Etibar Pirverdiyevin vədinə inanmaq olarmı?
12:35 13-12-2013
İQTİSADİYYAT
Etibar Pirverdiyevin vədinə inanmaq olarmı?
"Azərenerji" prezidentinin işığın bahalaşmayacağına dair dedikləri real qəbul edilmir
Azərbaycanda işığın qiymətinin bahalaşacağına dair ehtimallar təkzib olunub. Belə ki, dünən "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin (ASC) prezidenti Etibar Pirverdiyev elektrik enerjisinin satış qiymətində hər hansı artım olmayacağına dair vəd verib.
""Elektrik enerjisinin qiymətinin qalxması ilə bağlı tərəfimizdən heç bir təklif verilməyib" deyən Etibar Pirverdiyev əlavə edib ki, yanacağın qiyməti qalxsa da, elektrik enerjisinin qiymətində artım gözlənilmir: "Baxmayaraq ki, yanacağın qiyməti qalxıb, əhaliyə enerjinin satışı indiki qiymətdə davam edəcək. Qiymətlərin qalxması ehtimalı da yoxdur".
Amma "Unikal"ın araşdırması "Azərenerji" prezidentinin vədinə inanmağın mümkünsüzlüyünü göstərir. Belə ki, benzinlə bərabər, Tarif Şurasının qərarına əsasən, "Azərenerji"yə satılacaq təbii qazın da qiyməti 2 dəfə bahalaşıb. TŞ-nın 2 dekabr 2013-cü il qərarına əsasən, ölkə daxilində təbii qazın emal, nəql, topdansatış və pərakəndə satış tarifləri ƏDV daxil olmaqla aşağıdakı səviyyədə təsdiq edilib: (manat/min m3-la)
1. Təbii qazın emalı- 5,5 manat
2. Təbii qazın nəqli (hər 100 km məsafə üçün) - 2 manat
3. Təbii qazın qaz paylayıcılarına topdan satışı - 42 manat
4. Təbii qazın pərakəndə satışı - 100 manat
5. Magistral qaz kəmərlərinə birbaşa qoşulmaqla istehsal məqsədləri üçün təbii qaz istehlak edən kimya, alüminium, dağ mədən filizi əsasında polad əritmə, elektrik enerjisi istehsalı müəssisələrinə təbii qazın satışı (aylıq istehlakı 10 milyon m3-dən az olmamaq şərti ilə) - 80 manat
Qurumun 2 fevral 2007-ci il qərarında isə qiymətlər belə olub;
1. Təbii qazın müvəkkil qaz satıcılarına topdansatışı - 42 manat
2. Təbii qazın emalı ("Azərbaycan Qaz Emalı" ASC üzrə) -5.5 manat
3. Təbii qazın nəqli (hər 100 km məsafə üçün)- 2 manat
4. Magistral kəmərlərə birbaşa qoşulmaqla istehsal məqsədləri üçün təbii qaz istehlak edən kimya, alüminium, dağ mədən filizi əsasında polad əritmə, elektrik enerjisi istehsalı müəssisələri (aylıq istehlakı 15 milyon m3-dən az olmamaq şərti ilə) - 42 manat.
Göründüyü kimi, sənaye müəssisələrinə, o cümlədən elektrik enerji istehsalı müəssisəsinə verilən təbii qəzın qiyməti 42 manatdan 80 manata qədər qalxıb. Sözügedən müəssisələr isə "Azərkimya" və "Azərenerji"dir. SOCAR-ın "Azərenerji"-yə satdığı qazın qiymətini qaldırması elektrik enerjisinin də bahalaşmasını qaçılmaz edir. Digər tərəfdən, "Azərenerji" ASC-nin SOCAR-a böyük həcmdə borcu var. Bu borcu qaytara bilməyən qurum, qazı baha alandan sonra necə qaytaracaq, bax bu da Pirverdiyev və prezidenti olduğu səhmdar cəmiyyətlə bağlı maraqlı suallardan biridir.
Məsələ burasındadır ki, bu il aprelin 1-nə olan məlumata görə "Azərenerji"nin Dövlət Neft Şirkətinə qaza olan borcu 300 milyon manat səviyyəsindədir. Bu, Hesablama Palatasının açıqladığı bir rəqəmdir və onu göstərir ki, "Azərenerji" çox aşağı səviyyədə yığım həyata keçirib.
Əslində ekspertlər hər bir halda elektrik enerjisinin tariflərinin bahalaşmasına iqtisadi əsas görmürlər, onların fikrincə, "Azərenerji" heç bir yarımstansiyanın tikintisini öz hesabına həyata keçirmir. Bu baxımdan qazın min kubunu 80 manatdan alsa belə, bu, elektrik enerjisinin maya dəyərinə təsir etmir. Avropa ölkələrində enerji qurumları qazın min kubunu 450-500 dollara alır. Bu "Azərenerji"nin aldığı qiymətdən 10 dəfə bahadır. Amma Avropa ölkələrində elektrik enerjisinin pərakəndə satış qiyməti 15 avrosentdir - yəni Azərbaycandakı qiymətlərdən cəmi 2,5 dəfə baha. Bu da göstərir ki, Etibar Pirverdiyevin və ümumilikdə, hökumətin vətəndaşların üzərinə minnət qoyması gərəksizdir, iqtisadi arqumentlər işığın bahalaşmaması üçün yetərlidir.
Amma Azərbaycanda məmur maraqlarının öndə olduğunu nəzərə alsaq, işığın da qiymətində hər an bahalaşma gözləniləndir. Əgər kimlərsə Etibar Pirverdiyevin vədindən sonra rahatlaşırsa, onlara bir sözümüz yoxdur. Amma xatırlatmaq istəyirik ki, benzinin qiymətinin artacağını da son anadək hökumət təkzib etdi. Nazirlər Kabinetinin sözçüsü telekanalların birinin sorğusuna cavab olaraq "benzinin bahalaşacağına dair iddiaları qətiyyətlə yalanladıqdan" iki saat sonra Tarif Şurasının məlum qiymət artımı qərarı açıqlandı.
Odur ki, indi Pirverdiyevin vədinin elə vəd olaraq da qalması ehtimalını unutmamaq lazımdır.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53