Dubay kral ailəsinin üzvü ilə evliliyi səbəbindən uzun müddət diqqət mərkəzində olan azərbaycanlı Zeynəb Cavadlının üç uşağı ilə birlikdə yoxa çıxdığı iddia edilir.
"Unikal" xəbər verir ki, Dubay vəliəhdi Şeyx Səid bin Məktum bin Rəşid Əl Məktumun keçmiş həyat yoldaşı Zeynəb Cavadlının vəkili Devid Heyq bildirib ki, müvəkkili və ya onun uşaqları barədə heç bir xəbər yoxdur .
Heyq sonuncu dəfə Cavadlı ilə bir gün əvvəl danışdığını, bundan sonra bütün ünsiyyətin kəsildiyini bildirib və vəziyyətin son dərəcə narahatedici olduğunu əlavə edib.
Britaniyalı vəkil iddia edib ki, Dubay polisi gecə Cavadlının evinə basqın edərək onu və üç qızını aparıb.
Heyd bildirib ki, "Mən inanıram ki, Dubay polisi və dövlət təhlükəsizlik qüvvələri Zeynəbin evinə basqın edərək onu və uşaqlarını aparıblar." O, həmçinin Cavadlının anasının qızını dəstəkləmək üçün Dubaya getdiyini, lakin evin bağlı olduğunu və onun ölkədən çıxmasına icazə verilmədiyini bildirib.
Məsələnin mərkəzində uzun müddətdir davam edən qəyyumluq mübahisəsi dayanır. İki ay əvvəl Dubay məhkəməsi Cavadlıya üç qızını ataları Şeyx Səidə təhvil verməyi əmr etmiş və əmrin "lazım gələrsə, zorla" icra edilə biləcəyini bildirmişdi. Cavadlı əvvəllər uşaqlarının qəyyumluğunu qorumaq üçün mübarizə apardığını və ona təzyiq göstərildiyini bildirmişdi.
Aprel ayında yayımlanan videomüraciətdə keçmiş milli gimnast Dubay polisinin uşaqlarını aparacağından qorxduğunu bildirib. Göz yaşları içində danışan Cavadlı məhkəmə qərarlarına əsasən evinə basqın ediləcəyi və uşaqlarının zorla götürüləcəyi barədə bildirişlər aldığını izah edib.
Cavadlı hadisəsi Dubay kral ailəsi ilə bağlı keçmişdə irəli sürülən mübahisəli iddiaları da yenidən canlandırıb. Bundan əvvəl Şeyx Məhəmmədin keçmiş həyat yoldaşı Şahzadə Haya ölkədən qaçaraq İngiltərəyə sığınmışdı, qızı Şahzadə Lətifə isə yayımladığı videolarda azadlığının məhdudlaşdırıldığını iddia etmişdi.
Devid Heyq bildirib ki, Cavadlı Birləşmiş Millətlər Təşkilatı ilə hüquqi proseslərə başlayıb və beynəlxalq təşkilatları təcili müdaxilə etməyə çağırıb. Bu arada, "Daily Mail" qəzetinin məlumatına görə, Dubay polisi və Şeyx Səidin vəkili iddialarla bağlı dindirilib, lakin hələlik rəsmi açıqlama verilməyib.
Gülayə Mecid























































