Kəlbəcər rayonu Ömər aşırımı ərazisində xidməti vəzifələrini yerinə yetirərkən Azərbaycan Ordusunun hərbi qulluqçuları Mənsimli Rəcəb Miriş oğlu və Osmanov İlyas Coşqun oğlu bölgənin qarlı və buzlu olması səbəbindən yıxılaraq dərəyə düşüblər.

Müdafiə Nazirliyindən "Unikal"ın sorğusuna cavab olaraq bildirilib ki, müxtəlif bədən xəsarətləri alaraq yaralanan Osmanov İlyas Coşqun oğlu dərhal ilk yardım göstərilərək yaxınlıqdakı tibb müəssisəsinə təxliyə olunub. Vəziyyəti stabildir. 

Təəssüflə bildiririk ki, aldığı xəsarətlər nəticəsində Mənsimli Rəcəb Miriş oğlunun həyatını xilas etmək mümkün olmamışdır.

Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçuya Allahdan rəhmət diləyir, yaxınlarının dərdlərinə şərik olur, ailəsinə dərin hüznlə başsağlığı verir, yaralı hərbi qulluqçuya şəfa diləyir. 

Allah rəhmət eləsin.

Faktla bağlı araşdırma aparılır.

Anar Kəlbiyev

***14:06

Kəlbəcər rayonu ərazisində Azərbaycan Ordusunun hərbçisi həlak olub.

"Unikal" Oxu.az-a istinadən xəbər verir ki, gizir Rəcəb Mənsimli xidmət zamanı baş verən hadisə nəticəsində həyatını itirib.

İlkin məlumata əsasən, hadisə Kəlbəcərdə yerləşən Ömər aşırımı istiqamətində qeydə alınıb. Bildirilir ki, R.Mənsimli aşırımda yıxılan əsgərə kömək etmək üçün gedib, həmin əsgər xilas edilib, özü isə həyatını itirib.

Gizir Rəcəb Mənsimli bu gün Yardımlı rayonunun Zevin kəndində torpağa tapşırılıb. Onun ailəli olduğu bildirilir, övladı olmayıb.