Ərdoğanla “nurçular” savaşa başladı
11:07 19-12-2013
İQTİSADİYYAT
Ərdoğanla “nurçular” savaşa başladı
Azərbaycanlı politoloqlar bədbin proqnozlar verdilər
Son iki gün ərzində Türkiyədə baş verən olaylar regiona da ciddi təsirini göstərəcək. Çünki hazırda Türkiyə kifayət qədər çoxşaxəli siyasi xətt yürüdürdü və belə bir vaxtda hakimiyyət xarici siyasətini bir kənara qoyaraq öz daxili problemlərini həll etməli olacaq. Çünki Ərdoğan hakimiyyətinə qarşı bu dəfə, hər zaman müttəfiqlik etdiyi nurçular çıxdı. Nurçular isə Türkiyədə böyük gücdülər və bu gücdən istifadə edərək nurçular Ərdoğanı hakimiyyətdən belə sala biləcəklər. Müşahidəçilər hesab edir ki, hətta hazırda yaranan siyasi qarşıdurma silahlı toqquşma ilə də əvəzlənə bilər. Qeyd edək ki,bu hadisə Azərbayacanda da böyük rezonans doğurub. Bu da təsadüfi deyil. Çünki hazırda hər iki ölkənin bir çox baxımdan ortaq maraqları və müştərək strateji hədəfləri var.
Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu bildirib ki, “Türkiyədə baş verənlər daxili siyasi konfliktin təzahürləridir. Əsas qarşıdurma Ərdoğan hökuməti ilə nurçuların lideri Fətulla Gülən arasında baş verir”.
Politoloq qonşu dövlətdə yaşanan siyasi qalmaqalı şərh edərkən bildirib ki, baş nazir Ərdoğanın həm daxili, həm də xarici siyasətdə yol verdiyi yanlışlıqlar artıq özünü göstərməyə başlayıb.
Ə. Oruclunun sözlərinə görə, AKP hakimiyyətinin nöqsanları yol verdiyi səhvlər hazırda bir mərkəzə toplaşaraq problemlər yaradıb. Ekspert proseslərin 2014-cü ilin 30 martında Türkiyədə keçiriləcək prezident seçkilərində Ərdoğanın reytinqinə mənfi təsir edəcəyini də proqnozlaşdırıb: “Qarşıdan gələn seçkilərdə AKP daha zəifləmiş mövqeyə malik olacaq. Bir neçə AKP üzvü olan nazirin ailə üzvlərinin həbsinin altından çıxmaq mümkün olmayacaq. Hər halda Ərdoğan və onun komandasının nüfuzu çox aşağı düşəcək”.
Tanınmış politoloq Qabil Hüseynli isə “Unikal”a bildirdi ki, “Ərdoğanın başçılıq etdiyi Ədalət və İnkişaf Partiyasının Türkiyədə iqtidara gəlməsində hazırda Amerikada yaşayan Fətullah Gülənin və onun camaatının müstəsna xidməti olub. Bu cür güclü dəstək sayəsində Ərdoğanın komandası Türkiyə iqtisadiyyatının dirçəldilməsi yolunda son dərəcə önəmli addımlar atmağa başladı və nəticədə cəmiyyətdə böyük nüfuz qazandı. Lakin sonralar Ərdoğan bu müvəffəqiyyətlərin təsiri altında avtoritarizmə meyllənməyə başladı. Bu təhlükəni ən tez hiss edən Fətullah Gülən isə onu kəskin şəkildə tənqid edirdi. Ərdoğan təbiətcə kinli adamdır və Gülənin onun barəsindəki tənqidi çıxışlarını həzm edə bilmədi. Nəticədə nurçularla Ərdoğanın komandası arasında münaqişənin təməli qoyuldu. Hazırda bu münaqişə açıq müstəviyə keçib və bəlli həbslər məhz bu konfliktin nəticəsində meydana çıxıb”.
Politoloqun fikrincə, “Gözlənilmədən 50-dən çox adamın həbs edilməsi Ərdoğanın komandasına çox ciddi zərbədir və onun bu zərbədən salamat qurtaracağı böyük şübhə doğurur. Bu, artıq sonun başlanğıcı deməkdir”.
Siyasi şərhçinin sözlərinə görə, “Tanınmış iş adamlarının bu prosesə qatışdırılması sözügedən həbslərin siyasi motivdə olmasından xəbər verir. Məsələn, iranlı iş adamı, əslən azərbaycanlı olan Rza Zərrabın 87 milyard avroluq transfer etməsi barədə məlumatın yayılması ciddi arqumentlərə söykənməyə bilməz. Xırda qızıl alverçisinə 87 milyard avro pulu İrandan Türkiyəyə transfer etmək etibar edilə bilməzdi. Bu faktın yayımlanması keçmiş SSRİ-dəki 37-ci ilin fantastik itthamlarını xatırladır”.
Politoloq hesab edir ki, “Sözügedən həbslər Türkiyənin gündəmini yanlış yola yönəldəcək və dövlətin həm daxili, həm də beynəlxalq imicinə böyük zərbə vuracaq. Yaxın və Orta Şəqrdə hazırda Türkiyə üçün sərfəli olmayan durumun yarandığı bir vaxtda bəlkə bu prosesin başlanması arzu olunan hal deyil”.
Nurlan Gündüzlü
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53