Dünyanı sarsıdan itki: Nelson Mandela öldü
12:50 07-12-2013
İQTİSADİYYAT
Dünyanı sarsıdan itki: Nelson Mandela öldü
Planet əfsanəvi insanlarından biri ilə vidalaşır
Dünən dünya ictimaiyyəti, tərəqqipərvər bəşəriyyət bir xəbərlə sarsıldı. Planetin ən nüfuzlu telekanalları özünün baş xəbəri olaraq Afrika azadlıq hərəkatının lideri, insan hüquq və azadlıqlarının böyük carçısfı, əfsanəvi mübariə adamı Nelson Mandelanın vəfatı barədə məlumatı olaraq fləş xəbər kimi yüzmilyonlara duyurdu.
Nelson Mandela 1918-ci ildə Cənubi Afrika Respublikasının Umtatı bölgəsində anadan olub. Forta Her kollecində oxuyub, 1940-cı ildə tələbə tətilində iştirak etdiyinə görə oradan qovulub. Bundan sonra Yohannesburqda mədən qarovulçusu olub, hüquq məntəqəsində çalışıb.
1943-cü ildə Mandela Vitvatersrand Universitetinə daxil olub, 1948-ci ilə qədər oxusa da, hüquqşünas diplomu ala bilməyib, daha sonra London Universitetində oxuyub, amma oranı da bitirməyə müvəffəq olmayıb. Bakalavr dərəcəsini Mandela yalnız 1989-cu ildə - həbsinin son aylarında alıb. Həbsdə yata-yata o, Cənubi Afrika Universitetində qiyabi oxuyub.
1944-cü ildə Mandela Afrika Milli Konqresinin Gənclər Liqasına daxil olub və tezliklə onun liderlərindən birinə çevrilib. 1950 ci illərdə aparteidə qarşı ən fəal mübarizlərdən biri olub, dəfələrlə həbs edilib. Mandela 1956-cı ildə dövlətə xəyanətdə ittiham olunub, 1961-ci ildə bəraət alıb.
1960-cı ildən Afrika Milli Konqresinə liderlik edən Mandela 1964-cü ildə ömürlük həbs cəzasına məhkum olunub.
1990-cı ildə həbsdən buraxılıb və yenidən Afrika Milli Konqresinin lideri seçilib. 1993-cü ildə o, aparteidlə mübarizədə xidmətlərinə görə Nobel sülh mükafatı alıb.
1994-cü ildə CAR prezidenti seçilib. Səlahiyyət müddəti bitəndə - 1999-cu ildə siyasətdən çəkilib.
Mandela üç dəfə ailə həyatı qurub. Sonuncu dəfə 1998-ci ildə evlənən Mandelanın 8 övladı, çoxlu nəvə və nəticəsi var.
Dünya liderlərinin
Mandela üzüntüsü
1964-cü ildə məhkəmədə Nelson Mandela müttəhim kürsüsündə sözlərini belə tamamlamışdı: "Mən ağların üstünlüyünə qarşı mübarizə apardığım kimi, qərarların üstünlüyünə qarşı da mübarizə apardım". Məhz bu sözlər Cənubi Afrika respublikasının keçmiş və ilk qaradərili prezidenti Nelson Mandelanı bütün dünyaya sevdirdi. Ona görə də bü gün onun ölümü bütün ictimaiyyətin reaksiyasına səbəb olub.
Böyük Britaniyanın Baş naziri Devid Kemeron keçmiş Nelson Mandelanın dünyasını dəyişməsi ilə əlaqədar baş sağlığı verib. Baş Nazirlik binası qarşısında xüsusi bəyanatla çıxış edən nazir bu xəbəri, "Dünyanın ən əlvan işıqlarından birini itirdik" sözləri ilə yerli ictimaiyyətə və jurnalistlərə çatdırıb.
Britaniyadan Nelson Mandelanın yaxınlarına və ailəsinə başsağlığı verən növbəti tanınmış şəxs Britaniya şahzadəsi Uilyam olub. Ölüm xəbəri yayılan vaxt şahzadə Uilyam həyat yoldaşı Keytlə Mandelanın keşməkeşli həyat yoluna həsr olunmuş filmin nümayişində iştirak edirmiş.
Nelson Mandelanın ölümü ilə əlaqədar ən uzun başsağlığı nitqini isə Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obama söyləyib. Obama Nelson Mandelanın dünyanın ən yaxşı adamı adlandırıb. ""Mən demokratiya və bütün insanların harmoniya içərisində yaşadığı və bərabər hüquqlara malik olduğu azad cəmiyyət idealını yaratmışam. Bundan sonra uğrunda yaşayacağım idealım da budur. Lazım gəlsə, uğrunda öləcəyim idealım da budur" - bu sözlərin müəllifi Nelson Mandela həmin ideal üçün yaşadı, onu reallığa çevirdi. O, bir insanın arzulaya biləcəyindən daha çoxuna nail oldu. Bu gün o, bizi tərk edib. Biz, yer üzünə gəlmiş ən nüfuzlu, ən cəsarətli, ən yaxşı insanı itirdik. O, artıq bizə məxsus deyil, o, bütün dövrlərə məxsusdur".
BMT-nin Baş katibi Ban Ki-Mun da Nelson Mandelanın ölümü ilə bağlı onun ailəsinə və Cənubi Afrikalılara başsağlığı verib: "Mən Nelson Mandelanın vəfatı ilə bağlı xəbərə çox kədərləndim. Nelson Mandela ədalət üçün bir nəhəng və insanlar üçün ilham mənbəyi idi. Onun insan ləyaqəti, bərabərliyi və azadlığı uğrunda mübarizəsi bütün dünyada xeyli insanın həyatına təsir göstərib. Üstəlik, dövrümüzdə hələ heç kim onun qədər BMT dəyərlərinə qiymət verməyib. Nelson Mandela bütün dünyaya göstərdi ki, əgər inansaq, arzulasaq və ədalət və insanlıq naminə birlikdə işləsək, hər şeyə nail olacağıq. Onun mənəvi gücü aparteid sisteminin süqutunda həlledici rol oynadı".
Başsağlığından sonra Ban Ki-Mun 1 dəqiqəlik sükutla Nelson Mandelanın xatirəsini yad edib.
Mandela doğma kəndində
dəfn ediləcək
Cənubi Afrika Respublikasının eks prezidenti Nelson Mandelanın dəfni doğulduğu Kuna kəndində baş tutacaq. "Sky News" agentliyinin verdiyi xəbərə görə, ölkə rəhbərliyinin artıq dəfn mərasimi üçün planı hazırdır.
Plana əsasən mərhumun cəsədi mərasimin 1-ci günü mühafizəçilərin müşayiətilə morqa aparılacaq. Sonrakı gün isə xaricdən gələn qonaqlar onunla vidalaşacaq. 3-cü gün xarici diplomatlar üçün brifinq keçiriləcək. 4-cü gün məmurlar onun ailəsinə baş çəkəcək. Sonrakı günlərdə isə onunla Preoridə vida mərasimi olacaq. 10-cu gün hərbi parad baş tutacaq. 11-ci gün onun cəsədi morqdan Sovetlər Evinə gətiriləcək və orada rəsmi vida təşkil ediləcək.
Bundan sonra isə Mandelanın tabutu doğulduğu Kuna kəndinə gətiriləcək. 12-ci gün isə o, torpağa tapşırılacaq.
Mandelanın müdrik deyimləri
"Unikal" öz oxucularına əfsanəvi Nelson Mandelanın müxtəlif vaxtlarda söylənmiş dəyərli fikirlərindən seçmələri təqdim edir:
- Mənim ölkəmdə adamı birinci həbsxanaya göndərirlər, sonra prezident seçirlər.
- Əmin oldum ki, cəsarət qorxunun olmamağı deyil, ona qalib gəlməkdir. İgid insan - qorxu hissi olmayan yox, onunla mübarizə aparandır.
- Afrika musiqisinin möcüzəvi gözəlliyi ondadır ki, o kədərli əhvalatı belə sənə şən təqdim edir. Sən kasıb ola, qutulardan qurulan evdə yaşaya, işini itirə bilərsən, bax, onda bircə bu musiqi sənə ümid verər.
- Cəmiyyəti dəyişmək elə də çətin deyil. Çətini özünü dəyişməkdir.
- Həbsxanada keçirdiyim 27 ilə minnətdaram, çünki mənə fikrimi cəmləməyə imkan yaratdı. Azadlığa çıxandan mən bu imkanı itirmişəm.
- Azadlıq "qismən" ola bilməz.
- Həbsxanada zibillikdə işləməyi sevirdim. Hərdən ordan qəzet səhifələri tapırdım. Həbsxanaya qəzet göndərmirdilər, ona görə mən də o səhifələri təmizləyir, axşam otağımda oxuyurdum. Nə vaxtsa mətbuatı bu qədər qiymətləndirəcəyim ağlıma gəlməzdi.
- Çətinliklər və səfalət bəzilərini məhv etsə də, başqalarını yaradır.
- İnsan doğulanda ürəyində kiməsə rənginə, irsinə və dininə görə nifrətlə doğulmur. İnsanlar nifrət etməyi sonradan öyrənirlər, ona görə də həmin adamlara sevməyi öyrətmək lazımdır, çünki sevgi insan qəlbinə daha doğma hissdir.
- Biz vaxtdan ağılla istifadə etməliyik və bilməliyik ki, doğru bildiyimiz işə istənilən vaxt başlamaq olar, heç nə üçün gec deyil.
- İnsanla başa düşdüyü dildə danışanda, sən onun beyni ilə danışırsan. Öz dilində danışanda, sən onun ürəyi ilə danışırsan.
- Heç vaxt yıxılmamaq - həyatındakı ən böyük uğur deyil. Əsas olan hər dəfə yıxılanda qalxmaqdır.
- Dünən mənə terrorist deyirdilər, amma həbsxanadan çıxandan sonra çoxları, o cümlədən düşmənlərim də məni qəbul eləməyə məcbur oldular. Ümumiyyətlə, azadlıq uğrunda vuruşanların çoxunu terrorist adlandırırlar. Məncə, kiminsə kimisə terrorizmdə ittiham etməyi hansı tərəfin qalib gəlməyindən asılıdır.
- Bir nəfər mənim haqda belə demişdi: "Doğulanda adı Polixlaxla ("əsən ağaclar" mənasını verir) idi, sonra o, Nelson Mandela oldu və dünyanı sarsıtdı". Mənim bu cür təqdimatlardan xoşum gəlmir. İstəyirəm ki, hamı məni Mandela kimi tanısın, hamı kimi zəif cəhətləri olan Mandela.
- Ən diqqətsiz insana belə məlumdur ki, ABŞ dünya üçün təhlükədir.
- Unuda bilmərəm, amma bağışlaya bilərəm.
- Müntəzəm tibbi müayinədən keçməyi sevirəm. Çox vaxt da həkimlərdən bu sözü eşidirəm: "Cənab Mandela, bu həftə də ölməyəcəksiniz!"
Kənan Rzaquliyev
Digər Xəbərlər
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53
2024-11-21 11:57:20
2024-11-21 11:46:13
2024-11-21 11:40:03
2024-11-21 11:36:17
2024-11-21 11:20:05
2024-11-21 10:53:23
2024-11-21 10:43:28
2024-11-21 09:53:21
2024-11-21 09:40:25
2024-11-21 09:14:32