Ölkəsini peşkəş verən hakimiyyət və susan xalq
12:47 07-12-2013
İQTİSADİYYAT
Ölkəsini peşkəş verən hakimiyyət və susan xalq
Rusiya prezidenti Vladimir Putinin Ermənistana səfəri, gerçəkdən də, qorxunc alındı.
Bu səfər Ermənistanın tam işğalını, müstəmləkə ölkəsi olmasını təsdiqləməklə bitmədi. Rəsmi Yerevan Rusiya qarşısında bütün qapıları açdı, Putinə çox dəyərli "hədiyyələr" verdi.
Ermənistan prezidenti Serj Sarkisyan nəyi vardısa, daha doğrusu, idarə etdiyi ölkənin imkanlarında mövcud olan preferensiyaların hamısını Rusiyanın başçısına bağışladı.
Bu səfərdən sonra Rusiya Ermənistanın təbii qaz idxalında malik olduğu 20 faizlik müstəqilliyinə də yiyələndi, ermənilər üzərində tam yanacaq inhisarını, prezident səviyyəsində qərarların qəbuluna tam təsir imkanlarını əldə etdi.
Belə "hədiyyələr" peşkəş olunarkən Ermənistan parlamenti müstəqilliyin son atributlarının itirilməsinə etiraz etmək əvəzinə, pensiya islahatları ilə bağlı xırdalıqları müzakirəyə çıxarmışdı.
Əcəba, erməni deputatlar hansı islahatlardan danışırdılar?
Rusiya prezidenti Vladimir Putinin Ermənistana səfərinin gedişatını və sonuclarını nəzərə alsaq, onlar bir neçə il sonra Moskvadan təqaüd ala bilərlər. Narahat olmalarına heç bir səbəb yox.
Ermənistan parlamentinin indiki heyətinin deputatları belə getsə, ahıllıq və ömürlərinin xəzan dönəmlərini Tver və ya Kostroma yaxınlığındakı qocalar evində də başa vura bilərlər.
Əsas məsələ odur ki, onlar V.Putinin gözünə dəymək istəmədilər. Elə Putin də onları görmək istəmədi və Ermənistana səfəri əsnasında erməni deputatlarla görüşmək istəyi olduğunu dilə də gətirmədi.
Bununla da Rusiya prezidenti erməni həmkarı Serj Sarkisyana aşkar mesaj verdi ki, Yerevandakı hakimiyyəti normal idarəetmə strukturu kimi görmür, erməni parlamentini isə görmək istəmir.
Sanki erməni deputatlar ümumiyyətlə, yerli-dibli yoxmuşlar.
Ermənistandakı daşnaklar, balayanlar, postancyanlar, şahnazaryanlar və digər “yan”lar bundan sonra da sinələrinə döyərək "ölkənin müstəqilliyi, suvereniteti və inkişafı uğrunda mübarizə aparırıq" deyə bilərlər.
Mümkündür. Amma V.Putinin Ermənistana səfəri əsnasında ermənilər suverenlik və müstəqilliklərinin son qırıntılarını da Moskvaya təhvil verdilər.
Prezident Serj Sarkisyan Ermənistanı "Rusiyanın sadiq və önəmli müttəfiqlərindən biri, regiondakı ən mühüm tərəfdaşı" adlandırır.
Ola bilər.
Amma tanınmış rusiyalı jurnalist Vadim Dubnov Ermənistanı Rusiyanın "ən sadiq, müti və sözəbaxan partnyoru" adlandırdı.
Ermənilər üçün qorxulu, habelə aşağılayıcı və təhqiramiz olan da budur.
Amma ümid var. Yerevanda iki-üç yüz normal insan tapıldı ki, etiraz aksiyasına çıxdı. Yoxsa Vladimir Putin düşünə bilərdi ki, Ermənistanda ümumiyyətlə normal adam qalmayıb və bütün ermənilər Moskvada işləməklə məşğuldurlar.
Əslinə baxsaq, Putin yanılmayacaqdı. Nədən ki, ermənilər hətta Yerevanda olanda da Moskvaya işləməklə məşğuldurlar.
Rusiya prezidenti Ermənistanda olanda aşkar şəkildə bəyan etdi ki, bu ölkəni Cənubi Qafqazda forpost, sadiq dayaq və istifadə olunan məkan qismində görür. O, hətta Serj Sarkisyan: "Rusiyanın Gümrüdəki hərbi bazası Ermənistanın təhlükəsizlik sisteminin bir hissəsidir", - deyəndə Ermənistan prezidentini dəstəkləmədi.
Bundan başqa, Rusiya prezidenti təccübləndiyini də gizlətmədi və söylədi ki, MDB çərçivəsində Gömrük Birliyinə sürətlə hazırlıq baxımından hətta Moskva belə, Yerevana çata bilmir.
V.Putin Ermənistanda olanda dəfələrlə bəyan etdi ki, Gömrük Birliyinə qatılmaq sərbəst iradə izharı yox, "qarşılıqlı faydalı olan anlaşma"dır. Di gəl, Rusiya prezidenti bir dəfə də olsun, ermənilər üçün "faydalı" ola biləcək rəqəm səsləndirmədi.
Vladimir Putinin Ermənistana səfəri ermənilər üçün məhz bu məqamlara görə qorxulu idi.
Sanki başqa cür ola bilməzdi, ermənilərin cınqırlarını çıxarıb nə isə deməyə hədləri yoxdu və bu ölkə ən yaxşı halda Rusiyanın Cənubi Qafqazdakı forpostudur.
Səfərdə ekstraordinar heç nə yoxdu: bir məqamdan savayı ki, bir ölkənin prezidentinin başqa ölkəyə səfərində ilk obyekt gedilən məkanın hansısa dövlət institutu - prezident iqamətgahı olmasa belə - yox, səfərə çıxan prezidentin idarə etdiyi ölkənin hərbi bazası olur.
Ermənistanla Rusiya arasındakı "strateji münasibət"lərdə çox qəribə və əcaib presedent idi.
Digər məqamlar sarıdan hər şey gözlənildiyi kimi oldu. Vladimir Putin 2001-ci ildə olduğu kimi "Borc əvəzinə əmlak proqramı" çərçivəsində preferensiyalar apardı. Bu dəfə "Qazprom" korporasiyasının tam nəzarətindəki "ArmRosQazprom"un Moskvanın nəzarətində olmayan 20 faizi Yerevanın Moskvaya olan 150 milyon dollarlıq borcunun müqabilində Rusiyaya verildi.
Daha sonra müxtəlif sənədlər imzalandı. Sənədlərin adları və məzmunu önəmli deyil, çünki onların istisnasız olaraq hamısı Ermənistanın Rusiyadan asılılığını, köləliyini daha da artırmağa yönəlib. Yəni bu anlaşmalar, sazişlər və müqavilələr Rusiyanın Ermənistan qarşısında öhdəlikləri yox, Ermənistanın əl və ayaqlarında rus qandallarıdır.
Çünki istənilən müqavilə tərəflərin bir-birlərini bərabərhüquqlu, tən saydıqları şəraitdə bağlanmırsa, bu anlaşmaların məzmunu sırf fiksiyaya çevrilir. Rusiya ilə Ermənistan arasındakı münasibətlərdə isə subyekt bərabərliyi anlayışı yoxdur.
Olan ağa və nökər münasibətləridir.
Vladimir Putin də səfərinə Gümrüdəki 102-ci bazadan başlamaqla ermənilərin nəzərinə çatdırdı ki, Ermənistan onun üçün tərəfdaş dövlət yox, sadəcə məkan, ərazidir.
Bundan başqa, "Rusiya və Ermənistan arasında Prezident Şurasının yaradılması haqqında" sazişin imzalanması da ermənilərin müstəqilliyinin Moskvada hazırlanan tabutuna vurulmuş növbəti mıx sayıla bilər. Çünki Moskvanın Ermənistanda de-yure malik olmadığı yeganə məqam ölkə prezidenti səviyyəsində qəbul edilən qərarlara qanuni təsir rıçaqı idi.
Moskva artıq bu imkana da yiyələndi.
Prezident Şurasının yaradılması o deməkdir ki, Ermənistan prezidenti səviyyəsində xarici siyasətlə bağlı heç bir qərar (!) Rusiya ilə müzakirələr və məsləhətləşmələr aparılmadan qəbul edilməyəcək.
Faktiki olaraq Rusiya sözügedən imkana çoxdan malik olsa da, indi həmin təsir institusionallaşdı, leqallaşdırıldı. Yerevanın manevr imkanları heçə endirildi.
Duruma baxaq: Vladimir Putin aylardır ki, Ukrayna və Avropa Birliyi arasındakı danışıqlara tam təsir etməyə çalışır. Moskva Ukrayna prezidenti Viktor Yanukoviç vasitəsilə danışıqların üçtərəfli formata salınmasına çalışır. Avropa Birliyi çox sərt şəkildə etiraz edir və bununla da Ukraynanın suverenliyini qoruyur.
Serj Sarkisyan isə Yerevanda Ermənistanın suverenliyini, müstəqil qərar qəbul etmək imkanlarını Vladimir Putinə hədiyyə verdi.
Rusiya prezidentinin səfərinin fəsadlarını ermənilər illər sonra tam hiss edəcəklər. Ən azı, ona görə ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda və ya Türkiyə ilə münasibətlərin normallaşdırılmasına yönəlmiş müzakirələrdə dönüş anı hiss olunanda ermənilər mənhus "Prezident Şurası"nın təsirini, Rusiyanın icazəsi olmadan addım atmağın mümkünsüzlüyünü duyacaqlar.
Ermənistan parlamentinə gəldikdə isə bu təlxəklər qurumu artıq buraxıla bilər.
Yerevanda bundan sonra hər şeyi Prezident Şurası, yəni Rusiyanın istəyi həll edəcək.
Serj Sarkisyanın maraqlı açıqlaması vardı: "Əminəm ki, Ermənistan-Rusiya münasibətləri ilə bağlı imzalanmış son sənədi parlament ratifikasiya edəcək". Onun ratifikasiyanın baş tutmamasına əsla şübhəsi yoxdur, çünki Yerevandakı bandokratiyanın lideri Ermənistanın Rusiyanın tam köləsinə çevrilməsinə etiraz etməyə deputatlardan kimsənin cürət tapmayacağını bilirdi.
Belə getsə, Ermənistanla Rusiya arasında Parlament və Hökumət şuralarının yaradılmasına da çox qalmayıb.
Sonra Ermənistan Konstitusiyası "erməni-rus məzmunlu" olacaq.
İllər keçəcək, "erməni" kəlməsi bütünlüklə yoxa çıxacaq və Sarkisyan kimilər özlərini əla hiss edəcəklər.
Bədbəxt ermənilər...
Elçin Alıoğlu
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53