Füzuli Ələkbərovun biznes imperiyası çökdürülür
11:44 21-12-2013
İQTİSADİYYAT
Füzuli Ələkbərovun biznes imperiyası çökdürülür
Keçmiş nazirin hansı şirkətləri təhlükə altına düşə bilər?
Xəbər verildiyi kimi, sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun biznes imperiyasına daxil olan "Turan Air" aviaşirkəti bütün müntəzəm uçuşları dayandırıb. 1994-cü ildən fəaliyyət göstərən aviaşirkət praktik olaraq sərnişin daşımaları bazarını tərk edib, amma rəsmi məlumat verməyib.
Aviaşirkət 2006-cı ilin iyulundan "SW Holding" şirkətlər qrupuna daxil olub və bir neçə "Tu-154" təyyarəsi olub. Yaxın vaxtlara kimi o, Bakıdan Kazan və Yekaterinburqa, Lənkərəndan Surquta uçuşlar həyata keçirib. Holdinqdən bildiriblər ki, reyslər sərnişin axınının azlığından dayandırılıb.
Beləliklə, hazırda yerli hava daşımaları bazarında "Azerbaijan Airlines" QSC və "Silk Way Business Avioation" qalıb. Sonuncunun 6 təyyarəsi var (Gulfstream - 550, Gulfstream - 450, Gulfstream - 200, Gulfstream - 280, Boeing-727-200 və ATR - 42- 500) və kommersiya uçuşları həyata keçirir (ayda təxminən 200 sərnişin) və ziyanla işlədiyi barədə hesabat verir. Amma "Silk Way Business Avioation" daha bir Gulfstream almaq üçün plan qurur.
Xatırladaq ki, 2009-cu ildə ilk özəl aviaşirkət olan "IMAIR" ("Improtex Group" şirkətlər qrupuna daxil olub) ləğv edilib. "İmprotex Group" isə Füzuli Ələkbərovun biznes imperiyasının əsas sütununu təşkil edir.
Yada salaq ki, F.Ələkbərovun oğlu Vüqar Ələkbərovun və qardaşıoğlunun adının bu ilin yanvarında İsmayıllı iğtişaşlarının törədilməsinə qarışdıqdan sonra hakimiyyətin gözündən düşüb. Bu ilin oktyabrında isə vəzifəsindən uzaqlaşdırılıb. Onun İsmayıllının icra başçısı olan qardaşı Nizami Ələkbərov rayondakı iğtişaşlardan sonra vəzifədən qovulmuşdu. Bu isə son bir neçə ayda Ələkbərovların ağır günlər yaşadıqlarının göstəricisidir.
Sabiq nazirə məxsus aviaşirkətin bağlanması artıq onun biznesinin də ciddi təhlükə altında olduğunu düşünməyə əsas verir. İstisna deyil ki, biz qarşıdakı mərhələdə onun digər şirkətlərinin də çöküşə başladığı barədə bilgilərin şahidi olaq.
Bu şirkətlərdən bəziləri haqqında məlumat verməyi lazım bilirik. Məsələn, keçmiş nazirin "İmproteks Motors" şirkəti 1998-ci ilin mart ayında BMW AG Konserninin Azərbaycanda rəsmi idxalçısı kimi yaradılıb. Şirkət Azərbaycanda 15 ilə yaxındır fəaliyyət göstərir. Çində, Birləşmiş Ərəb Əmirliklərində və Türkiyədə ofisləri və filialları var. Füzuli Ələkbərova məxsus "İmprotex Distribution Center" isə 2000-ci ildə yaradılıb. Şirkət əsasən istehlak mallarının, eləcə də xırda və iri məişət texnikasının satışı və yayılması ilə məşğuldur. Brook Bond çaylarının yayılması ilə öz fəaliyyətinə başlayan şirkət əhatə dairəsini genişləndirə bilib. Onun əməkdaşlıq etdiyi biznes qurumları içərisində Gillette Group kimi iri şirkətin adı daxil idi. Hazırda Unilever, Vestel, Scarlet, Philips kimi şirkətlərlə əməkdaşlıq mövcuddur. Şirkət əsasən Kosmetika - "Rexona", "Dove", "Axe" dezodorantları; "Lux", "Dove" maye və quru sabunları, saça baxım vasitələri - "Sunsilk", "Dove", "Timotei" şampun və kremləri, məişət kimyası - "Domestos", "OMO", ağız boşluğuna baxım vasitələri - "Pepsodent", "Signal" diş məsunları və diş fırçalarının satışı ilə məşğul olur.
Keçmiş nazirin daha bir şirkəti - "İmproteks Treydinq" müasir qadın geyimləri, mətbəx ləvazimatları, nüfuzlu İtaliya brendlərinin satışı ilə məşğuldur. Şirkət 1994-cü ildə yaradılıb. İdxal olunan mallar Bakı şəhəri ərazisində şirkətə məxsus olan "İmproşop" mağazalar şəbəkəsində realizə edilir. "İmprotex Treydinq" öz alıcılarına yüksək xidmət göstərir. "İmprotex Treydinq" şəbəkəsi İtaliya və Amerika brendlərinin xüsusi sifarişi ilə "Luisa Spagnoli" və "Soiree" qadın geyimləri təqdim edir. İtaliyadan ev və mebel aksessuarları istehsalı ilə məşğul olan -VG New trend, EDG, Villari, Le Bouquet, Pernici markaları, o cümlədən Fransa istehsalı olan mətbəx ləvazimatları "Luminarc", Çin istehsalı "Noritake", alman istehsalı "Seltmann" markalı malları alıcılara təqdim edir. Burada qiymətlər həddən artıq bahadır.
Ələkbərovun "İmprotex Marine & Sporta Facilities" şirkəti 2005-ci ilin avqust ayında yaradılıb. Şirkət dünya şöhrətli yapon ticarət markası -"Yamaha"nın rəsmi distribyutoru kimi fəal istirahət üçün geniş çeşiddə idman və dəniz avadanlıqları təklif edir. Şirkəti o cümlədən müxtəlif yelkənli qayıqlar, asma mühərriklər, hidrosikletlər, motosikletlər, qar motosikletləri, generatorlar və digər malların satışı və texniki xidmətiylə məşğuldur.
Bütün bunlar keçmiş nazirin biznes imperiyası haqqında məlumatların hamısı deyil. Onun nazir karyerasının sonuna çatmasından sonra biznesi barədə də bəd xəbərlərin gəlməyə başlaması Füzuli Ələkbərovun "İmprotex" şirkətlər qrupuna aid olan gəlir qaynaqlarını qarşıdakı dövrdə çətin anların gözlədiyini deməyə əsas verir.
Maraqlı olan isə sabiq "sosial müdafiə şefi"nin öz biznes imperiyasını bu təhlükədən necə xilas edəcəyidir. Hər halda yaşayıb görərik.
Günel Əkbər
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53