Müxalifətin tam çöküşü
12:42 07-12-2013
İQTİSADİYYAT
Müxalifətin tam çöküşü
Rüstəm İbrahimbəyov küncə sıxışdırıldı
Müxalifət artıq son silahlarından istifadəyə başladı. Bu dəfə hakimiyyətə qarşı yox, bir-birilərinə qarşı. Belə ki, Milli Şura artıq parçalanma ərəfəsindədir və bu parçalanmadan sonra ekspertlər hesab edir ki, müxalifət daxilində ciddi aydınlaşmalar baş verəcək və bəzi siyasi partiyalar, liderlər bir dəfəlik sıradan çıxacaq. Çünki ortada ciddi ittihamlar var və bu ittihamlar müəyyən liderləri oyundankənar duruma salacaq. Hələlik tam olaraq sıradan çıxmaqda olan sima Rüstəm İbrahimbəyovdur.
Belə ki, Müsavat partiyası onun Millli Şura sədrliyindən getməsini təmin edə bildi. İndi isə onun fəxri sədr kimi qalmasına qarşıda çıxıblar və İsa Qəmbər açıq şəkildə bildirdi ki, Rüstəm İbrahimbəyov fəxri sədr olaraq qalarsa Müsavat Milli Şuranı tərk edəcək. Çox maraqlıdır ki, siyasi iddiasının olmadığını deyən Rüstəm İbrahimbəyov bu dəfə siyasi marağını açıq şəkildə ortaya qoydu və bəyan etdi ki, kim gedirsə yaxşı yol. O fəxri sədr olaraq qalacağını bəyan etdi. Bundan sonra Müsavat daha açıq şəkildə Rüstəm İbrahimbəyovun üzərinə getdi və İsa Qəmbər son açıqlamasında Rüstəm İbrahimbəyovla bağlı kifayət qədər sərt fikirlər söylədi.İsa Qəmbərin sözündən belə aydın oldu ki, Rüstəm İbrahimbəyovun baxışları ilə Müsavatın baxışları tam fərqlidir:-" Rüstəm müəllimə də mənim şəxsən, çox böyük hörmətim var. Müsavat Partiyasının da çox böyük hörməti var. Ancaq bu hörmət bir daha təsdiq olundu ki, daha çox bir ziyalı kimi, intellektual kimi, sənət aləmində, kino, mədəniyyət aləmində böyük xidmətləri və potensialı olan bir ziyalıya olan hörmət kimi daha yerinə düşür. İctimai-siyasi xadim kimi Rüstəm müəllim bir sıra zəifliklərə yol verir ki, mən onun üzərinə getmək istəmirəm. Mən Rüstəm müəllimi müzakirə etmək istəmirəm. Amma fəxri sədr nə qədər deyilsə ki, siyasi status deyil, bunun hər hansı siyasi çəkisi yoxdur, fəxri sədr fəxri sədrdir. Və mən sabah Milli Şuranın fəxri sədrinin müəyyən siyasi proseslər barədə, müəyyən beynəlxalq proseslər barədə bəyanat verməsini və o bəyanatın müəyyən mənada Müsavatın da mövqeyini ifadə etməsi görüntüsünün yaranmasını istəmirəm. Bunu Müsavatın maraqlarına və Müsavatın prinsipial mövqeyinə zidd hesab edirəm. Hesab edirəm ki, digər siyasi qüvvələr də əslində bu barədə düşünməlidirlər. Çünki nə cür ola bilər ki, başqa bir dövlətin vətəndaşı olan şəxs, başqa bir dövlətdə əsasən yaşayan şəxs, bu gün də subyektiv səbəblərdən Azərbaycana gələ bilməyən şəxs bizim işimizə bilavasitə rəhbərlik etsin. Bizim adımızdan danışsın, bəyanatlar versin, mövqe bildirsin".Amma məsələ bununla tamamlanmır. Müsavatın digər liderləri də açıq şəkildə Rüstəm İbrahimbəyovu hədəfə alıblar. Bu hədəfləməni ciddiləşdirən arqumentlərdən biri də sözsüz ki, AXCP-in Rüstəm İbrahimbəyovu müdafiə etməsidir. Belə ki, hazırda bildirilir ki, Müsavatdan kənarda Milli Şura üzvlərinin bir başa Rüstəm İbrahimbəyovla əlaqələri var və gələcək siyasi fəaliyyəti müzakirə edirlər. Görünür buna görə İbrahimbəyova qıcıq daha da artıb və Arif Hacılı son açıqlamasında Rüstəm İbrahimbəyovu qeyri-ciddi adam kimi xarakterizə etdi:- "Siyasət, xüsusilə Azərbaycan kimi geopolitik məkanda yerləşən ölkədə ciddi bir işdir. Siyasətə ciddi yanaşmaq lazımdır. Burada etinasız münasibətlər, ciddi məsələlər haqqında düşünülməmiş mülahizələr çox ciddi nəticələrə gətirib çıxara bilər. Hesab edirəm ki, bu gün Milli Şurada yaranmış böhranda məhz Rüstəm İbrahimbəyovun siyasi məsələlərlə əlaqədar bu cür davranışının mühüm rolu var. İbrahimbəyovun son açıqlamalarından da görünür ki, o, bu məsələləri ciddiyə almır, siyasətə bir hobbi kimi yanaşır. Düşünürəm, bundan sonra da oxşar davranışlarını davam etdirəcək". Ekspertlər hesab edir ki, bu tipli bəyanatlar artıq sübut edir ki, geriyə yol qalmayıb və Müsavat Milli Şuradan gedəcək. Belə olan halda bəs nələr baş verəcək? Bu suala cavab verməmişdən öncə vurğulayaq ki, Rüstəm İbrahimbəyovu dəstəkləyən tərəflərdə bir araya gəlib və hələ ki, Müsavata güc nümayiş etdirirlər. Çox qəribədir ki, hər zaman Müsavatla bir yerdə addımlayan və AXCP-yə nifrətlə yanaşan KAXCP bu dəfə əks mövqe tutdu. Hətta partiyanın sədri Müsavatın Milli Şuradan getməsinə sərt
reaksiya da verdi:- "Əgər belə fikrə düşüblərsə kaş bu olaydı. Kaş, Müsavat Milli Şuradan çıxaydı. Bundan sonra proseslərdə durulma və açıq mənzərə yaranardı. Çox yaxşı olardı ki, bunu sözdə yox, əməldə edəydilər". Gördüyünüz kimi bu açıqlamada sərt bir ittiham var və belə nəticə çıxır ki, əslində hadisələri mürəkkəbləşdirən elə Müsavat imiş. İndi isə qayıdağın yuxarıda qoyduğumuz suala. Ekspertlər hesab edir ki, Müsavatın Milli Şuradan ayrılmasından sonra qarşı tərəf bütün gücünü səfərbər edərək əslində Müsavatı hakimiyyətlə iş birliyində ittiham edəcəklər. Belə ki, ALP, "EL" hərəkatı, AXCP,Ziyalılar İttifaqı,KAXCP,ACP hazırda birlik nümayiş etdirirlər və bu qüvvələr birlikdə ittihamlarla çıxış edəcəklər ki, buda kifayət qədər Müsavata zərbə vuracaq. Artıq belə bir fikir də səsləndirilir ki, Müsavat Milli Şuranı ona görə tərk edir ki, hakimiyyətlə gizli razılaşma əldə ediblər. Belə ki, Müsavat Milli Şuradan çıxır və 2015-ci il parlament seçkilərində Müsavata 5 mandat veriləcək. Amma bunu da qeyd edək ki, Müsavatda sakit durmayacaq və əks həmlələr edəcək. Belə ki, hələ bir müddət öncə Müsavat başqanı İsa Qəmbər bəzi qüvvələri hakimiyyətə işləməkdə günahlandırmışdı. Həmçinin Lalə Şövkət Hacıyevanı Rusiyanın adamı kimi dəyərləndirmişdi. Hesab etmək olar ki, Müsavat yenə də bu ittihamları səsləndirəcək. Ekspertlər bunu da bildirir ki, Müsavatsız Milli Şura uzağı bir neçə ay fəaliyyət göstərə bilər və bundan sonra fəaliyyətini dayandırmalı olacaq. Çünki Milli Şura əslində prezident seçkiləri ilə bağlı yaradılmışdı və seçkilərdə artıq sona çatıb. Bundan sonra Milli Şuranın heç bir önəmi qalmır. Başqa maraqlı bir məqam isə Cəmil Həsənli ilə bağlıdır. Prezident seçkilərində sərt çıxışları ilə yadda qalan Cəmil Həsənli hələ də siyasətdən çəkilmək fikrində deyil. Amma Milli Şura dağılandan sonra onun necə fəaliyyət göstərməsi qaranlıq olaraq qalır. Ekspertlər düşünür ki, Cəmil Həsənli yenidən AXCP sıralarına qayıtmaqla fəaliyyətini davam etdirə bilər. Amma belə olan halda artıq Cəmil Həsənli vahid namizəd statusunu itirəcək və partiyada ən yaxşı halda ikinci şəxs olacaq. Bu isə Cəmil Həsənlinin siyasətçi kimi iflası deməkdir.Elə bu səbəbdən də hazırda Cəmil Həsənli Müsavatla danışıqlar apararaq prosesi nəzarətdə saxlamağa çalışır. Müşahidəçilər bunu da bildirir ki, ola bilsin ki, Cəmil Həsənli yeni partiyada yarada bilər. Belə ki, Eldar Namazov bildirmişdi ki, "EL" hərəkatını partiyaya çevirə bilər. Ehtimal olunur ki, elə bu addada partiya yarana bilər və təxminən aşağıdakı bölgüdə vəzifələr bölüşdürülər.
1. Cəmil Həsənli-sədr
2. Eldar Namazov- Ali Məclisin sədri
3. Rüstəm İbrahimbəyov- fəxri sədr
4. Gültəkin Hacıbəyli- sədrin birinci müavini
5. Eldəniz Quliyev- sədr müavini
Amma müşahidəçilər bildirir ki, partiya lazımi qədər sosial baza toplaya bilməyəcəyindən fiaskoya uğrayacaq. Həm də ona görə ki, bu gün AXCP bu dəstəyə dayaq olsada, ayrı partiya yaradılandan sonra onlar üçün rəqibə çevriləcəklər və nəticədə onların ayağa qalxmasına əngəllər törədiləcək. Amma artıq belə məlumatlarda səslənməkdədir ki, Milli Şura Müsavatsızda qorunub saxlanılacaq və formatında dəyişikliklər ediləcək. Belə ki, Milli Şura müxalifətin birliyi kimi göstəriləcək və əsas məqsəd parlament seçkilərində iştirak etmək olacaq. Ancaq bir məqamda var ki, çox böyük ehtimal ki, bu yaxınlarda parlament seçkilərinin keçirilməsi ilə bağlı qanunda dəyişiklik olacaq. Belə ki, hazırda mojoritar qayda ilə seçkilər keçirilirsə ,2015-ci ildə yenidən proporsional qaydaya keçid olacaq. Belə olan halda rəsmi qeydiyyatı olmayan qurumlar seçkilərə buraxılmayacaq. Bu isə o deməkdir ki, Milli Şura yenidən çıxılmaz duruma düşəcək. Maraqlıdır, bəs Rüstəm İbrahimbəyov fəxri sədrlikdən imtina etməklə Milli Şuranı qoruyub saxlaya bilərmi? Ekspertlər hesab edir ki, bu artıq mümkünsüzdür. Çünki öncələr İbrahimbəyov konstruktiv xətt tuturdusa, indi daha çox radikallaşıb və Müsavatla aradakı körpüləri uçurdub. Bunun başlıca səbəbi isə Kremldir. Hesab edilir ki, Kreml Rüstəm İbrahimbəyov kartından hələ də istifadə etmək istəyir və buna görə onun Milli Şurada qalması istənilir. Bunun başlıca səbəbi isə Gömrük İttifaqı ilə bağlıdır. Bildiyiniz kimi hazırda hakimiyyət Rusiyanın bu ideyasını qəbul etmir və hansısa bloka qoşulmaq niyyətində deyil. Məhz belə olduğu halda Rusiya Azərbaycana təzyiqləri artırmağa çalışacaq və bunun üçündə Milli Şuranın qalmasına ehtiyac var. Xatırlayırsınızsa Milli Şura yaradılanda və ilk bəyanat hazırlananda Rüstəm İbrahimbəyov açıq şəkildə Avropaya inteqrasiya ilə bağlı bəndin yazılmasına etiraz etmişdi və bildirmişdi ki, Azərbaycanın Gömrük İttifaqına qoşulması üçün referendimum keçirilməlidir. Bu isə açıq şəkildə Rusiya maraqlarının qorunması deməkdir.Ekspertlər hesab edir ki, məhz bu amillərə görə Rüstəm İbrahimbəyovun geri çəkilməsi mümkünsüzdür. Bunu da qeyd edək ki, həqiqətəndə bu gün Rüstəm İbrahimbəyovu Bakıda müdafiə edənlərin böyük əksəriyyətinin Rusiya ilə sıx bağlılığı var.
Mehdi Əli
Digər Xəbərlər
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53
2024-11-21 11:57:20
2024-11-21 11:46:13
2024-11-21 11:40:03
2024-11-21 11:36:17