"Müasir dünyada texnoloji tərəqqi və rəqəmsallaşma fonunda məlumatlara əlçatanlıq tələbatı günü-gündən artır. Lakin rəqəmsal mühitin bu dərəcədə genişlənməsi yeni strateji çağırışlar yaradır. Belə ki, durmadan artan məlumatların işlənməsi, təhlükəsizliyi və qorunması üçün çox böyük həcmdə texnoloji resurs və güclü infrastruktur tələb olunur".

"Unikal" xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) rəis müavini Allahverən İsmayılov "Ağıllı ətraf mühit və yaşıl texnologiyalar – 2026” beynəlxalq elmi konfransda çıxışı zamanı deyib.

Rəis müavini bildirib ki, rəqəmsal infrastruktura olan bu tələbat, təbii olaraq, dünya miqyasında nəhəng data mərkəzlərinin qurulmasına və nəticədə böyük həcmdə enerji istehlakına səbəb olur:

"Bu gün rəqəmsal dayanıqlığın təmin edilməsi məsələsi artıq təkcə proqram təminatları ilə deyil, birbaşa ekoloji faktorlarla və enerji effektivliyi ilə ölçülür. Bu səbəbdən artıq yeni yaradılan və modernləşdirilən bütün məlumat mərkəzləri məhz bərpa olunan, yaşıl enerji texnologiyalarının tətbiqi əsasında fəaliyyət göstərməlidir. Rəqəmsal infrastrukturun yaşıl enerji resursları ilə təmin edilməsi həm karbon emissiyasını azaldacaq, həm də gələcəyin rəqəmsal iqtisadiyyatını ekoloji cəhətdən tam zərərsiz formaya salacaqdır. İnnovativ texnologiyaların ətraf mühitlə kəsişdiyi ən mühüm nöqtələrdən biri də şübhəsiz ki, "Ağıllı şəhər" konseptləridir. Bu sistemlərin mərkəzində dayanan Əşyaların İnterneti (IoT) texnologiyaları bugün resursların optimallaşdırılmasına, tullantıların idarə olunmasına, nəqliyyatın tənzimlənməsinə və enerjiyə qənaət edilməsinə birbaşa xidmət edir. Lakin rəqəmsal idarəetməyə keçən hər bir ağıllı ətraf mühit elementi özü ilə bərabər ciddi kibertəhlükələr də gətirir.

Ağıllı şəhər infrastrukturunu formalaşdıran sistemlərə edilə biləcək potensial kiberhücumlar birbaşa olaraq həmin sistemlərin iflic edilməsi, yəni real xaosun yaradılması xarakteri daşıya bilər. Məhz qeyd olunan istiqamətlərdə dövlət tənzimlənməsinin həyata keçirilməsi, ölkənin informasiya məkanının təhdidlərdən qorunması, rəqəmsallaşma prosesinin təkmilləşdirilməsi, süni intellekt sahəsi və innovativ texnologiya və həllərin tətbiq edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərman və Sərəncamları ilə bir sıra sənədlər, dövlət proqramları təsdiq edilib. Bu sənədlər sırasında "Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyinə dair 2023 – 2027-ci illər üçün Strategiyası", "Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası", "Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası", "Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı" və digər dövlət proqramlarını qeyd etmək olar. Bu dövlət proqramları və strategiyalar qarşımıza çox aydın hədəflər qoyur. Adı çəkilən sənədlər ölkənin rəqəmsal gələcəyinin hüquqi və strateji əsaslarını formalaşdırır, eyni zamanda qoyulan tapşırıqların kompleks və koordinasiyalı fəaliyyət əsasında təşkilini həyata keçirir".

A.İsmayılov qeyd edib ki, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə aid tapşırıqlar informasiya təhlükəsizliyinin və kibertəhlükəsizliyin təmini üzrə milli informasiya infrastrukturunun mühafizəsi, kiberhücumların qarşısının alınması, dövlət orqanlarının informasiya sistemlərinin təhlükəsizliyinin gücləndirilməsi və bu sahədə operativ reaksiya mexanizmlərinin təkmilləşdirilməsi istiqamətlərini əhatə edir:

"Eyni zamanda rəqəmsallaşan dövlət infrastrukturunda informasiya təhlükəsizliyi qaydalarının düzgün tətbiqinə nəzarət etmək, yaşıl və ağıllı texnologiyalar tətbiq edilərkən sistemlərdə və ağıllı cihazlarda hər hansı bir boşluğun qalmasına yol verməmək, bu yeniliklərin ilk gündən təhlükəsizlik standartlarına uyğun qurulmasını təmin etmək və riskləri qabaqcadan idarə etmək əsas məqsədlərdəndir. Bu gün rəqəmsal dünyanın gəlib çatdığı ən son zirvə – süni intellektin insan idrakının sərhədlərini aşan sürətli inkişafıdır. Neyron şəbəkələrinin və mürəkkəb generativ süni intellekt modellərinin öyrədilməsi və işlədilməsi üçün qlobal miqyasda nəhəng hesablama güclərinə, xüsusilə də yüksək performanslı qrafik prosessorların kütləvi istehsalına və fəaliyyətinə ehtiyac yaranıb. Bu texnoloji yarışın da ətraf mühitə, təbii olaraq, istilik ayrılması və yüksək enerji sərfi baxımından ciddi mənfi təsirləri mövcuddur.

Süni intellektin təlimi üçün istifadə olunan nəhəng məlumat mərkəzləri qlobal elektrik istehlakının artmasına və nəticədə karbon emissiyalarının yüksəlməsinə birbaşa səbəb olur. Modellərin miqyası böyüdükcə, trilyonlarla parametrli neyron şəbəkələrinin öyrədilməsi üçün lazım olan enerji miqdarı bəzən kiçik bir şəhərin illik tələbatını belə üstələyə bilir. Bu isə təkcə iqtisadi deyil, həm də ekoloji bir çağırışdır. Lakin süni intellekt sadəcə enerji istehlak edən bir qüvvə deyil; o, həm də ətraf mühitin qorunmasında mühüm bir alətə çevrilə bilər. Bu baxımdan, süni intellekt və neyron şəbəkələrinin imkanlarından yaşıl məqsədlər üçün istifadə edilməsi olduqca effektiv nəticələr verə bilər.

Belə ki, neyron şəbəkələri vasitəsilə böyük ekoloji datanı analiz edərək karbon emissiyalarını minimuma endirən ağıllı alqoritmlərin qurulması mümkündür. Eyni zamanda, bu texnologiya data mərkəzlərinin daxili soyutma sistemlərini avtomatik tənzimləyərək enerjiyə ciddi qənaət edilməsini təmin edə, həmçinin kritik infrastrukturlarda enerjinin paylanmasını optimallaşdıraraq israfın qarşısını qabaqcadan ala bilər. Burada əsas hədəf – süni intellektin inkişafı üçün tələb olunan infrastrukturun özünün də yaşıl qaynaqlardan təmin edilməsi və bu texnologiyanın bilavasitə ekoloji problemlərin həllinə yönəldilməsidir.

Dəyərli konfrans iştirakçıları,

Rəqəmsallaşma sürətləndikcə kiberfəza ilə fiziki ətraf mühit artıq vahid bir sistemə çevrilir. Təhlükəsizlik standartlarına cavab verməyən hər bir rəqəmsal infrastruktur potensial risk mənbəyidir. Bu səbəbdən, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti olaraq rəqəmsal gələcəyimizin həm kibertəhdidlərə qarşı dayanıqlı olması, həm də ekoloji standartlara uyğun formalaşması üçün fəaliyyətimizi kompleks və strateji şəkildə davam etdiririk. Bu beynəlxalq konfransın elm və praktikanın qovşağında rəqəmsal və yaşıl gələcəyimiz üçün çox mühüm, tətbiqi əhəmiyyətli innovativ həllər və təkliflər ortaya qoyacağına dərindən inanıram".

Anar Kəlbiyev