Orxan Zeynalov işində generalların gizli savaşı
11:28 18-10-2013
SİYASƏT
Orxan Zeynalov işində generalların gizli savaşı
“Pokrov” bazasının sahibi olan azərbaycanlının qaynatası rus generalıdır
Moskva sakini Yeqor Şerbakovun qətlə yetirilməsində şübhəli sayılan Azərbaycan vətəndaşı Orxan Zeynalovun həbsi heç də prosesləri səngitmədi əksinə vəziyyət daha da gərginləşdi. Sən demə bu gərginliyin yaranmasının isə özəl və gizli səbəbləri var. Başqa cür desək Rusiyada Orxan Zeynalov olayı atıq Kreml generallarının savaşına çevrilib.
Bu haqda sonra. İndi isə baş verənlərin mövcud durumuna diqqət yetirək. Çox gülməli və təəccüb yaradacaq ilk addım bu oldu ki, adi bir məişət zəmnində baş verən olay kifayət qədər şişirdildi və Rusiyada millətçilər təşkil olunmuş şəkildə ayağa qaldırıldı və nəticədə müəammalı şəkildə ““Pokrov” meyvə-tərəvəz bazası bağlanılıb və bildirilib ki, bir sıra məsələlər aydınlaşana qədər bazar 3 ay bağlı qalacaq. Maraqlıdır Orxan Zeynalovun qətlinin bazara nə aidiyyatı? Sən demə bütün sirlərdə elə bu bazarla bağlıdır və Orxan Zeynalovun törətdiyi qətl sadəcə bəhanə olub. Gəlin məsələnin təfsilatına varaq. Aydın olur ki, ““Pokrov” meyvə-tərəvəz bazasında əsasən azərbaycanlılar çalışır və oranın sahibi Şəmkirli bir iş adamıdır. Və Şəmkirli iş adamının həyat yoldaşı, Rusiyada nüfuzlu bir generalın qızıdır və dolayı yolla bu bazaya həmən general himayədarlıq edirmiş. Amma bu bazaya Moskvada diqqət ayıran və oranı ələ keçirtməyə çalışan başqa nüfuzlu şəxslər və generallarda olub. Məhz Orxan Zeynalov olayı ortaya çıxandan sonra həmən qüvvələr hərəkətə keçib və bazanı ələ keçirtmək üçün ciddi addımlar atılır. Bunun məntiqi nəticəsidir ki, bu gün Orxan Zeynalovla ““Pokrov” meyvə-tərəvəz bazası sinonimləşdirilir. Sanki bu baza olmasaydı bu qətldə törədilməzdi. Son bir neçə gün ərzində Rusiyada cərəyan edən hadisələr bu fikri daha da möhkəmləndirir. Hətta təsəvvürünüzə gətirin ki, adi bir cinayətkarı Rusiyanın Daxili İşlər Naziri əli qandallı, xüsusi mühafizə altında qəbuluna gətizdirir. Bu isə bir tərəfdən görüntü yaratmaq idisə, digər tərəfdən nazir olan generalın, baza sahibinin qaynatası olan generala sanki mesajı idi. Bu isə bir daha təsdiqləyir ki, baza uğrunda generalların və iş adamlarının savaşı gedir. Görünür buna görə də artıq istər Rusiyada yaşayan azərbaycanlılar, istərsə də rəsmi Bakı hərəkətə keçib.
Diasporlardan reaksiya
Belə ki, “Azerros” Ağsaqqallar Şurasının sədri Abbas Abbasov Rusiyada iğtişaşlara səbəb olan qətl hadisəsi ilə bağlı sərt açıqlama verib və bəyan edib ki, baş verən hadisə ilk olaraq böyük ağrıdır,amma hazırda həyata keçirilən siyasət doğru deyil və bu yanlış siyasətdir:-“ Bütün baş verənlər sistemin mövcud olmamasının göstəricisdir. Hər kəs bilirdi ki, bu bazarlar Rusiyada mövcuddur. Baş verən hər şeyin bir səbəbi olur. Bu insanlar kosmosdan enmirlər, onlar müxtəlif dövlətlərdən gəlmiş insanlardır. Sərhəd zonasını, gömrüyü keçirlər, sonda isə Federal Miqrasiya xidmətində qeydiyyatdan keçməlidirlər. Orxan Zeynalov da Rusiyaya hansısa kosmos aləmindən gəlməyib. Hansı ölkədən gəlməyindən asılı olmayaraq hər bir vətəndaş Rusiya qanunlarına əməl etməlidir. Lakin bir nəfər görə bütün milləti şablonlaşdırmaq düzgün deyil”.
Polad Bülbüloğlundan sərt reaksiya
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu ölkədə baş verən qalmaqallı qətllə bağlı fikirlərini bölüşüb və bildirib ki, Rusiya XİN-nə nota göndərəcəyik. Konsulluqdan yardımı tələb edəcəyik. Cinayətdə ittiham olunan şəxsə vəkil, tərcüməçi verilməlidir, hər şey qanun çərçivəsində olmalıdır”.Səfir eyni zamanda cinayətdə şübhəli bilinən birinə qarşı sərgilənən davranışı, onun Rusiya DİN rəhbərinin hüzuruna gətirilməsini də şərh edib və pisləyib:“Bu çox vacib məqamdır. Məişət zəminində baş verən cinayətdir. Dünyanın istənilən meqopolisində gündə belə cinayətlər olur. Baxın görün bunun ətrafında necə isteriya yaratdılar. Bu gün Rusiyada bir azərbaycanlı, Ruslan Arif oğlu Qaraxanlı öldürülüb. Amma biz bundan isteriya yaratmadıq... Azərbaycan Rusiyanın strateji partnyorudur. Putinin səfəri də bunu təsdiq etdi. Belə məişət zəminində cinayətlər olub, olur və olacaq”.Bütün bunlar isə göstərir ki, bir baza uğrunda başlayan şou artıq siyasi bir prosesə çevrilib və siyasi güclərin müdaxiləsi olmazsa vəziyyət daha da gərginləşə bilər. Yeri gəlmişkən bunu da qeyd edək ki, Rusiyada baş verənlərə və Rusiya rəsmilərinin hərəkətlərinə Azərbaycandan reaksiya çox sərt oldu və iqtidardan və ya müxalifətdən olmalarına baxmayaraq bütün güclər bəyanatlarla çıxış etdilər.
Əli Həsənovdan
xəbərdarlıq
Azərbaycan Respublikası Prezidenti Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov isə qeyd edib ki, kimin tərəfindən törədilməsindən asılı olmayaraq, istənilən cinayət ölkə qanunvericiliyi çərçivəsində araşdırılmalı, onu törədən şəxs məsuliyyətə cəlb olunmalı və müvafiq cəzasını almalıdır: “Ancaq bu proses həmin ölkədə yaşayan, qanuni şəkildə əmək fəaliyyəti ilə məşğul olan digər xarici vətəndaşların, hansısa xalqın nümayəndələrinin hüquqlarının, biznes fəaliyyətinin məhdudlaşdırılmasına, yerli ictimaiyyətdə onlara qarşı mənfi rəy formalaşdırılmasına təkan verməməlidir.
Dərin təəssüf hissi ilə bildirirəm ki, Moskvada bir nəfər ehtimal edilən qatilin tapılması üçün bu məsələyə aidiyyəti olmayan çoxsaylı miqrantın saxlanılması, onların incidilməsi, yaranmış vəziyyətin süni şəkildə şişirdilməsi halları baş verir ki, bu da çoxmillətli və çoxkonfessiyalı Rusiya cəmiyyətində milli ayrı-seçkiliyin, ksenofobiyanın, irqçilik meyllərinin güclənməsinə xidmət edir, diskriminasiya xarakteri daşıyır və yeni qanun pozuntularına yol açır. Xüsusilə qeyd etmək istərdim ki, hüquq-mühafizə orqanlarının fəaliyyəti, amiranə ritorikası, cinayətkar olduğu ehtimal edilən şəxsin saxlanması zamanı yol verilmiş zorakılıq, onun sonradan açıq şəkildə internetdə və KİV-də nümayiş etdirilməsi sağlam məntiq nöqteyi-nəzərindən izah oluna bilməz”.
Ə. Həsənov qeyd edib ki, Rusiya çoxmillətli dövlətdir, orada uzun əsrlərdir çoxsaylı xalqların nümayəndələri birlikdə yaşayır və çalışırlar: “Çoxmillətli ölkələrdə yalnız milli və dini tolerantlıq, xalqlar arasında balanslı, ölçülüb-biçilmiş siyasət müvəffəqiyyət qazana bilər. Tarixdən də bəllidir ki, bu balansın pozulması həmin ölkələrdə ciddi sarsıntılara, problemlərə səbəb olur. Buna görə də çoxmillətli cəmiyyətlərdə millətlərarası münasibətlərə yanlış siqnal effekti verən ritorikaya yer olmamalı, irqçilik, diskriminasiya, ksenofobiya kimi zərərli meyllərin qarşısı vaxtında alınmalıdır. Məsələn, Azərbaycan da Rusiya kimi çoxmillətli dövlətdir. Amma Azərbaycanda cinayətkarın milli və etnik mənsubiyyəti heç vaxt müzakirə mövzusu olmamışdır, milli və dini tolerantlığa xələl gətirə biləcək istənilən cəhdin qarşısı qətiyyətlə alınmışdır. Düşünürəm ki, Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən bu hadisə ətrafında həyata keçirilən qeyri-adekvat tədbirlər, yerli KİV-lərin qızışdırıcı mövqeyi bumeranq effekti verə və Rusiya cəmiyyəti üçün arzuolunmaz proseslərin inkişafına şərait yarada bilər.
Digər tərəfdən, Moskva böyük meqapolisdir, orada hər gün onlarla cinayət hadisəsi baş verir. Belə olan halda konkret bir cinayət hadisəsinin xüsusi qaydada seçilməsi və onun ətrafında xoşagəlməz süni ajiotajın yaradılması və qızışdırılması olduqca düşündürücü faktdır.
Ümid edirik ki, Rusiya xalqı və hökuməti müəyyən maraqlı dairələrin belə təhlükəli təxribatlara yol verməsinin qarşısını alacaq və bu tipli milli ayrı-seçkilik meylləri Rusiya cəmiyyətinin dərin qatlarına ayaq açmayacaq”.
Beynəlxalq
qrumlardan reaksiya
Moldaviyalı ombudsman Aureliya Qriqoriya gördüklərinə vəkil və hüquqşünas kimi qiymət verərək bildirib ki, həmyerlimizin situasiyasında cinayət hüququnun bir sıra prinsipləri pozulub: “Burada ilk olaraq qanunilik prinsipindən söhbət gedir. Həmin prinsipə əsasən, məhkəmə instansiyasının qərarı olmadan heç kim hər hansı bir cinayətdə günahkar elan oluna və cəzaya cəlb oluna bilməz. Təqsirsizliyin prezumpsiyası prinsipinə əsasən, törətdiyi cinayət məhkəmədə sübut olunanadək hər bir kəs təqsirsiz hesab olunur, qanun qarşısında bərabərlik prinsipinə əsasən, cinsi, irqi, dərinin rəngi, dili, dini siyasi və ya digər baxışlarından, milli və sosial mənşəyindən, hər hansısa milli azlığa mənsub olmasından, əmlak, silki və ya hər hansı digər mənsubiyyətindən asılı olmayaraq hər kəs qanun, prokurorluq orqanı və məhkəmə instansiyası qarşısında bərabərdir. İnsan hüquqlarının qorunması prinsipinə əsasən, cinayət mühakiməsində iştirak edən hər bir kəsin şəxsiyyət hüquqlarının azadlıq və ləyaqətinə hörmət edilməlidir. Bütün bunlar saxlanılan O.Zeynalova qarşı törədilmiş hüquq pozuntularının yalnız bir hisəsidir” - deyə A.Qriqoriu vurğulayıb.
Onun özlərinə görə, O. Zeynalovun nəqliyyat vasitəsində üzü aşağı uzadılmış vəziyyətdə və meyit kimi baş, üzü örtülmüş halda çatdırılması insan ləyaqətinin alçaldılmasını göstərir:- “Nümayiş olunmuş operativ fəaliyyətin özü günahın sübutundan daha çox suallar doğurur. Məsələn, cinayətdə təqsirli bilinən şəxslərdən neçəsi Rusiya DİN-inə təqdim olunub? Törədilmiş cinayətin Biryulov mərkəzi və oradakı “qafqazlıların” necə işlədikləri ilə nə kimi əlaqəsi var? Şübhəli bilinən şəxsin etnik mənsubiyyətinin xüsusi vurğulanmasında əsas məqsəd nə idi? və s.”
Mehdi Əli
Digər Xəbərlər
2024-12-25 20:58:12
2024-12-25 20:30:19
2024-12-25 19:19:09
2024-12-25 18:32:06
2024-12-25 16:28:18
2024-12-25 16:16:43
2024-12-25 16:14:03
2024-12-25 15:50:58
2024-12-25 14:37:01
2024-12-25 14:24:30
2024-12-25 13:25:11
2024-12-25 13:12:39
2024-12-25 13:01:57
2024-12-25 12:53:07
2024-12-25 12:52:03
2024-12-25 12:08:43
2024-12-25 00:31:48
2024-12-24 19:48:00
2024-12-24 19:24:05