Rusiyanın Rostov vilayəti kütləvi dron hücumuna məruz qalıb. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, ən azı iki neft anbarı və bir limanda dron hücumları və genişmiqyaslı yanğınlar barədə məlumatlar yayılıb.

İlkin məlumatlara görə, dəmir yolundan dənizə neft məhsullarının daşınmasında ixtisaslaşmış Taqanroqdakı Kurqannefteprodukt liman terminalında yanğın baş verib.

Azov neft bazasında da genişmiqyaslı yanğın hadisəsi qeydə alınıb. 

Rostov vilayətinin qubernatoru Yuri Slyusar Taqanroq və Azov şəhərlərində PUA-ların məhv edildiyini bildirib: "Azovda PUA hücumu iki neft anbarında yanğına səbəb oldu... Taqanroqda isə dəniz limanında yanğın söndürülür".

Daha sonra Taqanroqda insanların "fövqəladə zona"dan təxliyə olunması elan edilib.

Taqanroq meri Svetlana Kambulova açıqlamasında bildirib: "Şəhərdə pilotsuz uçuş aparatlarının təhlükəsi hələ də qalmaqdadır. Hazırda evləri fövqəladə zonada olan insanları təcili olaraq təxliyə edirik".

Bundan əlavə, yerli sakinlər Krasnodar diyarındakı İlski Neft Emalı Zavodunda yanğın olduğunu bildirirlər.

Bu, Rusiyanın Cənub Federal Dairəsindəki ən böyük neft emalı zavodlarından biridir. Onun gücü ildə təxminən 6,6 milyon ton neftdir. Zavod təbii benzin, birbaşa işləyən benzin, mazut və dizel yanacağı istehsal edir. 

FT-yə görə, Ukraynanın dron hücumları nəticəsində yanacaq böhranı təxminən 50 milyon rusiyalıya birbaşa təsir göstərir. Bu, əhalinin 35%-ni təşkil edir. Rusiyanın neft emalı gücünün 20-40 faizi sıradan çıxıb.

Ağarza Elçinoğlu