Milli Təhlükəsizlik Nazirliyində ümummilli lider Heydər Əliyevin anım tədbirləri keçirildi

Milli Təhlükəsizlik Nazirliyində ümummilli lider Heydər Əliyevin anım tədbirləri keçirildi

Milli Təhlükəsizlik Nazirliyinin İctimai Əlaqələr Mərkəzindən verilən məlumata görə, əvvəlcə milli təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudov başda olmaqla Milli Təhlükəsizlik Nazirliyinin şəxsi heyəti Fəxri xiyabana gələrək, Azərbaycanın təhlükəsizlik orqanlarının əbədi və fəxri rəhbəri, bu mühüm dövlət təsisatında milliləşmə prosesinin və peşəkarlıq məktəbinin banisi, Milli Təhlükəsizlik Nazirliyinin xalqın maraqlarının və təhlükəsizliyinin etibarlı təminatçısı kimi formalaşmasında misilsiz xidmətləri olan ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılmış, məzarı üzərinə gül dəstəsi düzülmüşdür.

Anım mərasimi Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında davam etdirilmişdir. Əvvəlcə ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur. Dövlət himni səsləndirilmişdir.
Akademiyanın rəisi Ziya Yusif-zadə cıxışında bildirmişdir ki, ulu öndər Heydər Əliyevin mənalı ömrü, möhtəşəm siyasi fəaliyyəti və zəngin irsi təkcə xalqımızın deyil, bütün bəşəriyyətin xəzinəsidir. Heydər Əliyev həyat amalının ali məqsədini doğma xalqına xidmətdə, gələcək nəsillərin xoşbəxtliyi naminə çalışmaqda görürdü. Ümummilli lider hərtərəfli istedada, hüdudsuz intellektual potensiala malik idi. O, dövlət idarəçiliyini və quruculuğunu, iqtisadiyyatı, tarixi, mədəniyyəti və elmin digər sahələrini mükəmməl bilirdi. Heydər Əliyevin başlıca xüsusiyyəti xalqımızın milli maraqlarını hər şeydən uca tutması, bütün mənalı ömrünü Azərbaycana həsr etməsidir. Bu gün Azərbaycan xüsusi xidmət orqanlarının inkişafında əvəzsiz rolu olan ulu öndər Heydər Əliyevin şanlı məktəbinin ənənələrini qürurla yaşadan Milli Təhlükəsizlik Nazirliyinin şəxsi heyəti də ümummilli liderin dövlətçiliyin və milli maraqların etibarlı qorunması irsini əzmlə davam etdirir.
Qeyd olunmuşdur ki, bu gün Heydər Əliyev ideyaları müstəqil Azərbaycanın dövlət siyasətinin əsasını təşkil edir. Deməli, bu böyük şəxsiyyət yaşayır və onun tarixi rolu davam edir. Ulu öndərin misilsiz xidmətlərindən biri də xalqımızın həqiqi tarixini bərpa etməsi, milli-mənəvi irsini və adət-ənənələrini dirçəldib özünə qaytarması, Azərbaycan dilini, incəsənətini, musiqisini və mədəniyyətini dünyada tanıtması olmuşdur. Məhz onun ölçüyəgəlməz fəaliyyəti sayəsində 1969-cu ildən başlayaraq əsl inqilabi dəyişikliklər, respublikanın ictimai və iqtisadi həyatında köklü islahatlar həyata keçirilmiş, xalqın maddi rifahı yaxşılaşdırılmışdır. Təsadüfi deyil ki, Azərbaycanın indiki siyasi və iqtisadi müstəqilliyi, dünyaya inteqrasiyası məhz o dövrdə Heydər Əliyev tərəfindən yaradılmış potensiala əsaslanır.
Xalqımızın milli sərvəti olan müstəqilliyi qorumaq kimi taleyüklü missiyanı da Heydər Əliyev öz üzərinə götürdü və titanik fəaliyyəti ilə gənc dövlətimizi bütün daxili və xarici təhdidlərdən qorudu. Heydər Əliyev çağdaş və gələcək tariximizdə təkcə milli müstəqillik ideyasını gerçəkləşdirmiş lider kimi deyil, həm də yaratdığı dövlətin inkişafı üçün iqtisadi, siyasi, hüquqi zəminlər hazırlayan müdrik rəhbər kimi əbədiyaşarlıq qazanmışdır.
Akademiyanın rəisi Ziya Yusif-zadə qeyd etmişdir ki, bu gün Heydər Əliyevin xalqımıza miras qoyduğu müstəqil Azərbaycan ulu öndərin yadigarı, siyasi varisi, onun ölməz ideyaları ilə silahlanmış cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə gələcəyə inamla addımlayır. Ölkədə demokratik dövlət quruluşu daim təkmilləşdirilir, ictimai-siyasi həyatın bütün sahələrində həyata keçirilən modernləşmə dövlətimizi tərəqqi və inkişafa aparır. Azərbaycanın əzəmətli sabahı qaçılmazdır. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində Azərbaycan Cənubi Qafqazın aparıcı dövlətinə, bu regionda sülhün və inkişafın qarantına çevrilmişdir. Ölkəmiz dünyada heç bir qüvvədən asılılığı olmayan müstəqil dövlət kimi tanınır və iqtisadi inkişaf tempinə görə birincilər sırasında yer alır, beynəlxalq nüfuzu sürətlə artır.
Bu gün Azərbaycanın özünün intibah və dinamik dövrünü yaşadığını qeyd edən Ziya Yusifzadə Prezident İlham Əliyev tərəfindən müəyyən edilmiş və elmi əsaslara söykənən yeni iqtisadi strategiya nəticəsində ölkəmiz analoqu olmayan nailiyyətlər əldə etdiyini vurğulamışdır. Azərbaycanın tərəqqisi naminə yorulmaq bilmədən çalışan cənab İlham Əliyev demokratik dəyərləri önə çəkən müdrik dövlət xadimi kimi bütün dünyada böyük hörmət və ehtiram qazanmışdır. Məhz bütün bunlara görə qədirbilən xalqımız bu il oktyabrın 9-da keçirilmiş prezident seçkilərində hamılıqla seçki məntəqələrinə gələrək, Heydər Əliyev siyasətinə, ulu öndərin layiqli davamçısı cənab İlham Əliyevə səs vermişdir. Bununla da Azərbaycan xalqı göstərmişdir ki, onun ölkə başçısına inam və məhəbbəti sonsuz və tükənməzdir.
İllər ötəcək, nəsillər bir-birini əvəz edəcək, lakin müstəqilliyi, müstəqil Azərbaycan Respublikasını bizlərə bəxş etmiş Heydər Əliyev dühasının işığı heç bir zaman sönməyəcək, irəliyə, daha parlaq gələcəyə gedən yolumuzu daim nura qərq edəcəkdir. Xalqımız əmindir ki, ulu öndər Heydər Əliyevin davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamız yeni-yeni uğurlara imza atacaq və böyük zirvələri fəth edəcəkdir.
Tədbirdə çıxış edən Akademiyanın baş müəllimi kapitan R.Əzizov, dinləyici leytenant Ü.Mürşüdov, kursantlar K.Qəmbərli və Ş.Qəzənfərli ümummilli lider Heydər Əliyevin gənclərə göstərdiyi diqqət və qayğıdan, dahi şəxsiyyətin misilsiz fəaliyyəti nəticəsində Azərbaycanın müstəqilliyini qoruyub saxlamasından, müasir dövlət quruculuğundakı rolundan danışmış, ulu öndərin ideyalarının həyata keçirilməsində fəal iştirakçı olmaqdan şərəf və qürur duyduqlarını bildirmişlər.
Tədbirin sonunda ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən "Tale" sənədli filmi nümayiş etdirilmişdir.
Alı