İsmət Abbasovun yaxın adamına böyük şok
İsmət Abbasovun yaxın adamına böyük şok
Ali Attestasiya Komissiyası Kənd Təsərrüfatı Nazirliyinin institut direktorunun elmi işini saxta çıxardı

Kənd Təsərrüfatı Nazirliyinin Azərbaycan Elmi - Tədqiqat Baytarlıq İnstitutunun direktoru Səhman Bayramova qarşı Arif Mehdiyevin sədri olduğu Ali Attestasiya Komissiyası (AAK) sərt qərar çıxarıb. Bu barədə verilən məlumata görə, AAK-ın belə bir qərar verməsinin səbəb isə institut direktorunun doktorluq elmi işinin plagiat çıxması olub.
Məlumatlarda bildirilir ki, Azərbaycan Elmi - Tədqiqat Baytarlıq İnstitutunun direktoru Səhman Bayramovun doktorluq işi araşdırılıb və məlum olub ki, onun işi plagiatdır. Və bu səbəbdən də AAK-ın Rəyasət Heyəti nəinki bu elmi işin müdafiəsinin təşkil edilməsini dayandırmış, hətta bu işin təkrar müdafiə hüququ verilməsi belə qadağan edilib.
mia.az xəbər verib ki, bu haqda Prezident yanında AAK-ın Rəyasət Heyəti 12 aprel 2013-cü il tarixində rəsmi qərar verib. Qərarda açıq şəkildə yazılıb ki, “Prezident yanında Ali Attestasiya Komissiyası Rəyasət heyətinin 12.04.20I3-ci-il tarixli (protokol nömrə 8-R) iclasında Bayramov Səhman Yusif oğlunun “Azərbaycanda ev quşlarının qarışıq invaziyalarının yayılması, inkişaf dinamikası, müalicəsi və profilaktikası” mövzusunda 2429.01 - “Parazitologiya” ixtisasında baytarlıq üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiyanın müdafiəsinin təşkil edilməsi məsələsinə baxılmış, dissertasiya işində plagiat faktı aşkar olunduğu üçün müdafiənin təşkilindən imtina edilmiş və təqdim edilmiş mövzu üzrə iddiaçıya təkrar hüququ verilməməsi qərara alınmışdır”.
Göründüyü kimi, AAK institut direktoru haqda olduqca sərt qərar qəbul edib. Məsələnin ən maraqlı tərəfi budur ki, bu rəsmi qərar aprel ayından təsdiqlənsə də, nə institutun tabe olduğu Kənd Təsərrüfatı Nazirliyi yanında Elm Mərkəzi, nə də nazirliyin özü Səhman Bayramov haqda ciddi tədbirlərə əl atıb. Belə ki, öz işində açıq plagiatlığa yol verməklə saxtakarlıq etməsi təsdiqlənən Səhman Bayramov hələ də vəzifəsində saxlanılmaqla yanaşı, institutun elmi şurasına da sədrlik edir.
Keçmiş nazir İsmət Abbasovun bu saxtakarlığa göz yummasını bəlkə də anlamaq olardı, amma yeni nazir Heydər Əsədovun belə bir direktorla hələ də işləməsi yeni müəmmalara yol aça bilər. “Unikal”ın araşdırması zamanı isə məlum olub ki, institut direktoru sabiq kənd təsərrüfatı nazirinin ən yaxın adamlarından biri imiş. Ona görə də hazırda baş nazir müavini olan İsmət Abbasovun onunla bağlı sərt qərarlar qəbul etməməsi anlaşılandır.
Dünən qəzetimizə nazirliyə yaxın mənbələrdən verilən məlumata görə, yeni kənd təsərrüfatı naziri Heydər Əsədov Səhman Bayramovla bağlı məsələdən xəbərsiz olub. Gözlənilir ki, nazir yaxın vaxtda onun görəvindən kənarlaşdırılması ilə bağlı qərar verəcək.
Qeyd edək ki, Azərbaycanda saxta elmi işlərin yazılması geniş yayılıb. Təcrübə göstərir ki, belə dissertasiyaların müəllifləri bir qayda olaraq imkanlı və vəzifəli şəxslərdir. Elə Səhman Bayramovun da məhz bu səbəbdən elmi ad aldığına əsla şübhə etmirik.
Əminliklə demək olar ki, Azərbaycanda imkanlı və vəzifəli şəxslərin, onların övladlarının "alimliyə" iddia etməsi adi hala çevrilib. Bu isə ortaya plagiat, keyfiyyətsiz, saxta elmi işlərin, ən sonda isə heç bir elmi qabiliyyəti olmayan elmi dərəcəlilərin çıxmasına səbəb olur.
Mətbuat dəfələrlə yazıb ki, imkanlı, vəzifəli şəxslərə, onların övladlarına elmi iş yazmaqda AMEA əməkdaşları xüsusi yardımçı olurlar, buna onlar məcburdular, çünki aldıqları maaşla yaşamaq mümkünsüzdür, belədə isə məcbur olub məmurlar və ya onların ailə üzvlərinə dissertasiya yazır, əvəzində o qədər də az olmayan məbləğdə qonorar alırlar.
Bir müddət əvvəl məlumat yayıldı ki, Milli Elmlər Akademiyasının yeni prezidentinin bu istiqamətdə də ciddi addımlar atacağı, yasaqlar gətirəcəyi, həmin qadağalara tabe olmayanların isə cəzalandırılacağı gözlənilir, bu isə ilk növbədə məmurlar və onların yaxınları üçün pis xəbər olacaq. Çünki "alimlik" iddialarını gerçəkləşdirmək üçün pulları olsa da, o pulların hesabına elmi iş yazacaq adamları tapmaq çətinləşəcək.
Həmin məlumatın üstündən xeyli vaxt keçsə də, AMEA-nın saxta elmi işlərin yazılmasının önünə keçməsi istiqamətində hansı addımlar atdığı bəlli deyil. Halbuki bu məsələdə gecikmək olmaz. Əgər artıq ölkədə institut direktorunun da dissertasiyası saxta çıxırsa, onda vəziyyətin nə qədər fəlakətli həddə çatdığına şübhə yeri qalmır. Odur ki, aidiyyatı qurumlar gecikmədən üzərlərinə düşən vəzifəni yerinə yetirməlidirlər.
Ülviyyə Qasımlı