Azərbaycan qütblər arası savaşda
11:03 20-12-2013
İQTİSADİYYAT
Azərbaycan qütblər arası savaşda
Türkiyənin çöküşü prosesləri mənfiyə yönəldəcək
Rusiya region üçün açıq savaşa start verdi. Belə ki, son aylar Avropa Birliyi mövqeləri ələ almışdı və demək olar ki, proseslərin qalibi rolunda çıxış edirdi. Bu baxımdan Gürcüstan və Moldovanın net olaraq Avropaya üz tutması, Azərbaycanın Avropa Birliyi ilə sadələşdirilmiş viza rejiminə keçidi Rusiyanı meydanda təkləmişdi. Belə olan halda Rusiya üçün ilk növbədə şikar Ukrayna oldu.
Ukrayna və Azərbaycan təhlükəsi
Bu gün ekspertlər də açıq şəkildə bəyan edirlər ki, Rusiya regionda gücünü qorumaq üçün ilk növbədə Ukrayna və Azərbaycanı ələ almalıdır. Nəyə görə? İlk növbədə ona görə ki, Ukrayna Avropanın regiona daxil olması üçün ən strateji bir xətdir. Ukraynanın bütövlükdə Avropaya üz tutması gələcəkdə Belorusiyanında əldən çıxması və Rusiyanın özünündə qərbləşməsi demək olacaq. ABŞ-in keçmiş dövlət müşaviri Bzejinskidə dəfələrlə açıq şəkildə bəyan edib ki, Rusiyanın demokratikləşməsi üçün ilk növbədə Ukraynanın Avropaya üz tutması vacibdir. Hətta buda söylənilir ki, Ukrayna Avropa Birliyinə daxil olarsa 5 ildən sonra Rusiyada mövcud hakimiyyət dəyişəcək və bununla da imperiya arzusu aradan qalxacaq. Rusiya bütün bunları hesabladı və nəticədə hələ ki, Ukraynanı öz tərəfinə çəkə bildi. Bunun üçün isə Ukraynaya 10 milyard dollar kredit ayrıldı və enerji resurslarının satışında 35 faiz güzəşt edildi. Bu isə kifayət qədər böyük məbləğdir. Hesab etmək olar ki, Ukrayna prezidenti əldə etdiyi bu üstünlüklərlə müxalifətin mövqeyini xeyli zəiflədə biləcək. Bununla yanaşı Rusiya üçün ümdə olan məsələlərdən ikincisi isə Azərbaycandır. Rusiya bütün imkanlarını səfərbər edərək hazırda Azərbaycana da bir dəfəlik əl qoymaq istəyir. Azərbaycan nədən Rusiya üçün lazımlı nöqtəyə çevrilib? Ekspertlər hesab edir ki, bu məsələdə ilk məqam Azərbaycanın bölgədə lider olmasıdır və Gürcüstanı tam olaraq təsirində saxlamasıdır. Hətta 5 il öncə Rusiya Gürcüstanı tam blokadaya salıb,enerji resurslarından məhrum edib diz çökdürdüyü zaman Azərbaycan məsələyə müdaxilə etdi və Gürcüstan faktiki olaraq öz müstəqilliyini qoruyub saxlaya bildi. Buna görə Rusiya hesab edir ki, Azərbaycanın ələ keçirilməsi faktiki olaraq Gürcüstanında ələ keçməsi deməkdir. Başqa bir səbəb isə budur ki, hazırda Azərbaycan Avropanı Rusiyanın aslılığından demək olar ki, müəyyən faiz xilas edə bilib. Belə ki, hazırda Azərbaycan qərbin enerji təhlükəsizliyi məsələsində mühüm rol oynayır və bu Rusiya siyasətinə ağır zərbə vurmaq deməkdir. Buna görə də Rusiya Azərbaycan maraqlarından əl çəkə bilmir. Bu günlərdə Azərbaycanın “Şahdəniz-2” layihəsini həyata keçirtməsi isə Rusiya üçün daha ağır zərbə oldu.
Yeni ittifaq və son həmlə
Rusiya isə artıq gecikmək niyyətində deyil və Avrasiya İqtisadi İttifaqını yaratmaq üçün həlledici addımlarını atır. Belə ki, Moskvada dekabrın 24-də Rusiya Belorus və Qazaxstanın prezidentlərinin iştirakı ilə Avrasiya İqtisadi ittifaqının Ali İqtisadi Şurasının iclası keçiriləcək. Vladimir Putin, Nursultan Nazarbayev və Aleksandr Lukaşenko Gömrük İttifaqı və Vahid İqtisadi Məkana üzv ölkələrin inteqrasiyası üçün əsas istiqamətləri müzakirəyə çıxaracaq.İclasda eyni zamanda 2015-ci il yanvarın 1-dən qüvvəyə minəcək Avrasiya İqtisadi İttifaqı ilə bağlı son proseslər haqqında fikir mübadiləsi aparılacaq.Prezidentlər Qırğızıstan və Ermənistanın Avrasiya Birliyinə qoşulması üçün “yol xəritəsi”nin hazırlanması ilə bağlı müzakirələri də planlaşdırlıb.İclasın yekununda vahid gömrük sistemi ilə bağlı birgə sənədlərin imzalanması nəzərdə tutulub. Sammitdə Ermənistan prezidenti Serj Sərkisyanın da iştirakı gözlənilir Xatırladaq ki, sonuncu Minsk konfransında Rusiya prezidenti V. Putin bəyan edib ki, “Gömrük İttifaqının və Vahid İqtisadi Məkanın yaradılması üçün lazım olan hüquqi baza artıq başa çatmaq üzrədir”. “Avrasiya İqtisadi İttifaqının yaradılması barədə saziş isə razılaşmanın final mərhələsindədir”-deyə Putin bildirmişdi. Minskdə keçirilən iclasda Rusiya, Belorus və Qazaxıstan prezidentləri Gömrük İttifaqı və Vahid İqtisadi Məkanın yaradılmasına mane olan məhdudiyyətləri ləğv etmək barədə razılıq əldə ediblər. N. Nazarbayev bildirib ki, Belarus, Rusiya və Qazaxıstan 2014-cü ilin mayında Avrasiya İqtisadi İttifaqının yaradılması barədə müqavilə imzalayacaq. Ekspertlər hesab edir ki, çox böyük ehtimal ki, yaxın 2-3 ay ərzində Ukraynada bu ittifaqa qoşulsun. Çünki bu qədər pul Ukraynaya heç nədən verilməyib.
Ermənistan bəlas
Belə olan halda meydanda yalnız Azərbaycan qalacaq. Azərbaycana isə təzyiqlərin növbəti dalğası yaxınlarda başlayacaq və bu iş üçün Ermənistandan ciddi şəkildə istifadə olunacaq və bu təzyiqlər hətta hərbi toqquşmalarla müşahidə oluna bilər. Başqa cür desək Dağlıq Qarabağ problemi yenidən aktivləşəcək. Elə buna görə də Rusiya bir il ərzində Ermənistana ağılasığmaz həddə hərbi texnika verib və Ermənistandakı bazasını kifayət qədər böyüdüb. Gəlin son bir ildə öz bazasına əlavə etdiyi silahlara baxaq. 102-ci bazanın hərbi qulluqçularının sayı hazırda 4,5 min nəfərdir. Qruplaşmanın tərkibinə üç motoatıcı və bir artilleriya polku, həmçinin tank batalyonu, 74 tank, 17 BMP, 148 BTR və 84 artilleriya qurğusu, o cümlədən “Smerç” və “Qrad” reaktiv artilleriya qurğuları daxildir.Bu yaxınlarda bazanın silahlarına “İsgəndər-M” və “Tornado-Q” operativ-taktiki raket kompleksləri də əlavə olunub. Bu komplekslər 500 kilometr məsafədə hədəfə dəqiq zərbə endirir. Bazanın hava hücumundan müdafiə qüvvələrinə 988-ci zenit polku daxildir. Polkun sərəncamında “S-300V”, “Buk-M1-2” kompleksləri daxildir.Ermənistandakı Rusiya qüvvələrinin bir hissəsi də İrəvan yaxınlığındakı “Erebuni” aeroportunda cəmləşdirilib. Orada modernizə olunmuş “MiQ-29” qırıcıları yerləşdirilib. Putinin səfəri ərəfəsində aeroporta 18 döyüş vertolyotu da gətirilib. Amma məsələ bununla bitmir. Artıq belə açıqlamalarda verilir ki, Rusiya Ermənitandakı bazasına 40 min heyət gətirəcək. Bu isə demək olar ki, Ermənsitan ordusundan çoxdur. Sözsüz ki, sabah müharibə olarsa bu qüvvələr Azərbaycana qarşı yönləndiləcək. Maraqlıdır, bəs Avropa Birliyi Rusiya təcavüzünə qarşı hansı real addımlar ata bilər?
Azərbaycana dəstək
qaçılmazdır
Ekspertlər hesab edir ki, hazırda Avropa Birliyinin tutduğu xətt o qədər də uğurlu deyil. Belə ki, bir tərəfdən Ukraynanı Avropa Birliyinə dəvət edirlər, bu biri tərəfdən isə Ukraynanın maliyyə krizisindən çıxmasına dəstək olmur, Dünya Bankı çox ağır şərtlərlə kredit verməyə hazır olduğunu bildirir. Rusiya isə bundan fərqli olaraq heç bir önləyici şərt irəli sürmədən Ukraynaya istədiyini verir. Demək olar ki, eyni proses Azərbaycanla da bağlı aparılır. Ermənistan açıq şəkildə Avropadan imtina edir və bunun qarşılığında qərb Ermənistana yenə də dəstək əlini uzadır. Azərbaycana gəldikdə isə yenə də ikibaşlı siyasət yürüdülür. Amma hesab edilir ki, indi durum elədir ki, Avropa Azərbaycanla münasibətlərdə korrektələrə yol verəcək. Çünki Azərbaycan, daha doğrusu İlham Əliyev Rusiyanın təzyiqlərinə baxmayaraq “Şahdəniz-2” layihəsini həyata keçirtməsi sübut etdi ki, qərblə müttəfiqlikdə maraqlıdır və təzyiqlərdən çəkinmir. Məhz bu addımdan sonra Avropanın aparıcı dövlətlərinin xarici işlər nazirləri Azərbaycanla bağlı aydın fikirlərini bildirdilər və İlham Əliyev hakimiyyətinə açıq dəstəklərini göstərdilər. Bundan başqa layihənin reallaşmasına görə ABŞ prezidenti Barak Obamada İlham Əliyevin ünvanına xoş məramlı məktub göndərdi. Müşahidəçilər bildirir ki, bu gün Avropa Rusiyanın regionu udmasını istəmirsə ilk növbədə Azərbaycana açıq dstəklərini verməlidirlər. Əks təqdirdə Azərbaycanın Rusiya ilə ortaq məxrəcə gəlməsi prosesi baş verə bilər ki, bununla da oyun sona çata bilər.
Son nəfəs
Ekspertlər hesab edir ki, regionun geopolitik tablosunu yaradan da ABŞ-in qərbdən kənarda yürütdüyü siyasətə də önəm vermək lazımdır. Bu siyasəti isə yürüdən Türkiyədir. Türkiyə son 3 ildir ki, kifayət qədər aktiv bir siyasi xətt yürüdür və əsas məqsədi Ermənistanla münasibətləri tam bərpa edərək bütün rıçaqları öz əlində saxlamağa çalışırdı. Amma Əhməd Davudoğlunun Ermənistana səfəri sübut etdi ki, bu baş tutan məsələ deyil. Bundan başqa Türkiyənin bu günlərdə daxilində baş verənlər durumu kökündən dəyişdi. Belə ki, nurçularla üz-üzə gələn baş nazir Rəcəb Tayyib Ərdoğan ciddi zərbələr almaqdadır. Artıq 4 naziri istefa ərizəsi yazıb, qardaşının pornoqrafik kaseti yayımlanıb və məsələ heç də bununla tamamlanmayacaq. Bütün bunlar isə Türkiyənin həm apardığı xarici siyasətə, həm də öz daxili imicinə ağır zərbə oldu. Hesab etmək olar ki, Türkiyənin başı özünə qarışdığından Rusiya manevr imkanlarını daha da artıracaq. ABŞ isə region siyasətini Türkiyə üzərindən yönəltdiyi üçün indi çıxılmaz duruma düşüb. Ekspertlər hesab edir ki, Türkiyə bununla siyasətində tam iflas oldu və yenidən ayağa qalxması üçün illər lazım olacaq. Çünki Türkiyə parlament seçkilərinə hazırlaşır və son baş verənlər mövcud hakimiyyətin qələbəsini əlindən alacaq. Müxalifətin hakimiyyətə gəlməsi isə xarici siyasətdə ciddi dönüşlər yaradacaq. Ən azından Ermənistanla bağlı aparılan siyasi kurs tamamı ilə dondurulacaq və bunun qarşılığında Azərbaycan-Gürcüstan-Türkiyə müttəfiqliyi formalaşacaq. Eyni zamanda İranla yaradılan sıcaq münasibətlərdə kifayət qədər soyuyacaq. Beləliklə region uğrunda savaş hələ bir müddət davam edəcək və kimin qələbə qazanması hələ ki, tam müəyyən edilmir.
Mehdi Əli
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53