İsa Qəmbərlə Əli Kərimli razılaşmadılar
İsa Qəmbərlə Əli
Kərimli razılaşmadılar
Müsavat AXCP-yə müttəfiqlik sazişi, AXCP isə partiyaların birləşməsini təklif edir

Müsavat Partiyası Milli Şurada gələcək fəaliyyəti ilə bağlı ikitərəfli məsləhətləşmələr çərçivəsində AXCP ilə görüş keçirib.
AXCP qərargahında keçirilən görüşdə Müsavat başqanı İsa Qəmbər, partiyanın Məclis sədri Arzu Səmədbəyli, Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı, başqanın müavini Gülağa Aslanlı, qarşı tərəfdən isə görüşdə AXCP sədri Əli Kərimli, partiya Ali Məclisinin sədri Həsən Kərimov, sədr müavinləri Fuad Qəhrəmanlı, Razi Nurullayev, Nurəddin Məmmədli və Gözəl Bayramlı iştirak ediblər.
İ.Qəmbər açıqlamasında deyib ki, görüşdə həm ölkədəki vəziyyət, həm beynəlxalq vəziyyət, həm Azərbaycanın Avrointeqrasiya perspektivləri, həm də çoxtərəfli və ikitərəfli münasibətlər müzakirə olunub. Görüşdə Milli Şura və İctimai Palata haqqında da müzakirə aparılıb: “Biz hesab edirik ki, bu birliklərin davamı şəraitində belə Müsavat Partiyası ilə AXCP-nin münasibətləri həddindən artıq önəmlidir. Ona görə də Müsavat Partiyası ilə AXCP arasında müttəfiqlik sazişi imzalanmalıdır. Görüşdə bu təklifi də etdik. Düşünürük ki, məsləhətləşmələr davam edəcək və yəqin ki, sonrakı görüşlərimizdə də bu təkliflərimizə cavab alacağıq”.
Ə.Kərimli isə bildirib ki, görüşdə Milli Şuradakı vəziyyət, AXCP ilə Müsavat Partiyasının münasibətlərinin daha da dərinləşdirilməsi ilə bağlı müzakirələr aparılıb, partiyalar müxtəlif məsələlərlə bağlı mövqelərini dəqiqləşdiriblər. Müsavat Partiyasının müttəfiqliklə bağlı təklifinə gəlincə, Ə.Kərimli Müsavat Partiyasının əvvəllər də AXCP-yə müttəfiqliklə bağlı müraciətlər etdiyini xatırladıb: “Bir neçə il əvvəl İsa Qəmbər təklif etmişdi ki, Müsavat və AXCP birləşsin. Biz də qurultayda AXCP-nin qeyd-şərtsiz birləşməyə razı olduğu barədə qərar qəbul etdik. Müsavat Partiyası bu birləşməni məqbul bilməyib, bizə müttəfiqlik təklif etdi. Biz yenə də AXCP-nin Rəyasət Heyətində bu məsələni müzakirə edəcəyik. Amma hesab edirəm ki, əgər bizim məqsədimiz müxalifətdə daha güclü, təsirli güc mərkəzinin, daha böyük qabiliyyətli qüvvənin formalaşmasıdırsa, bu, elə iki partiyanın bir partiyada birləşməsi şəklində daha doğru olar”.
Görüşdə Milli Şura barədə müzakirələrdən söz açan Ə.Kərimli deyib ki, AXCP Milli Şuranı ən mükəmməl koalisiya sayır: “Ona görə də Milli Şuranın saxlanmasını və təkmilləşdirilməsini istəyirik. Milli Şuranın strukturu indiyə qədər formalaşmayıb, bu barədə konsensus olmayıb. Ümid edirik ki, bu konsensusu tapacağıq. Hesab edirik ki. Müsavat Partiyası da Milli Şurada qalmalıdır”.
Görüşdə Milli Şura və Rüstəm İbrahimbəfovun fəxri sədrliyi ilə bağlı fikir ayrılıqlarının aradan qaldırılıb-qaldırılmamasına gəlincə, Ə.Kərimli bunları deyib: “Müsavat Partiyasının rəhbərliyinin diqqətinə çatdırılıb ki, Milli Şura ilə bağlı qərar verən zaman nəzərə alsınlar ki, AXCP Müsavat Partiyasının Milli Şurada qalmasını istəyir. İstənilən halda belə görüşlər partiyaların bir-birini daha yaxşı başa düşməsinə kömək edir”.
Qeyd edək ki, Milli Şuranın son sessiyasında Rüstəm İbrahimbəyovun qurumun fəxri sədri seçilməsi ilə bağlı təklifin müəllifi Əli Kərimli olub. İsa Qəmbər sessiyadakı çıxışında Rüstəm İbrahimbəyovun fəxri sədri olduğu qurumda Müsavat Partiyasının qalmasının məqbul olmadığını bəyan edib.Göründüyü kimi tərəflər iki mühüm məsəənin heçbirində razılığa gələ bilməyiblər. Bu isə artıq parçalanmanın qaçılmaz olacağını təsdiqləyir.

Fuad