Tehran Hörmüz boğazından keçid üçün deyil, yalnız boğazdakı gəmilərə göstərəcəyi xidmətlər üçün ödəniş almaq niyyətindədir.

"Unikal" xəbər verir ki, bunu İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi deyib.

"İran keçid, tranzit haqqı və ya tranzit üçün gömrük rüsumları almaq niyyətində deyil. Əksinə, məqsədimiz bu sahədə Omanla birgə göstərdiyimiz xidmətlər üçün ödəniş almaqdır. Bu xidmətlərə naviqasiya, axtarış-xilasetmə əməliyyatları, təhlükəsizlik və naviqasiya təhlükəsizliyi xidmətləri, eləcə də ətraf mühitə ziyan dəydikdə çirklənmənin nəticələrinin aradan qaldırılması kimi ətraf mühit xidmətləri daxildir", - deyə o, "Mehr" agentliyinə verdiyi müsahibədə bildirib.

Qəribabadi vurğulayıb ki, bu cür tədbirlər beynəlxalq dəniz hüququna zidd deyil.

İran xarici işlər nazirinin müavini qeyd edib ki, 1982-ci il BMT-nin Dəniz Hüququ Konvensiyasında sahilyanı dövlətlərin müəyyən xidmətlərin göstərilməsi üçün ödəniş ala biləcəyi nəzərdə tutulur.

Ağarza Elçinoğlu