Avropanın enerji xəritəsini artıq Azərbaycan müəyyənləşdirir
11:05 20-12-2013
İQTİSADİYYAT
Avropanın enerji xəritəsini artıq Azərbaycan müəyyənləşdirir
Prezident İlham Əliyev növbəti dəfə əfsanəni gerçəyə çevirdi
Əsrlər boyu zəngin təbii sərvətləri ilə dünyada tanınan, ən müxtəlif dövlətlərin iqtisadi maraq dairəsinə daxil olan Azərbaycan məhz Heydər Əliyev dühasının müəyyən etdiyi praqmatik konsepsiya əsasında təbii sərvətlərinə sahiblik hüququnu təsdiqləmişdir. Hələ ötən əsrin 70-80-cı illərində - respublikamızın müəyyən təkamül yolu keçmiş neft sənayesinin dirçəlişi və müasir texnologiyalar əsasında inkişafı üçün bir sıra zəruri tədbirlər həyata keçirən, bu sahədə elmi tədqiqatları stimullaşdırmaqla Bakını "Neft Akademiyası"na çevirən Heydər Əliyev müstəqil Azərbaycana rəhbərliyi illərində bu uğurlu bünövrə üzərində yeni neft strategiyasını reallaşdırmağa müvəffəq olmuşdur.
Milli maraqlara
əsaslanan enerji
diplomatiyası
1994-cü ilin aprelində diplomatiya sahəsində zəngin bilikləri olan, biznes mühitinin incəliklərini dərindən mənimsəyən İlham Əliyevin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin beynəlxalq əlaqələr üzrə vitse-prezidenti təyin edilməsi xalq və dövlət naminə düzgün seçim olmaqla, ulu öndərin Qərb şirkətləri ilə aparılacaq danışıqlara necə böyük əhəmiyyət verməsinin əyani göstəricisi idi. Səlahiyyətlərinin icrasına inamla başlayan İlham Əliyev Azərbaycanın mənafeyini əks etdirən yeni neft strategiyasının hazırlanması prosesində ulu öndərin ən etibarlı, işgüzar və bacarıqlı köməkçisinə çevrildi. Onun üzərinə bütün mövcud çətinliklərin öhdəsindən gəlmək, neft müqavilələrində Azərbaycanın milli mənafelərinin maksimum səviyyədə qorunmasına nail olmaq kimi tarixi missiya düşmüşdü. Bu vəzifəyə təyinatından cəmi iki həftə sonra neft müqaviləsi layihəsinin hazırlanması məqsədilə əvvəl Türkiyəyə, sonra isə ABŞ-ın Hyuston şəhərinə yola düşən İlham Əliyev diplomatik bacarığını yüksək səviyyədə nümayiş etdirərək Qərb şirkətlərində inam və etimad formalaşdırmağa nail oldu. Bu fakt bir daha təsdiqlədi ki, İlham Əliyev ən çətin, mürəkkəb situasiyalarda belə ölkənin milli mənafelərini layiqincə müdafiə etməyə qadirdir.
Azərbaycan rəhbərliyi həmin illərdə heç bir səhvə yol vermədən nüfuzlu Qərb şirkətləri ilə aparılan danışıqların uğurlu məntiqi sonluqla yekunlaşmasına nail oldu. 1994-cü ilin 20 sentyabrında Bakıda dünyanın 11 transmilli neft şirkətinin iştirakı ilə çağdaş tariximizə "Əsrin müqaviləsi" adı ilə düşmüş qlobal neft müqaviləsinin təntənəli imzalanma mərasimi keçirildi. Bununla da Azərbaycan MDB məkanında Qərbin iri neft şirkətləri ilə irimiqyaslı saziş imzalayan ilk dövlət olmaqla, Xəzər dənizində beynəlxalq əməkdaşlığın bünövrəsini qoydu. Ulu öndər Heydər Əliyev o dövrün böhranlı sosial-iqtisadi şəraitində növbəti dəfə böyük siyasi iradə, dəqiq iqtisadi hesablama və müdriklik nümayiş etdirərək, müstəqil Azərbaycanın yeni neft strategiyasını irəli sürmüş, buna qarşı yönəlmiş bütün maneələri mətinliklə dəf etmişdir. Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri", "Çıraq", Günəşli" yataqlarının birgə mənimsənilməsini nəzərdə tutan sazişin reallaşması təkcə respublikamız üçün deyil, Qərbin bir sıra aparıcı dövlətləri, habelə Cənubi Qafqaz və Orta Asiya regionu üçün strateji əhəmiyyət daşıyırdı. Regionda beynəlxalq əməkdaşlığın təməlini qoymuş bu qlobal enerji müqaviləsi, eyni zamanda Azərbaycanın müstəqil dövlət olaraq öz təbii sərvətlərinə sahib çıxmaq, milli mənafelərini, iqtisadi və strateji maraqlarını sonadək müdafiə etmək əzmində olduğunu təsdiqlədi. Regionda digər qlobal enerji və kommunikasiya layihələrinin gerçəkləşdirilməsi anlamında da müsbət presedent yarandı, Azərbaycanın Qərb dövlətləri ilə münasibətləri strateji müstəvidə inkişaf etməyə başladı.
"Əsrin müqaviləsi" -
gələcəyə hesablanmış müdrik qərar
"Əsrin müqaviləsi"nin imzalanması ilə Xəzərdə maraqları təmin olunmuş bəzi aparıcı Qərb dövlətlərinin, o cümlədən ABŞ-ın Azərbaycanla bütün sahələrdə genişmiqyaslı əməkdaşlığa marağı artdı, beynəlxalq maliyyə qurumları ilə əməkdaşlıq sahəsində tamamilə yeni mərhələnin başlanğıcı qoyuldu. Bu müqavilə respublikamızın dövlət müstəqilliyinin mühüm təminatına çevrilməklə, azad iqtisadi mexanizmlərin tətbiqini və dünya iqtisadiyyatına dinamik inteqrasiyasını təmin etdi. Yeni neft strategiyasının uğurları Azərbaycanın Avratlantik məkana inteqrasiya prosesini sürətləndirdi, respublikamıza sərmayə qoyulması sahəsində ciddi dönüş yaratdı.
"Əsrin müqaviləsi"nin imzalanmasından sonra dünyada əsas enerji mənbələrinə nəzarət uğrunda mübarizənin kəskinləşməsi sözügedən müqavilə çərçivəsində hasil olunacaq milyonlarla ton xam neftin hansı əsas marşrutla Qərb bazarlarına nəql ediləcəyi məsələsini də başlıca mübahisə predmetinə çevirmişdi. Bununla bağlı fərqli təklif və ideyalar təkcə layihənin iştirakçısı olan dövlətlərin iqtisadi deyil, həm də təhlükəsizlik maraqlarından irəli gəlirdi. Mümkün marşrutlar içərisində hansının siyasi, kommersiya, iqtisadi, ekoloji və təhlükəsizlik baxımından daha əlverişli olması uzun müddət dünya siyasətinin aparıcı mövzusuna çevrildi. Lakin ulu öndər Heydər Əliyevin iradəsi, prinsipial və qətiyyətli mövqeyi, habelə o zaman ARDNŞ-in birinci vitse-prezidenti vəzifəsində çalışan İlham Əliyevin danışıqlar prosesində nümayiş etdirdikləri diplomatik məharət, tərəfdaşı inandırmaq bacarığı sayəsində Azərbaycan neftinin nəqli marşrutları barədə optimal qərarlar qəbul olundu.
1996-cı ilin yanvar ayında "Azərbaycan neftinin Bakı-Novorossiysk marşrutu ilə nəql edilməsi haqqında" Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında hökumətlərarası saziş imzalandı, 1997-ci ilin oktyabrında həmin xətt istifadəyə verildi. 1997-ci ildə Azərbaycan və Gürcüstan hökumətləri arasında neftin Qara dənizə çıxarılması üçün Bakı-Tbilisi-Supsa marşrutu ilə nəqlini nəzərdə tutan saziş imzalandı. 1999-cu ilin 17 aprelində müstəqil respublikamızın tarixində daha bir əlamətdar hadisə yaşandı - Azərbaycan, Gürcüstan və Ukrayna prezidentlərinin iştirakı ilə uzunluğu 850 km, illik buraxılış qabiliyyəti 5 milyon ton olan Bakı-Supsa neft kəməri və Gürcüstanın Qara dəniz sahilindəki Supsa ixrac terminalı istismara verildi.
Bununla belə, həmin kəmərlər də Azərbaycanın getdikcə artan ehtiyaclarını tam ödəmək iqtidarında deyildi. "Əsrin müqaviləsi" çərçivəsində neft hasilatının çoxalması əsas ixrac boru kəmərinin qısa zamanda inşasını da zərurətə çevirdi. Ulu öndər Heydər Əliyev bununla bağlı müdrik və uzaqgörən qərarını hələ ötən əsrin 90-cı illərinin ortalarında vermiş, Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ideyasını ilk dəfə olaraq gündəmə gətirmişdi. Azərbaycan xalqının mənafelərini daim uca tutan Heydər Əliyev sonrakı mərhələdə də böyük ustalıqla həmin kəmərin alternativsizliyini "Əsrin müqaviləsi"ndə iştirak edən şirkətlərə, habelə onların təmsilçisi olan dövlətlərə qəbul etdirə bilmişdi.
1998-ci ilin 29 oktyabrında ümummilli liderin təşəbbüsü ilə Azərbaycan, Türkiyə və Gürcüstan prezidentləri BTC-nin tikintisi ilə bağlı "Ankara bəyannaməsi" imzaladılar. BTC-nin reallaşması "Əsrin müqaviləsi"nin imzalanmasından sonra Azərbaycan üçün ikinci mühüm tarixi əhəmiyyət kəsb edən hadisə oldu. 2002-ci il sentyabr ayının 18-də Səngəçal terminalında Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəmərinin təməlqoyma mərasimi keçirildi. 2006-cı il mayın 28-də Azərbaycan nefti Ceyhan limanına çatdı. Bu hadisə ümummilli lider Heydər Əliyevin yeni neft strategiyasının əməli nəticəsi olmaqla, bu strategiyanı uğurla davam etdirən Prezident İlham Əliyevin əfsanənin reallığa çevrilməsində göstərdiyi fədakarlığın məntiqi nəticəsi idi. Nəhayət, 2006-cı il iyulun 13-də Türkiyənin Ceyhan terminalında hər üç dövlətin prezidentlərinin iştirakı ilə BTC-nin tam istismara verilməsi ilə bağlı təntənəli tədbir təşkil olundu. Beləliklə, kimlərinsə bir vaxtlar əfsanə hesab etdiyi bu strateji layihə "Əsrin müqaviləsi"nin imzalanmasının 12-ci ildönümü ərəfəsində gerçəkliyə çevrildi.
Əfsanədən gerçəyə
Azərbaycanın qlobal layihələrin həyata keçirilməsində əsas tərəf kimi beynəlxalq iqtisadi-siyasi proseslərdə aparıcı qüvvəyə çevrilməsi rəsmi Bakının mövqelərinin güclənməsi ilə müşayiət olunur. Prezident İlham Əliyev əməli addımları ilə hər bir fərdin maraq və mənafelərinin qorunmasına dövlət təminatının olduğunu praktik surətdə təcəssüm etdirir.
Bu gün Azərbaycan regionda hansısa ölkədən enerji asılılığı olmayan yeganə respublikadır. Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri dünya miqyaslı layihələr olmaqla, Azərbaycanın enerji təhlükəsizliyinə geniş imkanlar açır. Bu layihələr respublikamızın müstəqilliyini daha da möhkəmləndirir, regionda müstəqil siyasət aparmasını təmin edir. Azərbaycan dünyaya qaz nəql edən ölkə kimi də tanınmaqdadır. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin istifadəyə verilməsi Azərbaycanın müasir Avropanın və dünyanın enerji təhlükəsizliyindəki rolunu da əhəmiyyətli dərəcədə artırmışdır. Xatırladaq ki, 1999-cu ildə kəşf olunan "Şahdəniz" yatağının işlənməsinin birinci mərhələsi çərçivəsində 2006-cı ildən Gürcüstan və Türkiyəyə qaz ixrac edilir. "Şahdəniz" yatağının işlənilməsinin ikinci mərhələsi və "Cənub" qaz dəhlizi layihələri isə dünyanın neft-qaz sənayesində indiyə qədər həyata keçirilmiş ən böyük və mürəkkəb layihələrdən hesab olunur.
2011-ci ildə Azərbaycan ilə Avropa İttifaqı arasında strateji enerji əməkdaşlığına dair memorandum imzalanmışdır. Bu da öz növbəsində ölkəmizin enerji strategiyasının həyata keçirilməsinə və Avropa istiqamətində enerji təchizatının şaxələndirilməsinə yardım etmişdir. Ötən il Türkiyə ilə Trans-Anadolu boru kəməri - TANAP-a dair tarixi saziş imzalanmış, TAP layihəsi əsas ixrac marşrutu seçilmişdi. İlkin mərhələdə Azərbaycan qazının daşınması "Şahdəniz-2" layihəsinin hasilatı hesabına olacaqdır. Təbii qazın nəqli ilk mərhələdə 15-16 milyard kubmetrlə başlanacaqdır. 2018-ci ildə Türkiyəyə 6 milyard kubmetr, 2019-cu ildə isə Avropaya 10 milyard kubmetr qaz nəql olunacaq. 2025-ci ilədək Azərbaycan qaz ixracatını 40-50 milyard kubmetrə çatdıracaqdır.
XX Əsrin müqaviləsindən XXI Əsrin
müqaviləsinə uzanan yol
Dekabrın 17-də Bakıda, Heydər Əliyev Mərkəzində "Şahdəniz-2" üzrə yekun investisiya qərarının imzalanması mərasimi keçirildi. Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva, bir sıra ölkələrin dövlət və hökumət başçıları mərasimdə iştirak etdilər.
"Şahdəniz-2" layihəsi Azərbaycan və Gürcüstan ərazisi boyunca Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsinə xidmət etməklə Trans-Anadolu və Trans-Adriatik qaz boru kəmərlərinin tikintisi ilə bağlı planların reallaşmasına təkan verəcək, Avropaya yeni qaz dəhlizi açacaq. Layihə çərçivəsində 26 sualtı quyunun qazılması, həmçinin körpü ilə birləşdiriləcək 2 platformanın tikintisi, Səngəçalda isə yeni texniki emal və kompressor qurğularının inşası nəzərdə tutulur. 3500 kilometr məsafədə nəql olunacaq qaz Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, İtaliya və digər ölkələrdə milyonlarla istehlakçını təmin edəcək. Proqnozlara görə, Azərbaycanın qaz ehtiyatı 3 trilyon kubmetrə bərabərdir "Şahdəniz-2", TANAP və TAP dünyanın ən iri enerji layihələrindən sayılır. Layihəyə 45 milyard dollar məbləğində sərmayə cəlb ediləcək, marşrut boyu yerləşən ölkələrdə 30 mindən çox yeni iş yeri yaradılacaq.
Tərəfdaşlıq münasibətləri digər bazarlara da Azərbaycanın işlənilməkdə olan böyük qaz ehtiyatları ilə asanlıqla əlaqə yaratmaq üçün böyük imkanlar vəd edir. "Mərhələ-2" çərçivəsində işlənilməsi planlaşdırılan "Şahdəniz"in əlavə ehtiyatlarından, bu yaxınlarda Xəzərdə kəşf edilmiş "Abşeron" və "Ümid" yataqlarının, "Azəri-Çıraq-Günəşli" yataqlar blokundakı dərin qaz ehtiyatlarının, olduqca perspektivli "Şəfəq-Asiman", "Babək", "Zəfər-Məşəl" və başqa strukturların potensialından tam istifadə ediləcək.
Prezident İlham Əliyev mərasimdə deyib: "Şahdəniz-2 dünyanın ən iri enerji layihələrindən biridir. Bu layihə enerji təhlükəsizliyi və enerjinin şaxələndirilməsi layihəsidir. Bu tarixi layihədə iştirakçı dövlət və şirkətlərin geniş əməkdaşlığı təmin ediləcəkdir. Lakin bu gün mən 19 il öncəyə - Azərbaycanın enerji strategiyasının yarandığı 1994-cü ilə dönmək istəyirəm. Biz buna ümummilli lider Heydər Əliyevin müdrikliyi və uzaqgörənliyi nəticəsində nail olmuşuq. Müstəqillik əldə etdikdən sadəcə 3 il, Azərbaycanda vətəndaş müharibəsinin bitməsindən bir il, Ermənistanla müharibədə atəşkəsin əldə edilməsindən yalnız 4 ay sonra Azərbaycan xarici tərəfdaşları ilə birlikdə "Əsrin müqaviləsi"ni imzalamışdır. Bu hadisə ilk dəfə Xəzər dənizini xarici sərmayələrə açmışdır və ölkəmizin uğurlu iqtisadi inkişafını təmin etmişdir. Həmin müqavilə XX əsrin müqaviləsi adlandırılmışdır. "Şahdəniz" isə düşünürəm ki, XXI əsrin müqaviləsi olacaqdır".
İstehsal etdiyi xam nefti Qərb bazarlarına ixrac edən Azərbaycan böyük iqtisadi dividendlərə nail olmuşdur. Neft gəlirlərinin iqtisadiyyatın digər vacib sahələrinə, xüsusən də qeyri-neft sektoruna, istehsal sahibkarlığına yönəldilməsi, yeni müəssisələrin açılması yolu ilə işsizlik probleminin aradan qaldırılması, bir sözlə, əhalinin sosial müdafiə tədbirlərinin gücləndirilməsi Prezident İlham Əliyevin ilk gündən hökumət qarşısında müəyyənləşdirdiyi mühüm vəzifələrdəndir. Dövlət başçısının işlək mexanizmlər üzərində gerçəkləşdirdiyi uğurlu sosial-iqtisadi islahatların nəticəsi olaraq bu gün Azərbaycan dünyanın ən sürətlə inkişaf edən ölkələrindən birinə çevrilmişdir. Neft strategiyasının uğurları bu gün artıq hər bir vətəndaşın həyatında qabarıq hiss edilir və Azərbaycanın davamlı yüksəlişinə geniş imkanlar açır. Neft strategiyasının uğurlu göstəricilərindən biri də 2014-cu ilin dövlət büdcəsində özünü göstərir. Dövlət büdcəsində sosialyönümlü xərclərin ildən-ilə artması da neft gəlirlərinin sosial rifah amilinə xidmət etdiyini göstərir.
Prezident İlham Əliyev "Şahdəniz-2" üzrə yekun investisiya qərarının imzalanma mərasimində bildirib: "Azərbaycanın enerji siyasəti iqtisadiyyatımızın transformasiyasına və şaxələndirilməsinə imkan yaratmışdır. Biz müstəqilliyimizi bərpa etdiyimiz dövrdə özəl sektordakı ümumi daxili məhsul sıfır faizə bərabər idi. Bu gün isə özəl sektor iqtisadiyyatımızın 85 faizini təşkil edir. Biz işsizlik səviyyəsini 4,8 faizə endirmişik. Yoxsulluq səviyyəsi 5,5 faizə endirilmişdir. Bizim xarici borcumuz ümumi daxili məhsulun sadəcə 8 faizini təşkil edir. Nəhayət, maliyyə vəziyyəti sabitdir və biz iqtisadiyyatımızın 55 faizini təşkil edən qeyri-neft sektoruna yatırımlar etməkdəyik.
Bu səbəbdən enerji siyasəti, beynəlxalq təsisatlarla sıx əməkdaşlıq, şaxələndirmə və şəffaflıq uğurlu inkişafın əsas elementlərindəndir. Düşünürəm ki, Azərbaycan neft bəlasına, məşhur "Holland sindromu"na tutulmamışdır. Biz neftin və qazın xalqın mənafeyinə necə xidmət etdiyinin nümunəsiyik. Əlbəttə ki, bunun başlıca səbəblərindən biri beynəlxalq əməkdaşlıq olmuşdur. Biz bu əməkdaşlığı yüksək qiymətləndiririk, çünki xarici şirkətlərin bilik və təcrübəsi bizim üçün çox əhəmiyyətlidir".
Alı
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53