Türkiyənin Səhiyyə Nazirliyi Oqtay Şirəliyevin nazirliyini ifşa etdi
12:48 14-12-2013
İQTİSADİYYAT
Türkiyənin Səhiyyə Nazirliyi Oqtay Şirəliyevin nazirliyini ifşa etdi
Azərbaycanlıların müalicə üçün qardaş ölkəyə axın etdiyi rəsmən təsdiqləndi
Azərbaycanlıların müayinə və müalicə üçün kütləvi şəkildə ölkə xaricinə üz tutduğu məlum faktdır. Maddi durumu pis olan vətəndaşlarımız çarəsiz qalıb borc-xərclə İran və Türkiyəyə, imkanlılarımız isə Avropa ölkələrinə, İsrailə, ABŞ və Kanadaya gedirlər. Səbəb isə məlumdur: rəsmilər hər nə qədər təkzib etsələr də, ölkə səhiyyəsinə inamsızlıq, onun vəziyyətinin ürəkaçan olmaması, “həkim terroru” ilə üzləşmək riski, tibb müəssisələrindəki soyğunçuluq, yanlış diaqnoz və müayinələrin adi hala çevrilməsi.
Əslində razılaşmaq lazımdır ki, camaatın müalicə üçün kütləvi şəkildə xaricə üz tutması, Azərbaycan üçün elə də başucalığı gətirmir. Səhiyyə sisteminə olan inamsızlıq, millətin kiçik diaqnozlardan ötrü belə Azərbaycandan qonşu dövlətlərə getməsi, əslində ölkə üçün ciddi xəbərdarlıq olmalıdır. Əslində bu vəziyyəti yaradan səbəbləri tapmadan, nə isə qabaqlayıcı tədbirlər görmək də effekt verməyəcək. Nəticə təbii ki, səbəbdən aslıdır. Bəs görəsən Azərbaycanın səhiyyə sisteminə məsul olan insanlar nə fikirləşir? Bu problemi yaradan səbəblər nədir və bununla mübarizə aparılırmı? Hələ iki ay əvvəl bu barədə danışarkən tanınmış tibb mütəxəssislərindən biri bildirmişdi ki, Azərbaycanda insanların kütləvi şəkildə müalicə üçün xaricə üz tutmasının qarşısını almaq adminstrativ yolla mümkün deyil: “İnsanların seçimi var. Harada istəsə müalicə oluna bilər. Burada bu hadisələrin baş vermə səbəbləri haqqında düşünmək lazımdır. İnsanların xaricə axınının bir səbəbi milli səhiyyəyə inamsızlıqla, xaricdə müalicənin nisbətən ucuz başa gəlməsilə bağlıdır“.
Bu problemin aradan qaldırılması üçün zəruri olan tədbirlərin görülməsindən danışarkən isə o, demişdi ki, Azərbaycan bu gün rus təbabətindən, Qərb təbabətinə keçid dövrünü yaşayır. Bu iki təbabət arasında çox ciddi fərqlər var. Qərb təbabəti daha çox tətbiqi xarakter daşıyır. Bu keçid dövründə də insanlarda müəyyən ümidsizlik yaranır. Azərbaycanda səhiyyənin normal vəziyyətə dönməsi üçün səhiyyədə islahatları sona çatdırmaq, müalicə proseslərini düzgün qurmaq, dərman maddələrinin dövlət reyestrini formalaşdırmaq lazımdır. Hesab edirəm ki, Azərbaycan Qərb səhiyyəsinin bir elementi olduqdan sonra bu problemlər olmayacaq.
Oqtay Şirəliyevin rəhbəri olduğu Səhiyyə Nazirliyi isə nə irad və tənqidlərlə razılaşır, nə də ölkə xaricinə müayinə və müalicə səbəbindən kütləvi axın olması ilə bağlı deyilənlərə! Əksinə, Şirəliyev və nazirliyi ölkədə səhiyyənin sürətli inkişafından bəhs edir, yuxarıda qeyd olunanları isə “qərəz və iftira” adlandırır. Amma dünən qardaş Türkiyədən gələn bir fakt kimin haqsız olduğunu gözlər önünə sərir.
“Türkiyəyə müalicə üçün gedən ölkələr arasında Azərbaycan ilk üçlükdə yer alır” - bunu Türkiyənin səhiyyə nazirinin məsləhətçisi Əhməd Cömert bildirib. Onun sözlərinə görə, Azərbaycandan ildə 10 mindən çox insan müxtəlif xəstəliklərlə bağlı Türkiyəyə müalicəyə gəlir. Bunlar əsasən onkoloji, stomotoloji, estetik və digər müalicələrlə bağlıdır. Azərbaycandan olan vətəndaşlar ən çox ürək və xərçəng xəstəliyi ilə bağlı müraciət edirlər.
O deyib ki, Azərbaycan hazırda İraqla eynilik təşkil edir. Birinci, ikinci yerləri Almaniya və Liviya tutur. Almaniyadan əsasən Türkiyə vətəndaşları ölkələrinə müalicəyə gəlirlər. Liviyadan isə daxili qarşıdurmalara görə xəstə axını davam edir. Ermənistandan ölkəmizə müalicə üçün gələnlər var, amma, onların sayı o qədər də çox deyil.
Bilmirik, əlavə sözə ehtiyac varmı? Əgər ildə təkcə 10 min azərbaycanlı Türkiyəyə müalicəyə gedirsə, İrana gedənlərin sayının bundan qat-qat artıq olduğunu söyləmək yersizdir. Hələ bunun üzərinə Avropa, İsrail və Şimali Amerikaya üz tutanları da gəldikdə olduqca dəhşətli bir rəqəm alınacağı bəllidir.
İndi bizə maraqlıdır, Oqtay Şirəliyevin nazirliyi Türkiyənin Səhiyyə Nazirliyi səviyyəsində açıqlanan rəqəm qarşısında nə deyəcək? Bunu da qərəz və iftira adlandıracaqmı?
Yaxşısı budur gözləyək. Yəqin Səhiyyə Nazirliyimizdən bu barədə bir reaksiya verilər. Həm də məntiqli reaksiya!
Günel Əkbər
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53