Məmurlar övladlarına görə təşvişdə
11:02 20-12-2013
İQTİSADİYYAT
Məmurlar övladlarına görə təşvişdə
Azərbaycanlı məmurlar Türkiyədə yaşananlardan sonra daha diqqətli olmağa məcburdurlar
Türkiyədə üç nazir oğlunun da adının qarışdığı qalmaqal təkcə qardaş ölkə yox, elə bizim mətbuatda da geniş müzakirə mövzusudur. Əslində bu məsələ Azərbaycan ictimaiyyəti üçün bir o qədər təəccüb doğurmadı. Çünki indiyədək bizdə də bəzi məmur övladlarının adı ciddi qalmaqallara qarışıb.
Hətta onların özbaşınalıqları elə bir vəziyyətə çatmışdı ki, sonda ölkə başçısı bu işə müdaxilə zərurəti hiss etmiş və belə məmurlara ciddi xəbərdarlıq ünvanlamışdı. «"Vəzifəli şəxslərin uşaqları qudurğanlıq edirlər, insanları təhqir edirlər, özlərini apara bilmirlər" deyə bu ilin fevralında keçirilən müşavirədə kəskin danışan ölkə başçısı daha sonra bildirmişdi: «Əgər bilsəm ki, kiminsə ailə üzvü, hardasa xuliqanlıq edib, nadanlıq edir, o adam həbs ediləcək, atası işdən qovulacaq".
Qeyd edək ki, indiyədək Azərbaycanda çoxsayda iri məmurun oğlunun adı ətrafında müxtəlif skandallar yaşanıb. Məsələn, bu yaxınlarda sabiq kənd təsərrüfatı naziri, hazırda isə baş nazirin müavini olan İsmət Abbasovun oğlu Yunis Abbasovun Londonda 2 milyon dollara mülk aldığı, ardınca isə onun İstanbulda ”INNOVIYA" kompleksində çoxmərtəbəli bir evin yarısını aldığı barədə məlumat dərc edildi. Qarşı tərəf bu bilgiləri təkzib etmədi, amma həmin bahalı mülklərin necə alındığına da aydınlıq gətirmədi.
Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun oğlu İsrafil Abutalıbovla da bağlı mətbuatda mütəmadi qalmaqal xarakterli informasiyalar yer alır. Onun hansısa dini təriqətə qoşulması və s. bu qəbildən xəbərlərdən başqa paytaxt merinin oğlunun geniş biznes şəbəkəsi qurduğu, ayrı-ayrı sahibkarlara qarşı haqsızlıqlar etdiyi, bəzi hallarda belə işlərin məhkəməyədək uzandığı hamımıza yaxşı məlumdur.
Prezident seçkilərindən sonra uzun müddət oturduğu kreslodan uzaqlaşdırılan sabiq «gəmiçilik şefi» Aydın Bəşirovun oğlu İlqar Bəşirov da nəhəng biznes imkanlarına malik məmur övladları sırasındadır. Onun bir çox şirkətləri var, Türkiyədə və Azərbaycanda bir çox iri gəlir qaynaqlarına malik olan oğul Bəşirovun bütün bunlara məhz atasının sayəsində sahib olduğu isə heç kimdə şübhə doğurmur.
Bir sözlə, Türkiyədə hazırda müşahidə etdiyimiz proseslər bizim üçün əsla yenilik deyil. Maraqlıdır: görəsən, qardaş ölkədə nazir övladlarının kirli biznes işlərinin ortaya çıxarılmasından sonra bizim bəzi məmur övladları, - el dilində desək, - «papanın gül balaları» nə düşünürlər? Onlar və ataları rüşvət və korrupsiyadan bəhrələnərək özləri üçün hüdudsuz biznes imkanları, hesaba gəlməz sərvət əldə etmələrinin bir gün başlarına bəla aça biləcəyi haqda fikirləşirlərmi?
Şübhə yoxdur ki, belələri hazırda Türkiyədəki prosesləri təşvişlə izləyirlər. Çünki bir gün özlərinin də qanunlar qarşısında cavab verəcəklərini yəqin ki, yaxşı bilirlər.
Hər bir məmurun borcu ilk növbədə vətəndaşın güzəranını yaxşılaşdırmaq, onun rifahını yüksəltməkdir. Vəzifəni yalnız özünün və övladlarının varlanması, xoşbəxtliyi üçün vasitəyə çevirmək olmaz. Vətəndaşa yuxarıdan aşağı baxmağın, ona alçaldıcı münasibətin sonu yaxşı olmur.
Bunu ölkə başçısının 10 ay əvvəlki sərt xəbərdarlığından da, elə indinin özündə Türkiyədə baş verənlərdən də anlamaq elə də çətin olmamalıdır.
Günel Əkbər
Digər Xəbərlər
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53
2024-11-21 11:57:20
2024-11-21 11:46:13
2024-11-21 11:40:03
2024-11-21 11:36:17