Qəbələdə dəhşətli qətl
Qəbələdə dəhşətli qətl

Silahlı insidentin səbəbləri və təfərrüatları da məlum olub

Qəbələdə baş verən silahlı insidentin təfərrüatları və hadisə iştirakçılarının adı məlum olub.
Azərbaycanın Qəbələ rayonunda silahlı insident olub. Qəbələ rayon prokurorunun köməkçisi Elçin Sadıqov bildirib ki, hadisə bu gün axşam saatlarında qeydə alınıb: “Odlu silahdan açılan atəş nəticəsində iki nəfər qətlə yetirilib. Hadisəni törədən şəxs saxlanılıb. Ölənlərin və hadisəni törədən şəxslərin kimliyi dəqiqləşdirilir. Araşdırma başa çatandan sonra ictimaiyyətə məlumat veriləcək”
Qəbələ Rayon Polis Şöbəsindən verilən məlumata görə, rayonda bizneslə məşğul olan Ariz Rəsulzadə ov tüfəngi ilə ortağı Eldar Kərimovu və Vasif Dadaşovu güllələyib. Hər iki şəxs aldıqları güllə yarasından keçinib.
İlkin məlumata görə, hadisəyə A. Rəsulzadə ilə E. Kərimov arasında mövcud biznes sövdələşməsi səbəb olub. Belə ki, E. Kərimov və A. Rəsulzadə ortaq olublar, sonradan bu ortaqlığa son qoyublar. Bütün məsələlər də bundan sonra başlayıb. Hər iki şəxs birgə işlətdikləri mağazadakı paylarını bölüşdürmək üçün məhkəməyə müraciət edib.
Məhkəmə mağazanın E. Kərimovda qalmasına qərar verib. Lakin A. Rəsulzadə məhkəmənin qərarına məhəl qoymayıb. Bu gün məhkəmə icraçıları mağazaya gedərək A. Rəsulzadəyə oranı boşaltmağı tövsiyə ediblər. Bu zaman iki ortaq arasında mübahisə düşüb və sonuc güllələnmə ilə nəticələnib.
Polisdən həmçinin bildirilib ki, hadisəni törədən A. Rəsulzadə saxlanılıb.