İyunun 19-da Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) inzibati binasında Lənkəran rayon Ağsaqqallar Şurasının hesabat yığıncağı keçirilib.
"Unikal" xəbər verir ki, hesabat yığıncağında Lənkəran ŞİH başçısı Taleh Qaraşov, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, akademik Abel Məhərrəmov, Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, professor İbrahim Quliyev, Lənkəran rayon Ağsaqqallar Şurasının sədri Eldar Hüseynov, Yeni Azərbaycan Partiyasının (YAP) Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev və Şuranın üzvləri iştirak ediblər.
Yığıncaq iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin şəhərin mərkəzi meyanında ucaldılan abidəsini ziyarət edib, Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını ifadə ediblər.
Yığıncaq Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Lənkəran rayon Ağsaqqallar Şurasının sədri Eldar Hüseynov illik hesabat məruzəsi ilə çıxış edib, hesabat dövrü ərzində görülən işlər, həyata keçirilən tədbirlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib. Şura üzvlərinin rayonun ictimai-siyasi həyatında fəal iştirak etdiklərini, cəmiyyətin müxtəlif sahələrində üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirdiklərini qeyd edib, dövlət tərəfindən ağsaqqallara göstərilən diqqət və qayğını yüksək dəyərləndirib və cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya göstərilən dəstəyə görə ağsaqqallar adından dərin minnətdarlıqlarını ifadə edib.
Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, akademik Abel Məhərrəmov çıxışında dövlətimizin inkişafında ağsaqqalların və ziyalıların mühüm rol oynadığını vurğulayıb, rayon Ağsaqqallar Şurası tərəfindən həyata keçirilən maarifləndirmə tədbirlərini Şuranın fəal və məqsədyönlü fəaliyyətinin göstəricisi kimi qiymətləndirib. Akademik cari ilin aprelin 23-də keçirilən Azərbaycan Ağsaqqallar Şurasının IX Qurultayının iştirakçılarına cənab Prezident İlham Əliyevin müraciət ünvanladığını, Ağsaqqallar Şurasının fəaliyyətinə yüksək qiymət verildiyini və ağsaqqallıq institutu qarşısında yeni fəaliyyət istiqamətlərinin müəyyən olunduğunu bildirib.
Lənkəran ŞİH başçısı Taleh Qaraşov xalqımızın qədim mənəvi-əxlaqi dəyərlərinə söykənən ağsaqqallıq ənənəsinin milli irsimizin mühüm dayaqlarından olduğunu bildirib. İcra başçısı ağsaqqallarımızın cəmiyyətdə əxlaqi-mənəvi dəyərlərin qorunub saxlanılması və nəsillərarası varisliyin təminatçısı olaraq çıxış etdiklərini, milli dövlətçilik ənənələrinin davam etdirilməsində, vətəndaş həmrəyliyinin möhkəmləndirilməsində, gənclərin mənəvi tərbiyəsində, milli dəyərlərə bağlı, vətənpərvərlik ruhunda və sağlam həyat tərzi əsasında yetişməsində müstəsna xidmətlərinin olduğunu vurğulayıb.
Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, professor İbrahim Quliyev də çıxışında ağsaqqalların cəmiyyətin inkişafında, milli-mənəvi dəyərlərin qorunmasında, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynadığını vurğulayıb. Professor bildirib ki, dünyada artan təhdidlər və qloballaşma nəticəsində bir çox ölkələrdə milli-mənəvi və ailə dəyərlərinin deformasiyaya uğraması fonunda ağsaqqallıq institutunun rolu daha da artıb.
Daha sonra hesabat məruzəsi ətrafında çıxış və müzakirələr aparılıb, Şuranın fəaliyyətinin daha da gücləndirilməsi, ictimai təşəbbüslərin artırılması və gənclərlə işin genişləndirilməsi ilə bağlı təkliflər səsləndirilib. Sonda hesabat qənaətbəxş hesab olunub, açıq səsvermə yolu ilə rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin və Nəzarət-Təftiş Komissiyasının yeni tərkibi formalaşdırılıb, Eldar Hüseynov yenidən Lənkəran rayon Ağsaqqallar Şurasının sədri seçilib.
Sonda Şuranın fəaliyyətində yaxından iştirak edənlərə Fəxri Fərman təqdim edilib.



















.jpg)





































