"AST Telman"ı bəzi nazirlərimiz niyə sevmir?
11:24 04-10-2013
İQTİSADİYYAT
"AST Telman"ı bəzi nazirlərimiz niyə sevmir?
Telman İsmayılovun Heydər Babayevlə yaxın münasibətlərinin olduğu deyilir
Uzun illər Azərbaycanda müxtəlif sahələrə maraq göstərən və investisiya qoymaq istəyən "AST Telman" kimi məşhur olan Telman İsmayılov həmişə bu niyyətini həyata keçirməkdə problemlərlə üzləşib. Daha doğrusu, məşhur biznesmenin hər dəfə bu cür cəhdləri sonradan nəyə görəsə səmərəsiz qalıb.
Məsələn, ötən ilin feralında Azərbaycanın aparıcı kütləvi informasiya vasitələrindən biri yazırdı ki, yəhudi əsilli azərbaycanlı milyarder Azərbaycanda iri biznes layihələrinə yatırım qoymaq üçün hökumətdəki müəyyən çevrələrlə danışıqlar aparır. Biznes dairələrindəki məlumatlı mənbənin bildirdiyinə görə, o, Rusiyada fəaliyyətini məhdudlaşdırdıqdan sonra kapitalının bir hissəsini Azərbaycana yönəldib. "T.İsmayılovun Azərbaycanda artıq bir neçə iri biznes layihəsini başlatdığı, lakin iş adamının bu layihələri gizli saxlamaqda maraqlı olduğu bildirilir" deyə həmin vaxt sözügedən KİV yazırdı.
Amma sonradan bu istiqamətdə yeni heç bir bilgi ortaya çıxmadı və bu da bir çoxlarında belə bir qənaəti bir daha möhkəmləndirdi ki, növbəti dəfə "AST Telman"ın Bakıda biznes qurması əngəlləndirilib.
Bu ilin yazında isə Telman İsmayılovun Azərbaycanda "futbol biznesi"nə girişmək istədiyi, hansısa klubun sponsorluğunu üzərinə götürməyə can atdığı və bu vasitə ilə də sonradan ölkəmizdə biznes imkanlarını genişləndirməyi hədəflədiyi yönündə xəbərlər yayıldı. Amma sonradan bu istiqamətdə də heç bir gəlişmə yaşanmadı, əvvəlki illərdə olduğu kimi tanınmış milyarderimizin niyyəti yenə də hansısa səbəblər ucbatından reallaşmamış qaldı.
Bəzi müşahidəçilərin fikrincə, bu, Telman İsmayılova etimadsız münasibətlə bağlıdır. Yəni onun siyasi "çp"lərə yol verməsi istisna edilmir; məsələn, "AST Telman"ın Rusiyada hakimiyyətin qəzəbinə gəlməsi iş adamının özünü həddən artıq güclü hesab etməyə başlaması və "yüksəkdən uçmağa" cəhd etməsi ilə əsaslandırılır. Analoji səhvlərə Telman İsmayılovun Azərbaycanda da yol verməyəcəyinə isə təminat yoxdur.
Daha bir maraqlı iddia isə vaxtilə bizim hökumətdə önəmli vəzifə tutmuş, amma sonradan "vurulmuş" bir çox sabiq məmurlarla isti münasibətləri haqqındadır. Bildirilir ki, belə sabiqlərin bəziləri ilə "AST Telman"ın yaxın münasibətlər saxlaması vaxtilə onlarla hakimiyyətdaxili toqquşma şəraitində olan və hələ də vəzifəsində qalan bir çox iri məmurları qıcıqlandırır. Bu xüsusda sabiq iqtisadi inkişaf naziri Heydər Babayevin adını çəkmək olar.
Bildirildiyinə görə, "AST Telman"la hakimiyyətdaxili qruplaşmaların mübarizəsi sonucunda məğlub olan və beş il əvvəl iqtisadi inkişaf naziri postundan "vurulmaqla" vəzifə karyerasında uğursuzluğa düçar edilən Babayevlə İsmayılovun səmimi münasibətləri var, onlar bir-birlərinə hədsiz ehtiram və etibarla yanaşırlar. Bu da zamanında anti-Babayevçi olaraq bilinən bəzi iqtidariçi çevrələri narahat edir, qıcıqlandırır. Son nəticədə isə onlar adıçəkilən azərbaycanlı milyarderin ölkəmizdə biznes yatırımı ilə məşğul olmasına sıcaq yanaşmırlar.
"AST Telman"la Heydər Babayevin münasibətlərindəki yaxınlıq və səmimiyyəti sabiq iqtisadi inkişaf nazirinin indiyədək ən azı iki dəfə Türkiyənin Antalya şəhərində dünyanın ən bahalı hotellərindən biri olan, Telman İsmayılova məxsus "Mərdan Palase"yə qonaq olması da təsdiqləyir.
Bir xeyli əvvəl isə sabiq iqtisadi inkişaf nazirinin qardaşı, "Qara Yaşar" ləqəbi ilə tanınan Yaşar Heydərovun da "Mardan Palase"də dincəldiyi xəbəri yazılmışdı.
Bu isə Babayevin "AST Telman"la yaxın münasibətlərinin olduğu, hətta işgüzar əlaqələrinin belə ola biləcəyi yönündə səslənən iddialarda həqiqət payının varlığına inanmaq üçün əsas verir. Əlbəttə, İsmayılovun Azərbaycanda biznes qurmaq və onu genişləndirmək niyyətinin illərdən bəridir təxirə düşməsində bu amilin rolunun nə qədər olduğunu birmənalı demək də çətindir. Amma nəzərə alsaq ki, keçmiş iqtisadi inkişaf nazirinin hakimiyyət daxilində xeyli rəqibi var idi, onda bu ehtimalı gözardı etmək yəqin ki, doğru olmazdı.
Günel Əkbər
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53