumruqla qarşılanacaq. Rusiya Ermənistandan qisas almaq üçün bu ölkəyə ordu yeritməyəcək, sadəcə ayırdığı humanitar və iqtisadi yardımları kəsəcək, yeni enerji rejimi tətbiq edəcək. Belə bir vəziyyət isə Ermənistanın məhv olması üçün bəs edər.
Ömər Zamin