"Ermənilər üçün yaxşı olan bizim üçün də yaxşıdır: çünki ölkəmizdə Ermənistanın özündə yaşayanlardan daha çox erməni yaşayır".

"Unikal" xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində "İzvestiya"ya verdiyi müsahibədə bildirib.

"Bilirik ki, hazırda mövcud rəhbərlik, deyərdim ki, süni şəkildə ölkəni yol ayrıcına salmağa çalışır, ölkə üçün seçim təşkil etməyə hazırlaşır: Avropaya və ya AİB-ə getmək", - deyə Kreml nümayəndəsi qeyd edib.

Eyni zamanda, o, xatırladıb ki, Rusiya Ermənistanın KTMT ilə bağlı mövqeyindən yaxşı xəbərdardır: "Ermənistan uzun müddətdir ki, KTMT-nin işində faktiki olaraq iştirak etmir".

Peskov bildirib ki, Ermənistan üçün AİB-ə üzvlük üstünlük təşkil edir, çünki bu yolla ölkə daha sürətli inkişaf edir: "Əminik ki, əgər Avropa istiqamətini və ya AİB-ə yönəlikliyi tərəziyə qoysaq, onda AİB Ermənistan üçün üstünlük təşkil edəcək. Bu, ermənilər üçün daha sərfəlidir. Onlar AİB-də daha çox pul qazanırlar, AİB ilə daha yaxşı gələcəyə sahibdirlər, AİB ilə daha sürətli inkişaf edirlər. Avropa ilə belə bir şey olmayacaq".

Peskov vurğulayıb ki, hər halda qərar qəbul edənlər erməni xalqıdır: "Və Prezident Putin deyib: ermənilər üçün yaxşı olan bizim üçün yaxşıdır. Axı ölkəmizdə Ermənistanın özündə olduğundan daha çox erməni yaşayır".

Ağarza Elçinoğlu