Aydın Bəşirovun sözü yerə düşdü
11:09 19-12-2013
İQTİSADİYYAT
Aydın Bəşirovun sözü yerə düşdü
Sabiq “gəmiçilik şefi”nin hansı xahişi nəzərə alınmadı?
Azərbaycanın sabiq “gəmiçilik şefi” Aydın Bəşirov vəzifəsindən kənarlaşdırıldıqdan sonra onun vaxtilə rəhbərlik etdiyi qurumda ayrı-ayrı önəmli postlara təyin etdiyi qohumlarının da “qara günləri” başlayıb. Təxminən on günə yaxındır ki, Bəşirovun vəzifəli qohum-əqrəbasından hazırda “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətində (QSC) çalışanların “vurulmasına” başlanıb.
Xatırladaq ki, bu ilki prezident seçkilərindən təxminən iki həftə sonra Aydın Bəşirov vəzifəsi ilə vidalaşmalı olub. Belə ki, oktyabrın 22-də prezident Xəzər Dəniz Gəmiçiliyi ilə Dövlət Neft Şirkətinin Xəzər Dəniz Neft Donanmasının ləğv edilməsi və onların əsasında “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti yaradılması haqqında sərəncam imzalayıb. Prezidentin növbəti sərəncamı ilə Rauf Vəliyev “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinə yeni sədr təyin edilib. Beləliklə, uzun müddət “CASPAR” kimi tanınan gəmiçilik qurumuna rəhbərlik etmiş Aydın Bəşirov vəzifəsiz qalıb.
İndi isə belə görünür, sıra onun adıçəkilən QSC-dəki qohumlarına çatıb. Məsələ burasındadır ki, hələ on gün əvvəl xəbər verildi ki, səhmdar cəmiyyətin kadrlar idarəsinin rəis müavini, A.Bəşirovun bacısı oğlunun qayınatası Firudin Ömərovun səlahiyyətləri əlindən alınıb. F.Ömərova faktiki olaraq işə müdaxilə etməməsi tapşırılıb.
Kadrlar idarəsinin bərə gəmiləri üzrə inspektoru, A.Bəşirovun bacısı oğlu Məmməd Şirinov və xidmətin sıravi kadrlar üzrə inspektoru Hüseynqulu Mirzəyev isə yeni rəhbərliyin əmri ilə işlərindəki nöqsanlara görə işdən çıxarılıblar.
Dünən verilən məlumata görə isə, Aydın Bəşirovun başqa bir bacısı oğlu, Donanmanın Maddi-Texniki Təchizatı şöbəsinin rəisi Ramazan Ağaverdiyev də vəzifəsindən azad edilib. Bu haqda qərar elan olunsa da, rəsmi qərar QSC-nin Donanmanın Maddi-Texniki Təchizat şöbəsində aparılan yoxlamalardan sonra veriləcək. Bundan başqa, Bəşirovun daha bir yaxın qohumu - Gəmiçiliyin İstismar idarəsinin rəis müavini, Dəniz Akademiyasının rektoru Rasim Bəşirovun oğlu Cavad Bəşirov da vəzifələrindən uzaqlaşdırılıb.
Hazırda Rasim Bəşirovun özünün də görəvdən alınacağına dair məlumatlar var. İstisna edilmir ki, bu ayın sonunadək Rasim Bəşirov da tutduğu postdan kənarlaşdırılacaq.
Bundan başqa, Aydın Bəşirovun böyük oğlu Ağaəmi Bəşirov isə İlham Allahverdiyev adına Gəmi Təmiri Zavodunun direktorudur. Artıq onun da vəzifəsinə təhlükə yarandığına dair xəbərlər gəlməkdədir. Bildirildiyinə görə, bu zavodda ciddi korrupsiya şübhələri var; həmin şübhələr araşdırıldıqdan sonra keçmiş gəmiçilik rəhbərinin oğlunun vəzifəsindən kənarlaşdırılması ilə bağlı da qərar elan olunacaqdır.
Həmçinin Bəşirovun donanmanın İstilik Texnikası şöbəsinin müdiri vəzifəsində çalışan kürəkəni Ağamirzə Məlikrzayevin də postundan ayrılması birmənalıdır.
Ümumiyyətlə, sabiq “CASPAR” rəisinin vaxtilə rəhbər olduğu qurumda yaxınlarından kiminsə vəzifələrində saxlanılması real deyil. Elə son on gündə başlanan işdən azad etmələr də bu ehtimalın doğruluğunu göstərir.
Dünən qəzetimizin əldə etdiyi məlumatda isə bildirilirdi ki, Aydın Bəşirov bu ayın əvvəllərində xələfi Rauf Vəliyevə adıçəkilən QSC-də çalışan qohumları ilə bağlı ağız açıb və onların vəzifələrində saxlanılmasını xahiş edib. Amma yeni “gəmiçilik şefi” bununla bağlı Bəşirova konkret vəd verməyib.
“Unikal” xatırladır ki, hələ yenicə vəzifəsindən azad edildiyi günlərdə keçmiş “CASPAR” rəisi mətbuata açıqlamasında bildirirdi ki, Rauf Vəliyevlə yaxın dostdurlar: “Yeni rəislə münasibətim əladır, mənim ən yaxın dostlarımdan biridir. Hər şey əladır. Biz qardaş kimiyik, dostuq, problem yoxdur. Mən şadam ki, belə oldu”.
Amma yeni rəisin vəzifəyə təyin edildikdən heç iki ay keçməmiş Aydın Bəşirovun qohumlarını “vurmağa” başlaması sabiq “gəmiçilik şefi”nin dediklərinə şübhə yaradır. Belə çıxır ki, ya Bəşirov Rauf Vəliyevi özünün “dostu və qardaşı” adlandırmaqla onun qılığına girmək istəyibmiş, həm öz dövründəki maxinasiyalarının ört-basdır edilməsi, həm də qohum-əqrəbasının postlarında saxlanılması üçün aranı şirin salırmış, ya da “yuxarılar”dan sabiq “CASPAR” rəhbərinin cəzalandırılmasının davam etdirilməsinə, buna uyğun olaraq da onun qohumlarının da gəmiçilik qurumundan kənarlaşdırılmasına qərar verilib.
Adil
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53