Səlim Müslümov Sosial Müdafiə Mərkəzlərinin rəislərini bitirir
Səlim Müslümov Sosial Müdafiə Mərkəzlərinin rəislərini bitirir

Ünvanlı sosial yardımlarla bağlı misli görünməmiş yoxlamalar başlandı

Saxtakarlıqla ünvanlı sosial yardım alanlar bu statusdan məhrum olacaqlar. Artıq bununla bağlı yoxlamalara başlanılıb.

Onu da deyək ki, ünvanlı sosial yardım (ÜSY) əslində ölkənin kasıb təbəqəsi üçün nəzərdə tutulan kompensasiya olsa da, bundan sui-istifadə edənlər az deyil. Yerlərdə kifayət qədər gəlir mənbəyi olan ailələr arasında da ÜSY alanlar var.
Qeyd edək ki, heç də bu təbəqədən olan ailələrin hamısı ehtiyac içində yaşamır. Onların arasında evə, avtomobilə, yaxşı işə sahib olanlar da mövcuddur. Buna baxmayaraq, onlar saxta yolla əhalinin aztəminatlı hissəsi kimi ünvanlı sosial yardım alırlar. Təbii ki, bu da yerlərdə sosial müdafiə mərkəzlərinin yardımı ilə gerçəkləşirdi. Əhalinin bu kateqoriyasına sosial yardım “6 ay sənin, 6 ay mənim” prinsipi ilə verilirdi. Yəni razılaşmaya əsasən, sosial müavinətin 6 ayını bunu rəsmiləşdirən şəxs, yerdə qalan müddəti isə şəxsin özü alırdı. Korrupsiya ilə bağlı ən çox fakt və şikayət də məhz bu sahə ilə bağlı olurdu. Amma nədənsə heç kim saxta yolla əlillik və ünvanlı sosial yardım düzəldənlərin qarşısını ala bilmirdi.
Ekspertlər də bildirirdilər ki, ünvanlı sosial yardım sahəsində əsas problem korrupsiyadır. Baxmayaraq ki, ünvanlı sosial yardımla bağlı qanunvericilikdə dəyişikliklər və təkmilləşdirmə olub, bu problem qalır. Ona görə ki, korrupsiya sırf idarəçiliklə bağlı problemdir. Xatırlayırsınızsa, əvvəllər ünvanlı sosial yardımı karta köçürmürdülər. Bu problemin qarşısını almaq üçün sonradan karta köçürdülər. Ancaq bunada da yol tapıldı, korrupsiya faktları oldu. Belə ki, kart ünvanlı sosial yardımı alan adama müvafiq hökumət təşkilatı tərəfindən verilmədi, özlərində saxlayırdılar. Beləliklə, məmurlar müavinəti mənimsəyirdilər. 5-6 aydan sonra kart ünvanlı sosial yardım alacaq şəxsə verilirdi. Daha doğrusu, hələ də belə hallar baş alıb getməkdədir.
Ancaq Səlim Müslümov əmək və əhalinin sosial müdafiəsi naziri postuna təyin olunar-olunmaz bu sahədə ciddi addımlar atacağını bildirdi. O, cəmiyyətdə ən ciddi narazılığa səbəb olan ünvanlı sosial yardım sahəsində nizam yaratmağı və bununla bağlı yeni mexanizmin hazırlanmasını nazirliyin işçilərinə tapşırıq verdi. Bunun nəticəsi olaraq artıq nazirlikdə ünvanlı sosial yardımın verilmə mexanizmi və əlillik qrupunun müəyyən edilməsini hazırlayan işçi qrup yaradılıb. Artıq işçi qrup ünvanlı sosial yardımın verilmə mexanizmi və əlillik qrupunun müəyyən edilməsi ilə bağlı yeni sənədin ilkin layihə forması yeni nazirə təqdim edilərək, birgə müzakirə edilib.
Hazırda sənəd üzərində təkliflər nəzərə alınmaqla təkmilləşdirilmə işi aparılır. Yeni sənəddə ünvanlı sosial yardımın mövcud qaydaları tamamilə dəyişəcək və yeni format tətbiq ediləcək. Bununla da ölkədə saxta yolla əlillik və ünvanlı sosial yardım alanlar bu statusdan məhrum olacaqlar.
Əldə etdiyimiz məlumata görə, bu prosesdə ən böyük zərbə isə Sosial Müdafiə Mərkəzlərinin rəhbərlərinə dəyəcək. Belə ki, ÜSY verilməsində ciddi pozuntuların aşkarlandığı rayonların mərkəz rəisləri haqqında sərt cəza tədbirlərinə əl atılacaq. Onların arasından işdən çıxarılanlarla yanaşı, barələrində hüquqi ölçü götürülənlərin olması qətiyyən istisna edilmir. Aşkarlanacaq saxta ÜSY verilməsi faktları dolayısı ilə həmin rayonun Sosial Müdafiə Mərkəzi rəhbərliyinin “yarı sənin, yarı mənim” prinsipi ilə işlədiyini ortaya qoyacaq ki, bu da faktiki olaraq korrupsiya faktı - yəni dövlətin külli miqdarda vəsaitinin qanunsuz yolla mənimsənilməsi deməkdir. Bu təbii ki, cinayət məsuliyyəti yaradır.
Böyük ehtimalla həm korrupsiyaya bulaşan Sosial Müdafiə Mərkəzləri rəhbərlərinin sərt cəzalandırılması ilə iki hədəfə birdən yetişmiş olunacaq. Əvvəla, qanunun tələbi yerinə yetiriləcək. İkinci, onların yerinə təyin ediləcək kadrların da oxşar qanunsuzluqlara yol verməməsi üçün sərt mesaj ötürülmüş olacaq.
Artıq bir çox rayonlarda Sosial Müdafiə Mərkəzinin rəhbərləri ciddi əndişə içərisindədirlər. Hansı ki, ÜSY verilməsində çoxsaylı qanunsuzluqlara yol veriblər. Onların indidən özlərini gözləyən təhlükədən sovuşmaq üçün çıxış yolları axtarmağa başladığı da deyilir.
Ülviyyə Qasımlı